22 Oktyabr 2016 18:32
1 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Cavid Rasimanın "Azadlığını qoruyan qız" hekayəsini təqdim edir:

Bayaqdan başlayan yağış aram-aram yağır, navalçalardan şırıltı ilə su axırdı. Hava soyuq olmasa da hər halda isti də demək olmazdı. Cəmisi bircə günün içində payız nəfəsini əməli-başlı hiss etdirirdi.

Səhər açılandan göy üzü buludlu idi. İndi də yağış yağırdı. Özü də elə yağırdı ki, adama elə gəlirdi, heç vaxt kəsməyəcək. Aram-aram, tənbəl-tənbəl, heç bir yerə tələsmədən yağırdı.

Damcılar ard-arda düşdükcə, ağacların qəddini əyən toz-torpaq əriyib axdıqca budaqlar qamətini dikəldir, vüqarla boylanırdı. Elə bil, ağaclar bütün yay boyu budaqlarını və yarpaqlarını basan tozdan canının qurtardığına sevinirdi. Gül kolları isə əksinə, getdikcə büzüşür, yağışdan gizlənməyə yer axtarırdı...

Küçələrdən su şütüyür, maşınlar suyu sıçrada-sıçrada keçib gedirdilər. Ora-bura tələsən adamların çoxusunda çətir vardı.

Hava qəribə bir ətirlə dolmuşdu. Bar gətirmiş ağacların qoxusu saralmağa başlayan yarpaqların ətrinə qarışmışdı. Hər il payız bu ətirlə gəlirdi. Bu, bəlkə də elə payızın öz ətridi, özü ilə gətirib, özü ilə aparırdı. Göy üzündə yellənə-yellənə gedən boz buludlar da sanki “payızı gətirdik, payızı gətirdik” deyirdi. Əslində o, günün qısalığını çıxmaq şərti ilə qalan bütün hallarda payızı sevirdi. Payızın yağışı, çiskini, küləyi, soyuğu da bu fəslə sevgisini azaltmırdı.

Payızla bağlı şirin, xoş xatirələri vardı. Bu xatirələr o qədər xoşdu ki, onların hərarəti bəzi qəmli xatirələri də unutdurur, öz istisində əridirdi.

İndi bu kiçik şəhərin sakit parkında səliqə ilə əkilmiş ağacların arasında addımlaya-addımlaya yenə öz aləmində idi. Ona görə də uzaqdan, parkın o başında əlvan qaraltını görəndə əvvəlcə heç fikir də vermədi. Hətta ona elə gəldi ki, xəyalında görür bu mənzərəni. Qeyri-ixtiyari o səmtə yönəldi. Nəsə çox maraqlı idi, onun elə gözəçarpan boy-buxunu olmasa da, indi ətrafındakılardan əməlli-başlı seçilirdi. Bəlkə əynindəki parıldayan qəribə paltara görəydi, ya bəlkə çöhrəsində bir ağ təbəssüm, bir işıq vardı, ondan irəli gəlirdi. Hər nəydisə ayırd edə bilmədi. Yavaş-yavaş irəlilədi, deyəsən, Kəmalə də onu görmüşdü, hər halda üzü ona sarı gəlirdi.

Ancaq hələ aralarındakı məsafə böyük idi, o da gözünə inanmırmış kimi yavaş-yavaş gedirdi.

Kəmalə onların kursunda, paralel qrupda qrup nümayəndəsi idi. Əsl adı Kəmaləydi, amma yaxınları adını qısaldıb Kama çağırırdılar. Onların kursunda bakılı çox idi, Kəmalə özü də köhnə bakılılardan sayılırdı; əslən içərişəhərliydi. Eşitmişdi ki, içərişəhərlilər qədim şamaxılılardır. Ona görə bir-iki dəfə onu özünə yerli “gətirmək” istəmişdi. Amma baş tutmamışdı, çünki məlum olmuşdu ki, Bakının otuz iki kəndindən nə az-nə çox düz on altısı ilə Kəmalənin yaxın qohumluğu var. Belə adamı özünə yerli bilmək üçün gərək Bakının yarısına simsar çıxasan.

Əlacı kəsildiyindən Nəsiminin məşhur qəzəlinin birinci beytini şil-şikəst eləyib onu Kəmalə üçün uyğunlaşdırmışdı.

Məndə sığar on altı kənd, başqa kəndistanə sığmazam,
Məmləkətim İçərişəhər, başqa şəhristanə sığmazam...

Kəmalənin qəribə baxışları vardı. Ağıllı, bir qədər də məhzun-məhzun baxardı. Belə gözlərdə heç vaxt şeytan olmur. Çöhrəsi sakitiydi. Gözləri sakit-sakit baxar, özü sakit-sakit yeriyər, dodaqları sakit-sakit danışardı. Bir sözlə, ətrafındakılardan seçilirdi. Amma onun bu qəribə çöhrəsinin, iri gözlərinin nəyi ifadə etdiyini heç vaxt ayırd edə bilmirdi.

