7 Noyabr 2016 15:33
1 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Sayya Gözəlova Ukraynada keçirilən “Kiçik Teatr Formaları” adlı laboratoriya müsabiqəsində qalib gələrək Kiyev teatrlarının birində tamaşa hazırlamaq şansı əldə edib.

Gənc rejissor Teleqraf.com-un müsabiqə və digər məsələlərlə bağlı suallarına cavab verib.

-İradə xanım, müsabiqəyə necə qatıldınız?

-Mən neçə illərdir ki, “Open door” prodüser mərkəzi ilə əlaqə yaradıram. Onlar mənə Ukraynada keçirilən laboratoriya müsabiqəsində iştirak etməyi məsləhət gördülər. Laboratoriyanın qaydasına görə hər bir iştirakçı öz ideyasını təklif etməli idi. Mən onlara həm Qoqolu çox sevdiyimdən, həm də Ukrayna yazıçısı olduğuna görə onun əsərlərindən birini səhnələşdirməyini təklif etdim. Onlar müsabiqədə dörd nəfərin əsərini seçdilər, onlardan biri də mən idim. Digərləri Rusiya, Ukrayna və Fransa təmsilçisi idi. Oktyabr 25- də ora yola düşdüm və beş gün ərzində verdiyim ideyanın təhlilini və aktyorlarla işini göstərməli idim. Ordakı prodüserlər dörd işə baxıb onun hansı teatra uyğun olub olmadığını müəyyənləşdirirdilər. Mənim ideyam xoşlarına gəldi və məni Kiyevdə Kazlov teatrına göndərdilər. Əsər üzərində işə gələn ilin fevral ayında start verəcəm.

-Bildiyim qədər daha öncə də xarici ölkələrdə tamaşa hazırlamısınız. Dünya teatrlarına çıxışınıza necə nail oldunuz?

-Mənim Moskvada dostlarım çoxdur, belə müsabiqələr olanda həm onlar təklif edirlər, həm də özüm araşdırıb tapıram. Təkliflər həddən artıq çoxdur. Kiyev təklifi çox xoşuma gəldi. Çünki Kiyev şəhərini sevirəm. Həm daha öncə də orda olmuşam, həm də qohumlarımız orda yaşayır. Ukraynaya gedib oranın abu- havasını duymaq çox xoşuma gəldi. Cəhd etdim və cəhdim uğurlu oldu.

-Bu Bakıdakı işlərinizə mane olmur ki? Çünki Gəncə Dövlət Dram Teatrının baş rejissorusunuz.

-Doğrudur, burda da işlərim çoxdur. Hazırda Gəncə Teatrında tamaşa hazırlayıram. Arada bir də Musiqili Teatrda tamaşaya quruluş verirəm. Görəndə boşam, işsiz qala bilmirəm, belə müsabiqələrə qatılıram. Bu çox yaxşı təcrübədir. Belə layihələrdə iştirak etmək, özünü yoxlamaq, yeni insanlarla tanış olmaq mümkündür və bu, insana böyük stimul verir. Teatr adamlarıyıq, bir yerdə otura bilmirik.

-Amma bir yerdə oturanlar da az deyil. İradə xanım, xarici teatrlarda tamaşalar hazırlayan bir rejissor kimi sizin də Azərbaycan teatrı barədə fikirlərinizi bilmək istərdim. Azərbaycan teatrı dünya teatr prosesindən geri qalırmı?

-Özüm bakılı olduğumdan Azərbaycanı xüsusən Bakını həddindən artıq çox sevirəm. Burda proses gedir. Yaxın illərdə hər şey daha da yaxşı olacaq. Bu il 11 gəncimiz Şukin adına Teatr İnstitutunun tələbəsi oldu. Bunlar çox yaxşı addımlardır. Cəhdlər var. Əlbəttə, çətinliklər də var. Siz də bunları bilirsiniz. Amma daha da yaxşı olacaq.

-Mən teatr adamı olaraq sizin fikrinizi bilmək istəyirəm. Tamaşalarımız xarici ölkələrdə hazırlanan tamaşalardan çoxmu zəifdir?

-Mən deyə bilmərəm ki, zəifik. Aydın məsələdir ki, irsi olaraq Azərbaycan teatr sahəsində yenidir. Rusiyada irsidir və neçə əsrlik teatr məktəbləri var. Amma bütün bunlarla yanaşı hiss edirəm ki, gələcəkdə hər şey yaxşı olacaq. Bu gün oxudum ki, bəstəkar Türkay Qasımzadə Nyu-Yorkda konsert verir, eləcə də digər azərbaycanlı gənclər xarici ölkələrə ayaq açırlar. Yəni indi dünyaya çıxış üçün yeni yollar açılıb.

