Bu gün xalq artisti Fuad Poladov Akademik Milli Dram Teatrında sonuncu dəfə səhnəyə çıxıb.
Teleqraf.com xəbər verir ki, xalq artisti “Müsyo İbrahim və Quran çiçəyi” tamaşasında oynadığı Müsyö İbrahim rolu ilə “Azdrama” səhnəsində tamaşaçılarının görüşünə gəlib.
Səhnə əsərinin sonunda tamaşaçılar aktyoru ayaqüstə alqışlayaraq göz yaşlarını saxlaya bilməyiblər.
Fuad Poladov tamaşanın sonunda iki dəfə səhnəyə çıxıb. Xalq artistinin teatrda fəaliyyəti haqqında danışması gözlənilsə də açıqlama verməyib.
Tamaşada Fuad Poladovla yanaşı Murad İsmayılov, əməkdar artistlər Sabir Məmmədov, Şəlalə Şahvələdqızı, Mehriban Zəki, aktyorlar Fidan Cəfərova, Sərdar Rüstəmov, Adil Dəmirov, Vüsal Mustafayev çıxış ediblər.
Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, bədii rəhbəri isə Azər Paşa Nemətdir.
Teatra qonaq qismində əməkdar artist Kəmalə Müzəffər, rejissor Rövşən İsax, aparıcılar Rövşanə Bektaşi, İradə İsaq, Həmid Herisçi və s. gəliblər.
Bildirək ki, Fuad Poladov aktyor Hikmət Rəhimovun teatrdan çıxarılmasına etiraz olaraq Akademik Milli Dram Teatrı tərk etdiyini açıqlayıb. Teatr rəhbərliyini isə aktyora sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Rəqsanə
Fotolar Elçin Muradındır