1 Noyabr 2016 10:51
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com İlahiyyatçı Elşad Mirinin Məcid Məcidinin çəkdiyi “Hz. Muhəmməd: Allahın Elçisi” filmi barədə məqaləsini təqdim edir:

İslamla tanışlığıma vəsilə olan ən əsas qığılcım, ən böyük səbəb “Peyğəmbərlik” (Çağrı, The Message) filmi olub desəm, mübaliğə etmiş olmaram. Film həvəskarları, bu sahəni ciddi şəkildə izləyənlər yaxşı bilir ki, film Hollywoodun müsəlman rejissoru Mustafa Akkad tərəfindən ərsəyə gətirilib. “Peyğəmbərlik” filminin çəkilişi çox böyük çətinliklərdən sonra Liviyanın sonradan linç edilən lideri Qəddafinin maddi dəstəyi ilə 1976-cı ildə yekunlaşmışdı. Yüzminlərlə insanın İslama maraq göstərməsinə, haqq yola yönəlməsinə rəvac verən bu film şəxsən mənim Muhəmməd peyğəmbərin kimliyi, İslamın mahiyyəti ilə bağlı öyrənmək, oxumaq həvəsimi alovlandırmışdı. Etiraf etmək lazımdır ki, film bu gün də kifayət qədər aktuallığını qoruyaraq bir çox suallara cavab vermək qüdrətindədir.

“Peyğəmbərlik” filmindən sonra İslamı doğru-dürüst çatdıran, dinin mahiyyətinə işıq tutan film kasadlığı ciddi şəkildə hiss olunur. Böyük vəsaitlərə malik olan müsəlman ölkələrində, film çəkilişlərinin haram olması ilə bağlı fətvalar bu sahəyə yad münasibətin formalaşmasına səbəb olub. Çəkilən filmlərə baxan müsəlmanlar kino sənayesinə yad, ögey münasibət bəslədilər.

Hazırda dünyada öz səviyyəsinə və inqilabi inkişafına görə fərqlənən İran kinematoqrafiyası bir-birinin ardınca bütün müsəlmanların rəğbətlə seyr etdikləri “Məryəm”, “Əshabi-Kəhf”, “Yusuf peyğəmbər” kimi filmlər və ya seriallar ortaya çıxarmağı bacarıb. Şəxsən özüm “Məryəm” filmindən o qədər təsirlənmişdim ki, “Məryəm” surəsini bir daha və fərqli baxışla, fərqli yanaşmayla oxudum və nəticədə ilk qızımın adını da Məryəm qoydum.

İllərdir bu cür filmlərin çəkilməsini arzu edənlərdənəm. Çünki filmlərin təsirini, ictimai fikir formalaşdırmasını heç kim inkar edə bilməz, amma müsəlmanlar hələ də bu sahəni inkar etməkdə israr edirlər.

Yeni bir filmin çəkildiyini illərdir eşidirdim. Bu film Allahın sonuncu elçisi Muhəmməd peyğəmbər haqqında idi və “Peyğəmbərlik” filmindən fərqli olaraq Muhəmmədin uşaqlıq illərindən peyğəmbərliyinin ilk illərinə qədər maraqlı bir zaman kəsimini əhatə edəcəkdi.

Sosial şəbəkələrdə məni izləyən dostlarımın da bildiyi kimi, qısa müddətli səfərə çıxmışdım. İsraildən başladığım yolçuluğu davam etdirərək Avropaya getmişdim. Təəssüf ki, işgüzar xarakterli səfərimi yarımçıq saxlamalı, bəzi görüşləri təxirə salıb ölkəmizə qayıtmalı oldum. Geri qayıtmağa məcbur olsam da, tranzit ölkə kimi Türkiyəni seçdim ki, İstanbulda nümayişinə başlanmış, sonuncu peyğəmbərimiz haqqında çəkilmiş filmin nümayişini qaçırmayım. Və arzumu reallaşdırıb, filmi izləyə bildim.

Məlumat üçün qeyd edim ki, hələlik müsəlmanların ən böyük büdcəli – 40 milyon dollarlıq filmi olan “Hz. Muhəmməd: Allahın Elçisi”nin rejissoru iranlı rejissor Məcid Məcididir. Film İranda çəkilib. Hollywoodun vizual effekt mütəxəssisi Scott Anderson, 3 dəfə “Oscar”a layiq görülmüş italyan operator Vittorio Storaro da filmin çəkilişlərində iştirak edib. Filmin musiqisi isə hindistanlı A.R. Rahmana məxsusdur.