Mənə elə gəlir ki, gənc nəsil dünyaya qapını aça biləcək. Əlbəttə, ağsaqqallara da hörmətimiz var. Dünyaya baxanda biz hələ yavaş addımlarla yeriyirik. Dünyada çox şey tamamilə başqadır, amma yenə də gedib öz tamaşalarımıza baxıram və yeni ideyalar məni sevindirir.

-Son günlərin ən aktual teatr hadisəsinə sizin də münasibətiniz bilmək istərdim. Fuad Poladovun Akademik Milli Dram Teatrını tərk etməsinə münasibətiniz necə oldu?

-Çox pis oldum. Teatr Fuad Poladovun gedişi ilə çox böyük şey itirdi. Fuad Poladovun Azərbaycanda öz yeri və çəkisi var. Üstəlik mənim çox sevdiyim aktyordur. Onun gedişi ilə teatr itirdi. Kim bu intriqanı saldı, niyə küsüb getdi, bunun səbəblərini bilmirəm. Amma mənə elə gəlir ki, Fuad Poladovun şəxsiyyətinə, sənətkarlığına görə nə istəyirdisə onu eləmək lazım idi. Bizdə belə insanlar çox azdır.

-O gənc bir aktyorun tərəfində durdu və getdi.

-Bu, onun böyüklüyünü göstərdi. Amma digər tərəfdən nə baş verdi ki, ona güzəşt olunmadı. Akademik Milli Dram Teatrı çətin bir teatrdır, o söz -söhbətlərə qarışmaq istəməzdim. Oranın öz abu-havası var. Amma onu deyə bilərəm ki, teatr Fuad Poladov kimi sənətkarı itirdi. Və mən buna çox təəssüf edirəm.

-Səhv etmirəmsə, siz də Akademik Milli Dram Teatrında tamaşa hazırlamısınız.

-Mən əsasən Musiqili Teatrla əməkdaşlıq edirəm. Artıq orda üçüncü tamaşamı hazırlayacam. İşbirliyimiz çox gözəl alınır. Əliqismət Lalayevlə işləmək çox yaxşıdır, onun teatra böyük sevgisi var. Qarşıya çıxan bütün problemləri həll edir. Ona görə yenə təzə tamaşa götürmüşəm. Bu, İlyas Əfəndiyevin “Mənim günahım” əsəridir. Baş rolda Şükufə xanım Yusifova oynayacaq. Onunla işləmək mənim üçün böyük şərəfdir. “Mənim günahım” eksperimental tamaşa olacaq.

-Həm də musiqili tamaşa olacaq?

- Tamaşada Qara Qarayevin musiqilərindən istifadə edəcəyik. Amma ifa olmayacaq, biz musiqi tərəfini baletlə həll edəcəyik. Bir sözlə, İlyas Əfəndiyevin “Mənim günahım” əsərinə yeni baxış olacaq. Məqşlərə ayın 8-də başlanılacaq. Əslində məşqlərə başlamışdıq, amma mənim həm Gəncə, həm də xarici işlərim olduğuna görə təxirə salmışdıq.

“Azdrama”ya gəlincə, bəli, belə bir işbirliyimiz oldu. O teatrda Matek Vişnekin “Qoca kloun” əsərini hazırladım, amma bir neçə səbəblərə görə öz xoşumla ordan ayrıldım. İstəmirəm indi o hadisəni xatırlayım. Çünki keçmişdə qalıb. Hər halda cəhd oldu və xahiş elədim ki, tamaşada mənim adım olmasın.

Amma işlər davam edir. Həm bölgə, həm də paytaxt teatrında tamaşalar hazırlayıram. Gəncə Dövlət Dram Teatrında “Vanya dayı” əsərini səhnələşdirmişəm, sadəcə dekorasiyaları hazırlamaq üçün maliyyə gözləyirik. Bu tamaşanı Bakıya da gətirəcəyik. Mənə elə gəlir ki, çox maraqlı tamaşa olacaq.

Yəni işlər çoxdur. Boş qalanda da xaricə gedib nələrsə öyrənirəm. Çox gözəl insanlarla tanış oluram. Elə bu laboratoriya müsabiqəsində Ukrayna, Fransanın rejissorları ilə ünsiyyət qurduq. İnsan nəfəs alır, bu çox xoşdur, orda yığdığım enerjini burda daha yaxşı işlərə sərf edirəm. Bu, borcumuzdur. Və inşallah davam edəcəyik.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər