Noyabrın 12-də Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.
Karmen partiyası Polşanın Vroslav Opera Teatrının aparıcı solisti İrina Jitinska ifa edəcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, Jitinska hazırda Avropada çox populyar olub, bir çox ölkələrdə - Danimarka, Hollandiya, Finlandiya, Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Portuqaliya və s. vaxtaşırı qastrol səfərlərində olur. Portuqaliyanın Lissabon şəhərində keçirilən opera sənəti festivalında vokalçı Karmen partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş prizə layiq görülüb.
Tamaşaya həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, əməkdar artisti Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti, Ukraynanın xalq artisti Andrey Romanenko da (Xoze) dəvət olunub.
Tamaşanın dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.
Nərmin