Kinozal açılan kimi bilet alıb yerimdə əyləşdim. Və həvəslə filmin başlanmasını gözlədim. Nəhayət film başladı. İllərdir içimizdəki həsrətin bitəcəyini gözləyirdim. Arzu edirdim ki, “Peyğəmbərlik” filminin qüsurları burada təkrarlanmayacaq, İslam ancaq döyüş səhnələri ilə yaddaşlara həkk olunmayacaq, uydurma nağıllar göstərilməyəcək, körpə Muhəmmədin doğuluşu və gəncliyi “möcüzələr”lə bəzədilməyəcək, məzhəb məsələlərinə yer verilməyəcək, gənc Muhəmməd insanların arasından çıxan bir bəşər övladı kimi təqdim ediləcək, hər kəsin nümunə götürəcəyi insan kimi təqdim göstəriləcək…

Film başlayar-başlamaz arzularımın arzu kimi də qalacağı məlum oldu.

Bu səhnə əsərində “Peyğəmbərlik” filmindən fərqli olaraq tamaşaçılara Muhəmməd peyğəmbərin körpəliyi təqdim edilir. Saçı, bədəni, barmaqlarının arasından gözləri göstərilsə də, sadəcə üzü tam olaraq göstərilmirdi. Bu məqam nə qədər peyğəmbərimizə hörmət kimi təqdim edilsə də, unutmayaq ki, hazırda bəzi muzeylərdə Muhəmməd peyğəmbərə məxsus olduğu iddia edilən, guya peyğəmbər saqqalının tükü hələ də sərgilənir.

İndi gələk filmin ehtivasına… Filmdə nümayiş etdirilən “Fil hadisə”sinin təsvir edildiyi səhnə həm effektləri, həm də musiqisi ilə Hollywood filmlərindən geri qalmır. Lakin hadisə tamamilə Allahın Quranda buyurduğu tərzdə deyil, müsəlmanların bu günə kimi inandıqları formada səhnələşdirilib və quşların dimdiklərində daş atması nağıl kimi təqdim olunub.

Bu haqda ətraflı məlumat almaq istəyənlər “Fil” surəsinin tərcüməsi və izahı…na müraciət edə bilərlər.

Bu film texniki mənada müvəffəq olsa da, əsl mənada xurafat yığınıdır. Balaca Muhəmmədin başının üzərində buludun onu təqib etməsi, doğularkən eyni anda başqa ölkələrdə qeyri-adi hadisələrin baş verməsi, dağların, daşların «Muhəmməd» deyə səslənməsi, kiçik Muhammədin süd anası Həliməni sağaltması və s. məqamlar filmin xurafatdan bəhrələnməsinin bariz numunəsidir.

Film müsəlmanların daha gözəl ekran əsərləri ərsəyə gətirə biləcəklərini göstərsə də, Peyğəmbərin körpəlik və gənclik dövrü möcüzəli tərzdə təqdim edilərək, Peyğəmbərin insan, nümunə götürülməli bəşər olması deyil, əksini iddia edir. Eyni zamanda məzhəbçilik özünü açıq şəkildə göstərir. Özünü sünni adlandıranlar hədislərə əsaslanaraq Peyğəmbərin himayədarı olan Əbu Talibi “kafir” adlandırmalarına baxmayaraq, filmi çəkən şiələr isə onu “islam dəvətçisi” olaraq təqdim edirlər. Və bu filmdə ikinci düşüncənin hakim olduğu açıq-aşkar vurğulanır.

Son olaraq qeyd edim ki, emosiyalara təsir edən bu filmi ağlamadan izləmək mümkün olmasa da, gözlədiyimə dəymədi və bu sahədəki ümidlərimi puç etdi. Ümid edirəm ki, bu sahənin peşəkarları çıxıb Allahın sonuncu Elçisini onu Göndərənin bəhs etdiyi kitabdakına uyğun olaraq, nümunə götürüləcək tərzdə bizlərə təqdim edəcək…

Çünki bəşəriyyət NÜMUNƏyə möhtacdır.

a24.az


Müəllif:

Oxşar xəbərlər