-Samir, salam...

Onlar demək olar ki, xiyabanın ortasında quraşdırılmış fəvvarənin yanında qarşı-qarşıya gəldilər.

-Salam. Necəsən?

-Mən yaxşı... Bəs sən?

Ürəyində öz-özünü danlamağa başladı: "Nə cür adamsan sən? Nə keysən, ə? Nə vaxt adam olacaqsan bəs?Neçə illər görmədiyin tələbə yoldaşındır, özü də xanım. Universitetdə işləyir, bir-iki ilə bir də gördün telekanallarda efirlərdədir, aparıcı “qonağımız hörmətli professor Kəmalə Abuzərovadır” deyir. Ə, heç olmasa denən ki, salam, Kəmalə xanım, xoş gördük! Gör necə xoş təsadüfdür. Kefin-əhvalın necədir? Nə yaxşı buralara gəlmisən?"

Bunların əvəzində dilindən çıxan sözlərə bax...

-Sağ ol. Sən hara, bura hara?

-Bir tədbir vardı, ona görə gəlmişdik .Bir azdan qayıdırıq Bakıya.

Susub ətrafa tamaşa etməyə başladılar.Yağış kəsmişdi, hava isə bir az da soyumuşdu. Kəmalənin kostyumu, deyəsən, isti idi, çünki heç üşüyənə oxşamırdı.

-Özün necəsən? Həmin işindəsən, yoxsa dəyişmisən?

“Ay Allah köməyin olsun. Nə yaxşı, söhbət üçün söz tapırsan. Yoxsa mən ağzıma vurulmuş qıfılı heç cür aça bilmirəm...” Ürəyində dilli-dilavər olmasına baxmayaraq dilindən cəmi- cümlətani bəzəksiz-düzəksiz bircə söz çıxdı:

-Hə.

“Görəsən, Kəmalə ömrü boyu kostyum geyinəcək? Tələbə vaxtı da həmişə kostyumda gəzirdi. Nə cins paltar, nə də don geyindiyini görmüşdü. Amma hər har halda maraqlıdır, bu parlaq kostyumu niyə geyinib?”

-Hələ azadlığını qoruyursan?

Özü də bilmədi ki, bu söz ağzından necə çıxdı. Sanki, sözü deyən özü deyildi, hətta yüngülcə ətrafına da boylandı.

Kəmalə gülümsədi:

-Hə.

Bu sözü keçən il internetdə yazışdıqları zaman işlətmişdi. Tələbə yodaşlarıdan biri ona Kəmalənin ailə qurduğunu demişdi, o da yazışanda bunu özündən soruşmuşdu. Ancaq Kəmalə “Yox, hələ azadlığımı qoruyuram” cavabını vermişdi.

Xiyabanın çıxışında bir neçə adam göründü. Kəmalə tələsik xudahafizləşdi:

-Sağ ol, Samir. Mən getməliyəm, maşın bizi gözləyir. İnşallah görüşərik...

Bir xeyli durduğu yerdə tərpənmədən Kəmalə gedən istiqamətə baxa-baxa qaldı. Ondan çox şey soruşmaq istəyirdi. Soruşmaq istəyirdi ki, Mənsurə neynəyir, həyatı necə keçir?

Soruşmaq istəyirdi ki, internetdə yazışan vaxt “Mənsurə də sənə salam deyir” sözü nə idi? Neçə ildən sonra bu nə salam idi?

Soruşmaq istəyirdi ki, sən niyə azadlığını qorumaqda belə qərarlısan? Kiməsə görə buna dəyərmi?

Soruşmaq istəyirdi ki, o qızlar hara getdilər? Kiminin həyatı düz gətirdi, kimin üzünə taleyi güldü? Kimininki istədiyi kimi alınmadı, kiminin bəxtinə qaranlıq çökdü?

Çox şey soruşmaq istəyirdi, amma Kəmalə getmişdi. Sanki bütün cavabları da özündə gizlədib aparmışdı. Artıq romantik payız duyğuları onu cəlb eləmirdi. Üşüməyə başlamışdı.

Səmaya baxdı. Yağış dayansa da, hava tutqun idi. Ağaclar da sanki, üşüyürdü. Bayaqkı şaxlıqları itmişdi, bir-birlərinə qısılmağa çalışırdılar. Payız doğrudan gəlmişdi.

Payızın gəlişi onun suallarına bir cavab, bir təsdiq idi. Dərindən köksünü ötürüb gülümsədi:

-Salamat get, azadlığını qoruyan qız!


Müəllif:

Oxşar xəbərlər