3 Noyabr 2016 15:13
1 600
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fuad Poladovun teatrdan getməsini bu qədər də şişirtməyə ehtiyac yoxdur. Fuad onsuz da başqa teatrda işləyir. Onu görmək istəyənlər, sevənlər indi də Rus Dram Teatrına gedəcəklər”.

Bu sözləri Teleqraf.com-a 2006-2010-cu illərdə Akademik Milli Dram Teatrının direktoru olan Maqbet Bünyatov deyib. Onun sözlərinə görə, Akademik Milli Dram teatrının tarixində belə hadisələr çox olub.

Maqbet müəllimlə söhbətimiz uyğun vaxta təsadüf etməsə də, suallarımıza qısa cavablar verməyə vaxt tapdı:

-Maqbet müəllim, teatr cameəsi son günlər Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsini müzakirə edir. Onun belə bir qərar verməsinə sizin münasibətinizi bilmək istərdik...

-Belə şeylər Akademik Milli Dram Teatrının tarixinə yazılıb. O mənada ki, teatrdan küsüb gedənlərin sayı çox olub. Vaxtilə Ələsgər Ələkbərov, Əli Zeynalov, Barat Şəkinskaya da küsüb gediblər. Eləcə də başqaları... Bilirsiniz, böyük aktyorlar hərdən inciyib gedirlər, sonra yenə qayıdırlar. Belə hadisələr çox olur. Bu, böyük bir hadisə deyil ki... Fuad Poladov onsuz da başqa teatrda işləyir. Onu görmək istəyənlər, onu sevənlər indi də Rus Dram Teatrına gedəcəklər. Məncə, bunu o qədər də şişirtməyə ehtiyac yoxdur. Çünki bu adam Rus Dram Teatrında işləyir. Akademik Milli Dram Teatrında da dəvətlə işləyirdi.

Açığı, bir söz deyim, Avropada – Baltikyanı ölkələrdə istirahət edirdim. Orda biləndə ki, mən azərbaycanlıyam hamısı yaxınlaşıb məndən xahiş etdilər ki, Bakıya qayıdanda Müslüm Maqomayevin qəbriüstünə gedərsiniz və bizim adımızdan ora iki qərənfil qoyarsınız. Onlar mənə dedilər ki, siz bəxtəvər adamsınız ki, Müslüm Maqomayevin yerlisisiniz, azərbaycanlısınız. Bu sözləri eşitmək çox xoş idi. Gəldim, həyat yoldaşımla gül aldım, indi də Maqomayevin qəbrini ziyarət edirəm. Ondan başqa Polad Bülbüloğluna da çoxlu salamlar söylədilər. Bax belə, hazırda burda missiyamı yerinə yetirirəm, sən də mənə bu sualı verirsən, qəbiristanlıqda nə cavab verə bilərəm?

-Doğrudur, cavab vermək üçün uyğun bir yer deyil. Amma düşündük ki, sizin də deməyə sözünüz olar.

-Nazir yəqin çağırar, barışdırar-barışdırmaz özü bilər. Bu, nazirlik səviyyəsində olan məsələdir, mən nə deyə bilərəm ki...

-Bəs illərdir Akademik Milli Dram Teatrında səngimək bilməyən qalmaqallar, xoşagəlməz hadisələr, açıqlamalar haqqında nə deyə bilərsiniz? Hərçənd sizin rəhbər olduğunuz dövrdə də teatrda bəzi qalmaqallar baş vermişdi.

-Mənim vaxtımda heç bir qalmaqal olmayıb, qalmaqalı jurnalistlər yaradıb. Mən ora təyin olundum və çox vicdanla işlədim. Mən ordan aktyorların alqışları altında ayrılmışam. Özüm də prezident təqaüdü alıram. Orda işlədiyim vaxtlarla fəxr edirəm.

-Ötən il əməliyyat olundunuz, indi səhhətiniz necədi?

-Lap yaxşıyam. Mən hələ bu vaxta kimi də işləyə bilərdim.

-Axı öz xahişinizlə, ərizə yazıb getdiniz. Niyə belə addım atdınız?

-Məsləhət belə oldu. Kim öz xahişi ilə gedir ki...

Nərmin


Müəllif:

Oxşar xəbərlər