5 Noyabr 2016 14:19
2 971
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə Avstriya rəssamı Qustav Klimt haqda söz açmaq istəyirəm. Amma Klimtin təkrarsız əsərlərini, zəngin yaradıcılığını ifadə eləmək üçün lazım olan sözləri tapmaqda çətinlik çəkəcəyimdən ehtiyatlanıram.

Klimtin əsərlərini seyr edən adamın qulağına həmin tablolardan həzin və başqa dünyadan süzülən mələk səsinə bənzər bir musiqi gəlir. Yalnız onun rəsmlərində hiss etdiyim bu ilahi musiqi dahi rəssamın bütün yaradıcılığının ifadəsi kimi məni izləyir.

Qustav Klimt Avstriya rəssamlığında modernizm cərəyanının ilk nümunələrini yaradan rəssam sayılır. Dövrünün insanları üçün qəfil meydana çıxan modern üslubu və erotik meylli rəsm əsərlərini həzm etmək çətin idi.

Kilmt 1816-cı ildə Avstriyanın Vyana şəhərində rəssam ailəsində dünyaya göz açmışdı. Güzəranları o qədər də yaxşı keçməyən ailədə səkkiz uşaq böyüyürdü. Şəkil çəkməyi atasından öyrənmişdi, 14 yaşında Vyanada rəssamlıq məktəbinə qəbul olunmuş, bir il sonra qardaşı Ernest də həmin məktəbdə təhsil almağa başlamışdı.

Təhsilini bitirdikdən sonra Klimt qardaşı ilə birlikdə muzeylərin, teatrların divarlarına freskalar çəkməklə pul qazanır, həm də ilk peşəkar rəssamlıq təcrübəsi qazanırdı. Bir neçə il sonra atasını və qardaşını itirən Qustav böyük ailənin ağırlığını çiynində daşımağın məsuliyyətini hiss edir. Həmin dövrdə onun sənətə baxışları da dəyişir və rəssam artıq individual yaradıcılığa qədəm qoymağın vaxtı çatdığını anlayır.

Qustav Klimt yaradıcılığa mənzərə janrı ilə başlayıb. Sənətşünaslar qeyd edirlər ki, hətta mənzərə janrında çəkilmiş bu əsərlərə də diqqətlə baxsaq, orda fiqurlar, titrəyən insan kölgələri görə bilərik.

1894-cü ildə Klimt Vyana Universitetinin akt zalının tavanı üçün üç iri həcmli rəsm çəkmək təklifi alır, əsərlər 6 ilə hazır olur, lakin rəğbətlə qarşılanmır. Klimt sanki bu rəsmlərin sifariş olduğunu unutmuşdu, bu üç rəsmdə öz hisslərini, iç dünyasını və artıq formalaşmış fərdi rəssamlıq üslubunu büruzə vermişdi.

Rəsmlərdə geniş tamaşaçı kütləsinin anlaya və qəbul edə bilməyəcəyi erotizm vardı. Bu, Kimt yaradıcılığının əsas mövzusu idi.

Əsərlər dindarlar, siyasi xadimlər, hətta rəssamlar tərəfindən də qəbul olunmadı. Klimt bir daha sifarişlə iri həcmli rəsm cəkməyəcəyinə söz verdi, sonralar o, sifarişlə yalnız portretlər çəkirdi. Bundan sonra QustavKlmt yaradıcılığının "qızıl dövrü" başladı. Bu dövr yalnız ən şahanə əsərlərini yaratdığına görə yox, həm də çəkdiyi bütün əsərlərdə qızılı rəngin dominantlıq etdiyi səbəbindən belə adlanırdı.

Rəssamın qızıl dövrdə işlədiyi "Afina sarayı", "Yudif", "Adel", "Ümid", "Öpüş" və bir çox başqa əsərlər indi də dünyanın ən məşhur rəngkarlıq nümunələri sırasındadır.

Klimt bu dövrdə bir-birindən gözəl, heyrətamiz əsərlər yaradır, rəsmlərində xırda çıçəklərdən və müxtəlif ornamentlərdən istifadə edirdi.

Klimt daha çox qadınları çəkirdi. Qadın vücudunu o vaxtadək hələ heç bir rəssamın kətan üzərinə köçürə bilmədiyi özünəməxsus tərzdə yaradırdı. Onun qadınları bəzən şıltaq, bəzən çılğın, bəzən qüssəlidir, amma hamısını birləşdirən bir cəhət var: onlar azadlığı sevir və sərhədlərə yox deyirlər.

O, əsərlərində qadını ilahiləsdirir, onu yarıçılpaq, bəzən tamamilə çılpaq təsvir etsə belə, bu, seyrçini usandırmır və utandırmır. Onun qadın qəhrəmanlarının vücudları insanlarla danışır.

