Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası seriyasından növbəti kitab işıq üzü görüb. Görkəmli italyan filosof, yazıçı Umberto Ekonun “Gənc romançının etirafları” adlı mühazirələr toplusu Azad Məmmədovun və Nərminə Zərgərovanın tərcüməsində işıq üzü görüb. Tərcüməçilərə akademik Kamal Abdulla kömək göstərib və öz tövsiyələrini verib.
Kitab müəllifin ABŞ-ın Emori Universitetində oxuduğu mühazirələrindən ibarətdir. Bu mühazirələr XX əsrədəbiyyat nəzəriyyəçisi mərhum Riçard Elmanın (1918-1987) xatirəsinə həsr olunub. Kitabdakı dörd fəsil alimin müasir ədəbiyyat nəzəriyyəsi haqqında düşüncələrini əks etdirir.
“Soldan sağa yazı” adlanan birinci fəsildə yaradıcı yazı ilə elmi yazı arasındakı fərqə yeni və özünəməxsus bir yanaşmadan bəhs olunur. İkinci fəsil “Müəllif, mətn və şərhçilər” adlanır. Burada mətnin öz müəllifindən ayrıldıqdan sonra yaşadığı müstəqil həyat təsvir olunur. Mətnin bu həyatı sonsuzluğa qədər davam edir.
Müəllif “Bədii surətlər haqqında bəzi qeydlər” adlandırdığı üçüncü fəsildə müxtəlif janrlarda yazılmış bədii əsərlərdəki surətlərin semiotik təhlilini aparır. O, həyatda yaşamış və yaxud yaşayan real insanlarla bədii surətlər arasında gözə görünməz əlaqələri ustalıqla şərh edir.
Kitabın “Siyahılarım” adlanan dördüncü fəsli sadalama nümunələrinin heyrətamiz bir tədqiqidir. Burada müəllif fərqli janrlara aid siyahıları qələmə alaraq, diqqəti onların insan həyatında oynadığı rola yönəldir.
Bu əsər yalnız müasir ədəbiyyat nəzəriyyəsi üzrə ixtisaslaşmış araşdırmaçılar üçün deyil, həmçinin filosoflar, dilçilər, psixoloqlar və orta əsrlərlə maraqlanan mütəxəssislər üçün də çox faydalı olacaq.
Kitabın redaktoru Şaban Hüseynov və Sərraf Balaxandır.