“40 milyon təbəəsi, ucsuz-bucaqsız zənginlikləri və Məhəmmədin sarsılmaz doktrinası ilə hələ də dünyadakı ən qüdrətli imperatorluqlardan biri Türkiyədir”
“Bakının 135 minə yaxın əhalisi var, o, Xəzər dənizi sahilində yerləşən ən mühüm şəhərdir”.
Knut Hamsun
1899-cu ilin payızında 40 yaşlı norveçli yazar Knut Hamsun dövlətdən 1200 kron təqaüd alaraq xanımı ilə birlikdə Qafqaza, İrana, Türkiyəyə səfər edir. Həmin vaxt artıq Hamsun “Bürger” (1878), “Aclıq” (1890), “Misteriyalar” (1892), “Pan” (1895) kimi əsərlərin müəllifi idi. 1903-cü ildə isə o, səyahət xatirələrini “Nağıllar diyarında” adı ilə çap edir. Kitab Hamsunun Sankt-Peterburqdan Tiflisə qədər müşahidə etdiyi hadisələrdən ibarətdir.
Kitabda Bakı haqqında qeydlər az yer tutsa da, XIX əsrin sonlarındakı Bakının mühitini duymaq üçün xeyli məlumatlar var.
…Hamsun qatarla Tiflisdən Bakıya gələrkən Ağstafada qızdırmadan əziyyət çəkir. Qızdırmanı aradan qaldırmaq üçün yüngül rus pivəsi, ardınca Qafqaz şərabı və çay içir: “Ağstafada mən başqa bir ifrat üsula da əl ataraq su içdim. Kür çayından. Bu, əməlli-başlı dəlilik idi. Çünki Kürdən bircə dəfə doyunca su içən kəs bütün ömrü boyu Qafqazın həsrətini çəkəcək…”.
Bakı Hamsunu xoş qarşılamır. Şəhərin tozu, neft qoxusu yazıçının könlündən olmur:
“Səhər saat 7-nin yarısıdır. Bakının ağ rəngli toz dumanı başına götürüb. Burada hər şey ya ağ, ya da qara rəngdədir… Ağ neft qoxusu bütün şəhərə yayılıb. O hər yanı, bütün küçələri, evləri başına götürüb. Ağ neft nəfəs aldığımız havaya qarışır, bu havaya öyrəşməmişdən qabaq durmadan öskürürsən… Bizə elə gəldi ki, yer üzündəki ən qeyri-sağlam yerə gəlib düşmüşük, ancaq burada Xəzər dənizi də var”.
Qara şəhərə gedən Hamsun buranın havasının Bakının mərkəzindən daha üfunətli olduğuna şahid olur: “Qara şəhər ağ neft axıdan borularla “minalanıb”. Tramvay yerdən çıxan və rəngdən-rəngə çalaraq bərq vuran kiçik yağ gölməçələrinin üzərindən keçib gedir. Burada üfunət Bakıdakına nisbətən daha güclüdür, hər şey yağa və quma bulaşıb…”.
Burada Hamsun Nobelin evində, müəssisəsində olur. O, Nobelin fabriklərini gəzir, işin necə görüldüyü ilə maraqlanır: “Burada elə dəhşətli sobalar vardı ki, heyrətdən özümü itirdim. Bu sobalarda temperatur 400 dərəcəyə çatır”.
Hamsunun xatirələrindən o zamankı Bakının məişət həyatı ilə tanış olmaq olur: “Buradakı bütün adamlar bu və ya digər dərəcədə qəribə geyimdədir: şəhər müsəlman şəhəri olduğu qədər Avropa şəhəri, Avropa şəhəri olduğu qədər də müsəlman şəhəridir”.
Hamsun İçərişəhərdə də olur, Xan sarayını ziyarət edir. Sarayı ona gəzdirən poruçik rusların Bakını işğal edərkən rus generalın başına gələn hadisəni danışır: “Sonuncu Bakı xanının 50 arvadı olub, 1808-ci ildə ruslar onun ölkəsini və şəhərini işğal edəndə hamıyla birlikdə o da qaçıb. Amma o, həmin Hüseynqulu xan əclafın biri olub, adamlarına əmr edib ki, şəhərin açarları general Sisianova təqdim olunarkən xəncərlə onu öldürsünlər”.
