22 Oktyabr 2016 10:06
2 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış yazıçı Etimad Başkeçidlə müsahibəni təqdim edir:

– Etimad müəllim, sizin uşaqlığınız harda keçib, necə keçib, o illər haqqında düşünəndə əsasən nələri xatırlayırsınız?

– Elə sual verirsən, adam özünü lap böyük sənətkar sayır...

– Böyüksünüz...

– Uşaqlığım Başkeçiddə keçib. Təbii ki, çoxları kimi, mənim də o illər üçün burnumun ucu göynəyir. Bu yaşımda gəldiyim bir qənaət var: xatirələrin yaxşısı, pisi olmur, hamısı kədərlidir. Xoş xatirələrdən dodağın qaçır, amma ardınca düşünəndə ki, bunları bir daha yaşamaq mümkün deyil, hər şey öz məcrasına qayıdır. Bu suala cavab kimi bir şeirim var, istərsən onu deyim.

– Buyurun...

– Hafizəm o qədər azalıb, o qədər pozulub ki,

Başkeçidi çox zor xatırlayıram doğrusu-
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən
gözümü axıdıb aparır axar su.

öz kölgəsinə çəkilir Əyriqar, Şamdüyə,
qoyun sürüsünə dalıb, yox olur yağmurlar,
nənəm bir çimdik duz atır yağış suyuna
canavar qoyunları aparmasın deyə.

xatırla!
xatırlamağa çalışıram, qaşlarım
çatılır, alnım düyülür, düyümlənir,
bu yalançı güzgü güzgümü, yoxsa
Başkeçidin xatirimdə olmayan yerləri?

hafizəm o qədər azalıb, o qədər pozulub ki,
Başkeçidi çox zor xatırlayıram doğrusu.
Xram çayı uzun bir titr kimi
gəlib keçir gözlərim önündən,
əksimi götürüb aparır axar su.

– Uşaq vaxtı xüsusi həvəs göstərdiyiniz oyunlar vardımı? Məsələn, futbol, voleybol, klas-klas...

– Mən yaxşı futbol oynayıram, hətta institutun futbol komandasının kapitanı olmuşam. Uşaqlıqda güləşlə məşğul olurdum, dərəcəm də var. Şair demiş: «Demə şairinki dil davasıdı, şapalaq vurmağa qolumuz da var…» Kənddə ən populyar oyun «Dirədöymə»ydi. Bilmirəm, indi oynayırlarmı, amma çox ağrılı oyundur.

– Ata-ananız nə işlə məşğul olurdu?

– Atam müəllim idi, kimya müəllimi. Anam isə adını sovxoza yazdırmışdı, amma işləmirdi. Bir-birindən balaca beş uşağa baxmaq elə işdi də.

– Orta məktəbdə xaraktercə necə şagird olmusunuz? Davakar, nadinc, yoxsa sakit, təmkinli?

– Bunların heç birindən deyildim. Məktəbdə özümü yaxşı aparmağa çalışırdım, müəllim oğlu kimi. Boynuma düşmüşdü. Kənarda isə hamı kimi – uşaqlarla birgə qonşuların bağına alma oğurluğuna gedirdik, o biri məhlənin uşaqlarıyla dalaşırdıq, axşamlar mələfə bürünüb, qəbirstanlıqda gizlənir, gəlib-gedəni qorxudurduq… İndi, əlli yaşımda qəbirstanlıqda vahimələnirəm, amma onda ilanboğan vaxtlarımız idi…

– Heç dərsdən qaçmamısınız?

– Yox, mənə dərsdən qaçmaq olmazdı.

– Niyə?

– Atam məktəbin rəhbəriydi, gərək ona dəstək olaydım, o biri uşaqlara pis nümunə göstərməyəydim.

– Yəqin orta məktəb sevgiləriniz olub. Qız üstünə davalar, sevgi xatirələri...

– Sevgilər olub, amma elə bir macərası yoxdur, yəni məktublaşmadan o yana keçməyib. Bu barədə təfərrüatı ilə danışmaq istəmirəm.

– Nə üçün?

– İndi yekə arvadlardır, düşər-düşməzi olar.

– Tələbəlik illəriniz Rusiyada keçib. Maraqlıdır, sizlə birlikdə kimlər oxuyurdu? Söhbət azərbaycanlı şair və yazıçılardan gedir.

– Tələbəlik illərim və ondan sonrakı on beş ili Rusiyada yaşamışam. Tələbə olduğum illərdə rəhmətlik Şaiq Vəli, Murad Köhnəqala, Allahverdi Təhləli, Orxan Fikrətoğlu və s. kimi sənətkarlar da orada oxuyurdu...

– Mehribançılıq idimi?

– Orada çox mehriban olmuşuq, hər şeyimizi paylaşmışıq. İndi hamı öz hücrəsinə çəkilib, onda insanlar başqa cür yaşayırdı.

– Nəsildə, ailənizdə yazıçı olub? Yoxsa bir tək sizsiniz?

– Atam şeir yazırdı, tez-tez rayon qəzetində çap olunurdu. Atamın xalası oğlu Vilayət Rüstəmzadə isə tanınmış şair idi. Belə dədə-baba şair-yazıçı olduğumuzu deyə bilmərəm.

– Bildiyimiz kimi, uzun müddət Rusiyada yaşamısınız. Adətən, Rusiyadan gələn azərbaycanlılar ermənilərlə xoş münasibətlərindən, dostluğundan danışır. Sizdə necə, yaxşı münasibətdə olduğunuz ermənilər olubmu?

