Bugünlərdə Finlandiyanın Raxkyulya və Yoensuu şəhərlərində folklor musiqisi festivalları keçirilib. Tanınmış azərbaycanlı pianoçu Kamal Aşurbəyov, skripkaçı Vasile Pantiri və akkordeonçu Art Takkonenin daxil olduğu üçlüyün çıxışı festivalın qonaqları üçün xüsusilə yaddaqalan olub.
Bu trionun iştirakçıları müxtəlif ölkələrin nümayəndələridir: K.Aşurbəyov Azərbaycanı, A.Takkonen Finlandiyanı, V.Pantirin isə Rumıniyanı təmsil edir. Onları birləşdirən musiqidir.
Həmvətənimiz Kamal Aşurbəyov AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində deyib ki, folklor musiqisinin ifasına əvvəlcədən hazırlaşmaq mümkün deyil. Hər şey məhz səhnədə, sanki öz-özünə yaranır.
K.Aşurbəyov qeyd edib ki, bu festivalın konsert proqramı sayəsində nəhayət, uşaqlıq illərindən onu narahat edən bir istəyinə çatıb. Proqrama Azərbaycan bəstəkarlarının əsərləri daxil idi. Finlandiyalı tamaşaçılar Tofiq Quliyevin “Ləzginka” əsərini dinləyiblər. Azərbaycanlı pianoçu etiraf edir ki, uşaqlıq illərində “Ləzginka” əsərini dinləyərkən bu qədər intensivliyi və ritmi, bu canlı və pozitiv musiqini bir əsərdə necə cəmləşdirmək mümkün olduğunu anlaya bilmirdi.
K.Aşurbəyov deyir: Mən indiyə qədər Azərbaycan bəstəkarlarının musiqisini Finlandiyada ifa etməyə fürsət tapmamışdım. Bu dəfə isə bizim musiqini bütün konsert proqramının repertuarına bu cür uyğunlaşdırmaq üçün münasib şərait yarandı. Xoşbəxtəm ki, Azərbaycanın bənzərsiz, qəlbəyatan melodiyalarını finlandiyalı dinləyicilərə çatdıra bildim”.
Rumıniyalı skripkaçı V.Pantirin də söhbətə qoşulur: “Bizim ifa etdiyimiz musiqi Dunaydan Azərbaycana qədər geniş ərazidə yerləşən ölkələrə aiddir”.