İçərişəhərdə gördüklərini ətraflı təsvir edən Hamsun hava isti olduğu üçün Qız qalasına gedə bilmədiklərini yazır. Əvəzində isə Balaxanıdakı neft mədənlərini görmək üçün Nobelin donanmasına aid paroxodla yola düşürlər: “Burada neft çıxarılır; çanaq quyunun dibinə gedir və 50 saniyədən sonra 1.200 funt neftlə yuxarı qalxır, sonra yenidən gedir, yenidən 50 saniyə quyuda qaldıqdan sonra 1.200 funtla yuxarı qalxır, beləcə, bütün sutkanı davam edir. Quyunun qiyməti çox bahadır, onun dərinliyi 500 metrdir, qazılması üçün bir il vaxt sərf olunub və 60.000 rubla başa gəlib”.
Hamsın quyularda tatar və fars fəhlələrin ölümlə nəticələnən əzablı iş günlərini təsvir edir, Amerika düşmənçiliyini də unutmur: “Əvvəllər bu yerlər belə səs-küyə alışmamışdı. Amerika buraları murdarladı, müqəddəs yerlərə metal səsi gətirdi. Çünki qədim mədəniyyətə aid “əbədi od”un Vətəni buradadır. Ancaq Amerikanın əlindən qaçıb qurtulmaq mümkün deyil: qazma üsulu, maşınlar, emal olunmuş məhsullar, ağ neft, bunların hamısı Amerika deməkdir…”.
Xatirələrinin bu yerində Hamsun qədim zərdüştilərdən, parslardan, atəşgahdan bəhs edir. Parsların bu torpaqları müqəddəs bilməsindən, uzaq yerlərdən min bir əziyyətlə buranı görməyə gəlməsindən yazır. Nəhayət, ziyarətgahın yanında neft zavodlarının tikilməsini acı təəssüflə qeyd edir: “Bu möminlərdən sonuncusu sağ qalanadək canlı od onlar üçün müqəddəs olacaq. Çünki onlar atəşpərəstlərdir”.
Hamsunun xatirələrində əsas hissə Şimali Qafqaza həsr olunub. Yolboyu gördüyü hadisələri, maraqlı olayları qeyd edib. Bakı və Tiflisə aid hissələr isə qısa olsa da, xeyli bilgi ilə doludur. Onun özü isə bu yerləri heç zaman unutmayacağını yazırdı: “Mən bu yerlər üçün həmişə darıxacağam, çünki Kür çayının suyundan içmişəm”.
Hilalın altında
Knut Hamsunun “Mücadiləli həyat” adlı xatirə kitabında isə Türkiyə ilə bağlı bölüm var. Qardaş ölkə ilə bağlı hissə “Hilalın altında” adlanır. Əsər boyu Knut Hamsunun Avropa mətbuatında Türkiyə (O dönəmin Avropa səyyahlarının kitablarında, xəritələrində Osmanlı Türkiyə kimi adlanırdı – D.Ə) əleyhinə yazılan yazıların doğru olmadığını dəfələrlə qeyd edir, türklərin sultanını barbar, qaniçən kimi göstərənləri qınayır, buna baxmayaraq bir neçə avropalı mütəfəkkirin həqiqətləri yazdığını da ifadə edir.
Türkiyəyə qədəm basan Hamsun ilk olaraq bunları düşünür: “Ayağını türk torpağına qoymaq böyük bir uğur deyilmi? Varmı hər kəsdə bu cəsarət?... Məndən başqa norveçli bir yazıçı bu məmləkətə gəlmək cəsarətini göstəribmi?... Gördüklərimiz düşündüklərimizdən çox fərqlidir. Yoxsa, biz Türkiyədə deyilik? Mən 30 ildir bacarıqsız sultanlar tərəfindən iflasa uğradılmış bir məmləkət barədə yazılar oxumaqdayam. Halbuki, vapur, bağlı-baxçalı kiçik şəhərlər, güllərin qızılı rəngi bizi nağıllar diyarına aparır”.