– Bir-iki erməni tanışım vardı. 1992-ci ilə qədər. İndiki kimi yadımdadır, həmin il, mayın səkkizində, institutun yataqxanasında erməni tələbələrin hamısı bir otağa yığışıb, «Şuşanın azad edilməsi»ni bayram edirdilər. Sevinc-şadlıq nidaları yataqxananı başına götürmüşdü. Bir-iki axmaq rusu da özlərinə qoşmuşdular. Bundan əvvəl isə Xocalı məsələsi olmuşdu. Belə-belə şeylərə görə onlarla mənim dostluğum olmayıb.

– Bəs hərbi xidməti harda çəkmisiniz?

– Əsgərliyimi Belorusiyada çəkmişəm. «Belovejskaya puşşa» deyilən yer var, orda. Raket qoşunları idi deyə, bizdə «dedovşina-filan» o dərəcədə deyildi. Tez-tez ezamiyyətə gedirdik – köhnə raketləri vaqonlara yükləyib, zavoda aparır, oradan təzəsini gətirirdik.

– Ümumiyyətlə, necə keçib əsgərliyiniz?

– Pis keçməyib, yəni məni döyən-söyən yox idi. Mən özüm kimi istəsən incidə bilərdim, amma belə şeylərlə məşğul olmamışam. «Starik» vaxtlarımda belə yatağımı özüm yığmışam, çəkmələrimi özüm təmizləmişəm.

– Sizcə, məktəb, universitet illəri, hərbi xidmət günləri yazmaq üçün zəngin material verə bilirmi? Bütün bunları bir yazıçı üçün vacib saymaq olarmı?

– Əlbəttə! Elə bir yazıçı tanıyırsanmı ki, məktəb və universitet illərindən yazmasın, hərbi xidmətini – əgər xidmət edibsə – xatırlamasın?

– Tez-tez deyirlər ki, yazıçı oxumaqla bərabər həm də gücü yetdiyi qədər gəzməli, dünyanı görməli, yeni-yeni insanlarla tanış olmalıdır. Sizdə necə, yalnız Rusiyamı?

– Mən SSRİ-nin bütün respublikalarını gəzmişəm...

– Ermənistanda da olmusunuz?

– Yox, Ermənistandan başqa. Çoxlu xarici ölkələrdə olmuşam. Məncə, bacardıqca çox gəzməli, çox görməlisən. Hamı Jül Vern deyil ki, kabinetində oturub, uzaq ölkələrdən yazsın. Elələri dünyaya tək-tək gəlir.

– Maraqlıdır, uşaqlarınız nə işlə məşğuldur? Oxuyurlar, ya necə?

– Böyük oğlum Murad Türkiyədə oxuyur. Kompüter mühəndisliyi fakültəsində. Balaca isə hələ balacadır, yeddinci sinfə gedir.

– Tərcümə Mərkəzində işiniz necədir? Rahatsınızmı? Yaradıcılığınızla məşğul olmağa vaxtınız qalır?

– Tərcümə Mərkəzindəki iş atmosferi məni tamamilə qane edir. Burda çalışan insanların hər biri dəyərdir. Allahımdan razıyam ki, hərləyib-fırlayıb, məni bu kollektivə ürcah elədi.

– Yeni nəsə yazırsınız? Roman, kitab olacaqmı?

– Kitab olacaq, qağa, amma bir az çəkəcək. Obyektiv səbəblər üzündən.

– Cavan yazarlardan hekayələr yığılmışdı. Tərcümə Mərkəzi almanax çat edəcəkdi. İş nə yerədir? Peşəkar bir qələm adamı kimi cavanların yaradıcılığı sizə nəsə dedimi?

– Almanaxı hazırlamaqda məqsəd müəyyən yaşa qədər cavanların yaradıcılığı ilə bağlı ümumi mənzərəni əks etdirməkdir. Bu barədə mətbuatda da yazılıb. Deyildiyi kimi, materialların seçimi, toplanması ilə peşəkar ədəbiyyatşünaslar və tənqidçilər məşğul olub. Amma istənilən halda, istər bizdə, istər xaricdə, hər bir almanax və antologiya – versiyadır, bunu nəzərə almaq lazımdır. Onu həmişə təkmilləşdirmək, yeni variasiyalarını təqdim etmək mümkündür. Burada məqsəd, dediyim kimi, ümumi mənzərəni əks etdirməkdir ki, hazırlanan kitab bu kriteriyaya tamamilə adekvatdır.

– Musiqi zövqünüzdən danışaq. Ən çox hansı janrda musiqilərə qulaq asırsınız? Muğam, aşıq musiqisi ilə aranız necədir?

– Bilirsən də, canlılar belə təsnifləndirilir: ətyeyənlər, otyeyənlər, bir də, həm ət, həm də otyeyənlər. Mən üçüncülərdənəm. Muğama da məmnuniyyətlə qulaq asa bilərəm, saza da, roka da, operaya da. Təki ürəyəyatan musiqi olsun.

– Bir şey də maraqlıdır. Bizdə köşə yazarlarının səviyyəsini necə dəyərləndirmək olar? Məsələn, sizin səhərlər xüsusi maraqla oxuduğunuz köşə yazarları varmı?

– Var. Amma adlarını deməyəcəyəm, birdən məşhurlaşarlar. Zarafat! Onları hamımız tanıyırıq da, bir-bir sadalamağa nə ehtiyac var!

– Tərcüməçiliklə məşğul olmaq sizin öz bədii yaradıcılığınıza mane olurmu?

– Olsa da budu, olmasa da, qağa.

Kəramət Böyükçöl


Müəllif: