“O bu əsəri yazanda bəlkə də heç ağlına gəlməzdi ki, 100 il sonra Azərbaycandan biri gəlib çox sevdiyi İstanbulda, heyranı olduğu Türkiyədə “İblis”i səhnəyə qoyacaq. Özümü çox şanslı hesab edirəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyədə fəaliyyət göstərən aktrisa-rejissor Məlahət Abbasova sosial şəbəkədə yazıb.
Məlahət Abbasova noyabr ayında müdir müavini kimi çalışdığı İstanbul şəhər teatrlarında Hüseyn Cavidin “İblis” əsərini səhnəyə qoyacaq:
“Azərbaycanlı bir sənət insanı olaraq ən böyük xəyalım Hüseyn Cavidin təhsil aldığı İstanbulda 1918-ci ildə yazmış olduğu və noyabr ayında səhnəyə qoyacağım “İblis” əsərini ən gözəl şəkildə səhnələşdirib onun ruhunu şad etməkdir.
Bu əsəri yazanda bəlkə də heç ağlına gəlməzdi ki, 100 il sonra Azərbaycandan biri gəlib çox sevdiyi İstanbulda, heyranı olduğu Türkiyədə “İblis”i səhnəyə qoyacaq. Özümü çox şanslı hesab edirəm. Bu əsərin İstanbulda səhnələşdirilməsi Türkiyə də daxil olmaqla, hörmətli baş nazirimizin, dövlət nümayəndələrinin də diqqət mərkəzindədir. Mənə zəng edib maraqlanmaları, bir köməyə ehtiyacım olub-olmadığını soruşmaları, heç zaman arxamda olduqlarını söyləmələri mənə çox böyük güc verir.
Üzərimdə böyük məsuliyyət var. İnanıram ki, bu tamaşa Cavid ruhuna, ulu öndərimizin ruhuna çox böyük hədiyyəm olacaq. Səni yaşatmaq, səsini bütün dünyaya eşitdirmək bir azərbaycanlı kimi mənim vətəndaşlıq borcumdur, Cavidim. İnanıram ki, gözəl kollektivimlə sənin ruhunu şad edəcəyik”.
Pərvin