Knut Hamsun səfər təəssüratlarında Qərbin Osmanlı sultanları haqqında yazdığı bilgiləri deyil, özünün müşahidə etdiyi həqiqətləri yazıb. O, oxuduqları ilə gerçəkliklər arasında qalarkən gerçəklikləri yazmağı seçib. Sultan Əbdülhəmid barədə Hamsun yazır: “Əbdülhəmidin Türkiyəyə uzun illərdir sahib olmadığı bir nüfuzu qazandırması hiss olunur. Sultan ölkədə ticarətin inkişafıyla maraqlandı, məktəblərdə aparılan islahatlara etiraz etmədi, dəmir yollarının inşasına icazə verdi, ordusunu yenidən nizama saldı. Özünün çox çalışqan bir şəxs olduğu, səhər beşdə yuxudan oyandığı, vacib məqamda əmrlərini yerinə yetirsinlər deyə katiblərini sarayda saxladığı deyilir”.
Knut Hamsun sarayda qeyri-müsəlmanlara qarşı sərt münasibətin olduğunu iddia edən Qərb düşüncəsini də faktlarla tənqid edir. O, bildirir ki, türk dövlətində ən güclü şəxslər ermənilər və rumlardır, türk diplomatlarının yarısı rum əsillidir. Norveç yazıçısının bu şəhadəti Osmanlıda ermənilərə qarşı mənfi münasibətin olduğunu iddia edən Qərb mətbuatına da zamanında verilmiş bir cavabdır.
İstanbulu Moskva ilə müqayisə edən Hamsun, burada qırmızı, yaşıl qübbələr olmasa da, səmaya uzanan bəyaz minarələrin olduğunu yazır.
Hamsun İstanbulda gənc qızların etdiyi maraqlı bir hadisədən də bəhs edir. Belə ki, gəmi ilə boğazdan qarşı tərəfə keçərkən külək yaşmaqlı qızların üzünü açır və onların çöhrəsi aydın görünür. Yaşlı qadınlar bu zaman üzlərini təcili şəkildə örtsələr də, gənc qızlar buna tələsmir, üzlərinin gənc oğlanlar tərəfindən görünməsinə çalışırlar. Bununla da, gənclərin diqqətini çəkirlər. Knut bunu klassik bir şərq hiyləsi olduğunu yazır.
Hamsun İstanbulda Kapalıçarşını gəzir, ayin keçirən dərvişlərin mərasimlərini izləyir. Onun üçün ən maraqlı mərasimlərdən biri isə sultanı canlı görmək idi. Sultanı görmə mərasimini incəliklərinə qədər təsvir edən Hamsun yazır: “Bu adamın qorxuncluğu hanı bəs? Haradadır hiyləgər, zalım, qatil sultan?”.
Hamsun bir daha Qərb mətbuatının yazdıqlarının – Sultanın qorxudan xəncərlə yatması, hətta xanımını öldürməsini – yalan olduğuna şahidlik edir.
Hamsun vaxtilə Osmanlı sultanlarının Avropanı qorxu altında saxladığını yazır, indi isə üç yüz ildir geriyə getdiyini bildirir: “Qüdrətli sultan yenilməz ordulara komandanlıq edir, atdığı hər addımda Avropanı titrədirdi. Yeddi cahana hakim idi, danışdığı zaman dünya sükut edirdi. Vyana qapılarına dayanmışdı. Atalarımız qorxu içində idi. Zamanla aralarından ən cürətliləri qarşı çıxardı, hansısa kral “bəsdir” deyib masaya yumruq vurardı. Bunu eşidən qüdrətli sultan atəş və dəmir qasırğası əsdirirdi və dünya yenidən sükut edirdi… On səkkizinci əsrdən etibarən geriləmə başladı, cəngavər millət yuxuya getdi”.
Türkiyənin məişət həyatına da toxunan Hamsun türklər üçün tütünün çörək və sudan sonra üçüncü əhəmiyyətli şey olduğunu bildirir.
Beləliklə, Knut Hamsunun xatirələri Qafqazın, Azərbaycanın, Türkiyənin XIX əsrin sonu XX əsrin əvvəllərindəki vəziyyətini bir qərblinin düşüncəsi bucağından öyrənmək üçün çox maraqlı mənbədir.
Dilqəm ƏHMƏD