Bu gün Bakıda IV Bakı Beynəlxalq Teatr Konfransı öz işinə başladı.
Teleqraf.com xəbər verir ki, “Multikulturalizm və teatr” mövzusunda keçirilən konfrans Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə baş tutur.
Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər.
Təntənəli açılış mərasimi incəsənət ustalarının təqdim etdikləri teatr tamaşalarından səhnələr, musiqi nömrələri, Azərbaycan teatrının mənzərəsini əks etdirən mini-tamaşa ilə başladı.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla dostluq, qardaşlıq nümunəsi olan multikulturalizm ideyalarının teatr kimi möhtəşəm mədəniyyət abidəsinin köməyi ilə dünyaya yayılmasına şərait yaradılacağını bildirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan teatrının keçdiyi tarixi inkişaf yolundan söz açıb. Onun sözlərinə görə, teatr konfransının əsas məqsədi dünyanın müxtəlif ölkələrindən gəlmiş teatr peşəkarları tərəfindən müasir teatrların imkanlarının və qarşılıqlı əlaqələrinin müzakirə edilməsi, yeniləşən dünyada teatr üçün platforma yaratmaqdır.
Nazir qeyd edib ki, hazırda ölkəmizdə 26 dövlət teatrı fəaliyyət göstərir: “Bundan əlavə, yeni yaradılan “Üns” yaradıcılıq səhnəsi, “Bələdiyyə”, “Yuğ” və digər özəl və xalq teatrları fəaliyyətdədir. Azərbaycanda həmçinin rus, ləzgi, gürcü dram teatrları da mövcuddur”.
Konfrans işini bölmə iclasları ilə davam etdirir.
Nərmin