Kilmt insanları belə görürdü - çılpaqcasına... Əslində bu çılpaqlığın arxasında insanların qorxuları, zəiflikləri, ehtirasları gizlənirdi.

Bu rəsmlərdə qadınların çöhrələrindən, əllərindən, saçlarından sanki bir dekorasiya yaradılıb. Qızılı rəngli təkrarsız kompozisiyanı bir dəfə görən tamaşaçı onu yenidən görmək istəyir. Bu əsərlərdə insanı sakitləşdirən, qayğılardan uzaqlaşdıran sirli bir işıq da var...

Klimt üçün qadın yalnız gözəllik və zövq mənbəyi deyil, həm də bəşəriyyəti xilas və bəxtiyar edə biləcək varlıqdı."Yudif" əsərində təsvir olunmuş qadını unutmaq çətindir, onun yarıqapalı gözləri və açıq dodaqları, zərif bədən cizgiləri tamaşaçını həyəcanlandırmaya bilmir; qadının yanında, aşağıda kişi başı görünür.

Ümumiyyətlə, Klimt əsərlərində kişiləri həmişə arxa planda saxlayırdı. Məsələn, məşhur "Öpüş" rəsmində kişi və qadın təsvir olunub, kişinin üzü görünmür, o, əyilib qadının yanağından öpür. Əsərdə bütün insanların arzu etdiyi saf eşq və ilahi hisslər tərənnüm olunur.

Yaradıcılığında olduğu kimi şəxsi həyatında da Kilmt üçün qadın ən vacib varlıq idi, o, həyatını qadınlara həsr etmişdi; qadınlar da elə buna görə onu sevirdilər...

Qustav heç vaxt evlənmədi, amma çoxlu sevgi macəraları yaşadı. Bu macəralardan qırxa yaxın uşaq doğulduğu iddia olunurdu, özü isə uşaqlarının çoxunu tanımırdı.

Çoxsaylı qadınların arasında ona daha yaxın olan biri vardı - Emiliya Flyoqe. Klimt onunla 1890-cı illərin əvvəllərində tanış olmuşdu. Emiliya rəssamın qardaşının baldızı idi, istedadlı modelyer kimi şöhrət tapmışdı, o dövrdə Vyananın ən varlı və tanınmış insanları ilə işləyirdi.

O, Qustava yaradıcılığında və şəxsi həyatındakı problemləri yoluna qoymağa yardımçı olur, ən çətin anlarında dadına yetir, yanında dayanırdı. Rəssamı dərindən və olduğu kimi yalnız o anlaya bilirdi.

Klimti bu qadına qəribə hisslər bağlayırdı – bu, nə dostluq sayıla bilərdi, nə də eşq. Amma onlar sonadək biri-birinin ən yaxını oldular. Qustav son nəfəsində yalnız Emiliyanı çağırmağı xahiş etmişdi.

Tanınmış rəssam olduğuna görə Klimt çoxlu portret sifarişləri alırdı; o,kasıb deyildi, amma sadə həyat tərzi yaşayırdı. Vaxtının çox hissəsini evində rəsm çəkməklə keçirirdi. Qadınlar onun əsərləri üçün həvəslə poza verirdilər, onların çoxu fahişələr idi...

Özünü çəkməyi sevməyən Klimt deyirdi: "Heç vaxt avtoportret çəkməmişəm, bu, mənə maraqlı deyil, mən qadınları çəkməyi sevirəm. Kim məni görmək və tanımaq istəyirsə, əsərlərimə baxmağı kifayətdir"

Klimtin bəzi əsərləri fəlsəfi və psixoloji təsir gücünə malikdir. "Qadının yaş dövrləri", "Həyat və ölüm", "Təbabət" belələrindəndir. "Həyat və ölüm" əsəri 1911-ci ildə Romada ümumdünya sərgisindəpriz qazanmışdı.

Ömrünün son illərində rəssam ağciyər soyuqlamasından əziyyət çəkirdi.1918-ci ildə insult keçirdi, az sonra vəfat etdi. Klimtin bir çox əsərləri yarımçıq qaldı...

İllər ötdükcə modernizm rəssamlıqda vüsət almağa başladı və Qustav Klimtin əsərləri artıq dünya rəssamlığında ən dəyərli və vacib yerlərdən birini tutdu.

Bu əsərlər indi dünyanın ən tanınmış və məşhur qalereyalarında nümayiş olunur. Klimt öz qadınları ilə bütün dünyanı gəzir, bəşəriyyəti heyrətləndirməkdə və dünyanı gözəlliyin xilas edə biləcəyinə inandırmaqda davam edir.

Təranə Qurbanlı


Müəllif: