2 İyul 2014 13:23
1 826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha bir mövsümü arxada qoyan Azərbaycan teatrları özünəməxsus şəkildə tamaşaçılarla vidalaşır. Məsələn, biri bölgələrə üz tutur, biri xaricə, biri yeni tamaşa, digəri populyar tamaşa ilə mövsümə vida edirlər.

"Gündəlik Teleqraf" bu mövzuda teatrları kiçik sorğuya çəkib.

Gözlənilən tamaşa qaldı yeni mövsümə

Akademik Dram Teatrının mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov qəzetimizə açıqlamasında bildirib ki, teatr mövsümə bu ay yekun vuracaq. Amma konkret tarix və tamaşanın adı məlum deyil. Onun sözlərinə görə, Vaqif Səmədoğlunun "Generalın son əmri" əsəri əsasında rejissor Ramiz Həsənoğlunun hazırladığı tamaşa yeni mövsümdə təqdim olunacaq: "Tamaşa dövlət sifarişi ilə hazırlanır. Amma tamaşanı bu mövsüm ərzində tamaşaçılara təqdim edə bilməyəcəyik".

Məlumat üçün bildirək ki, 9 iyul tarixinə kimi teatrda "Qocanı öldürməliyik", "Şah Qacar", "Napoleon", "Nazirin xanımı", "Mən...Biz", "İlahi oyun", "Məqam", "Qadın məhəbbəti", "Kölgə", "Xanuma" tamaşaları nümayiş olunacaq.


"Ər və arvad"la sağollaşırlar

Azərbaycan Dövlət Musiqili Teatrı 114-cü mövsümünü iyulun 5-də "Ər və arvad" tamaşası ilə başa vuracaq. Teatrın mətbuat xidmətinin rəhbəri Sevda Babayeva bildirib ki, bağlanışın məhz bu tamaşa ilə olması xüsusilə əlamətdardır: "Belə ki, milli opera janrının yaradıcısı, dahi bəstəkar Üzeyir Hacıbəylinin 1909-cu ildə yazdığı üç pərdəli "Ər və arvad" musiqili komediyası ilə Azərbaycan Dövlət Musiqili Teatrının əsası qoyulub. Odur ki, bir ənənə olaraq hər il yeni mövsüm sentyabr ayının 18-də - Milli Musiqi Günü bu tamaşa ilə açılır və iyul ayında da bu tamaşa ilə başa çatır".

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur.

Teatrın direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev bizimlə söhbətində bu ilin bağlanışının daha möhtəşəm olacağını bildirib. Tamaşaçıların ən çox sevdikləri aktyorlar, ən çox sevilən tamaşada birlikdə səhnəyə çıxacaqlar. Xalq artistləri İlham Namiq Kamal (Mərcan bəy), Afaq Bəşirqızı (Minnət xanım), Fatma Mahmudova (Arvad), əməkdar artistlər Ələkbər Əliyev (Kərbəlayi Qubad), Əkbər Əlizadə (Səfi), Gülcahan Salamova (Gülpəri), Əliməmməd Novruzov (Aşpaz), Hüseyn Əlili (Suçu), Ağaxan Şərifov (Süpürgəçi) əsas rollarda çıxış edəcəklər.

Quldurbasanın hekayəti

Gənc Tamaşaçılar Teatrının kollektivi isə iyun ayının 29-dan Respublikamızın bölgələrinə qastrol səfərinə çıxıb. Hər il olduğu kimi, bu il də ənənəsinə sadiq qalan teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi M.F.Axundzadənin "Hekayəti xırs quldurbasan" komediyası ilə iyun ayının 29-dan, iyul ayının 8-ə kimi Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki, Oğuz, İsmayıllı, Yevlax, Goranboy, Mingəçevir, Şabran, Quba. Qusar və Xaçmaz rayonlarında səfərdə olacaq.

Məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün bu ilki - 86-cı teatr mövsümünə 2014-cü il iyulun 8-da Xaçmaz rayon Mədəniyyət sarayında yekun vuracaq.

"Maskadar"lı günlər bitdi

Dövlət Rus Dram Teatrı da teatr mövsümünə ötən ay yekun vurub. Mövsümün sonunda yeni tamaşa - "Büllur sarayda"nı təqdim edən teatr yeni mövsümü də onunla açmağı planlaşdırır. Teatrın baş rejissoru Aleksandr Şarovski mövsümü Rusiyada yekunlaşdırıb. Belə ki, teatr Federasiyasının Serqiyev Posad şəhərində keçirilən "U Troitsı" Beynəlxalq teatr festivalında iştirak edib. Serqi Radonejskinin 700 illik yubileyinə həsr olunmuş beynəlxalq festivalda kollektiv Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda M.Lermontovun "Maskarad" pyesi əsasında hazırladığı tamaşanı təqdim edib. Əsərin qəhrəmanı Yevgeni Arbeninn rolunu Aleksandr Şarovski oynayır. M.Lermontovun 200 illik yubileyi münasibəti ilə hazırlanan tamaşa görkəmli şairə həsr edilib. Tamaşada əsas rolları Xalq Artisti Yuri Baliyev, Əməkdar Artist Natalya Şarovskaya, aktyorlar Olqa Arsentyeva, Mariya Dubrovitskaya, Maqsud Məmmədov və başqaları ifa edirlər.

"Yuğ" teatrından aldığımız məlumata görə, mövsümün sonuna kimi teatr iki yeni tamaşa təqdim edəcək. İlk tamaşanın premyerası bu gün, digərinin isə iyul ayının 15-nə kimi gerçəkləşməsi gözlənilir.

Nərmin Muradova


Müəllif: