8 Noyabr 2016 14:11
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əziz oxucular!

Noyabr ayının 19-da dəyərli dostum, müəllimim, şeirlərimin rus dilinə əsas tərcüməçisi Mixail İsaakoviç Sinelnikovun 70 illik yubileyidir!

Azərbaycanı, eləcə də, bütün Şərq dünyasını ürəkdən sevən və sevərək tərcümə edən bu böyük şəxsiyyətin bir neçə şeirini sizə ana dilimizdə təqdim etməyi özümə borc bilirəm!

Mixail İsaakoviç Sinelnikov Afrika və Asiya dövlətləri universitetinin professoru, ədəbiyyat üzrə beş milli Şuranın üzvü, Azərbaycan, Gürcüstan, Ermənistan, Tacikistan və Qırğızıstan

SSRİ Yazıçılar Birliyinin və Moskva Yazarlar Birliyinin üzvü, Rusiya Elmlər Akademiyasının və Petrovski Akademiyasının həqiqi üzvü, Türkiyə Mədəniyyət və Poeziya Akademiyasının akademiki (Çanaqqala).

27 orijinal poetik toplunun, Xaqaninin divanı və Şərq poeziyası adlı seçilmiş poetik nümulərin, o cümlədən, “Sin Tyurkskaya: Azerbaydjan Severnıy i Yujnıy v stixax russkix poetov” kitabının və onlarla digər kitabların müəllifidir.

Şeirləri mütəmadi olaraq bütün önəmli jurnallarda, “Literaturnaya qazeta”da dərc olunub, dünyanın müxtəlif dillərinə (ingilis, alman, ispan, polyak, bolqar, azərbaycan, fars, qırğız, rumın, osetin, gürcü, vyetnam və s...) tərcümə olunub.

Mixail Sinelnikovun poeziyası Rusiyanın, eləcə də, xarici ölkələrin ədəbi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib, o, şair, publisist, filoloq və tərcüməçi kimi müxtəlif ölkələrin çox sayda mükafatlarına layiq görülüb.

Şair Azərbaycanda Nəsimi, Nəcəf Nəcəfov, Mikayıl Müşfiq adına mükafatlara layiq görülüb.

VƏTƏN

Qocalaydım, gələydim
İsti qucağına mən.
Susayıb sığınaydım
Bir dost ocağına mən.

İçib buz kimi sudan
Bir də “oxxay” deyəydim.
Çinə sarı yol alan
Quşlara əl edəydim.

Səni məhbəs bilirdi,
Bir vaxtlar ata-anam.
Amma mən öz xoşumla
Sənə əsir olaram!

Göyüzü örpək kimi
Saçlarının bəzəyi:
Bəzən dəniz mavisi,
Bəzən də firuzəyi...

UZAQDAN...

Yolum o səmtlərə düşməsə belə,

Otursam da evdə başıaşağı,
Uzaqdan xəyaltək görünür hələ
Qarlı zirvələrin gümüş işığı.

Təbiət sehriylə düşübdü bəndə
Sarı təpələrin sarsılmaz səfi;
Azacaq qızarır dan söküləndə,
Od tutub-alışır axşamtərəfi.

O saman qalası, o bozca qala!
Hələ də dayanıb qulağı səsdə,
Hardakı qaranlıq gərmişdi qanad
Uşaqlıq çağımın başının üstə...

MƏLƏK

Gənclik yadigarım
qəribə şəhər
Nilufər çiçəyi rəngdi
bu səhər...

Dolaşır evləri
Günəşin teli,
Kölgələrlə dolur
Kürün sahili.

Kilsə qüllələri
alışıb yanır,
Bir mələk, həyətdən
mənə boylanır;

Şəfəqlər içində
sarır qəlbimi
Keçmişdən süzülən
təbəssüm kimi...

QOCALIQ

Anladım ki, qocalıq – ötən illər deyilmiş,
Qalaq-qalaq həsrəti, dərdiymiş gedənlərin;
Ruhları uzaqlaşıb göy üzünə çəkilmiş,
Baxışları seyr edir bizləri, dərin-dərin...

O görünməz gözlərdə elə bir cazibə var
Vücuduna hopunca titrəyirsən, əsirsən.
Vidalaşmaq yerinə, unutmaqdan zamanla,
Var gücünlə, onlarla görüşə tələsirsən...

KRIM

Yenə də əvvəlki etibarında,
Nur kimi könlümə dolanım mənim!
Hamıya doğmasan yay aylarında,
Qış vaxtı tək-tənha qalanım mənim!

Məlhəmtək şəfalı sıra dağların...
Buludlar toplanır başına hərdən.
O gözəgörünməz könül bağları
Sanki keçib gəlir gərinələrdən...

YUXU

Tükənmir yuxular yenə bu axşam,
Qızılı boşluqda bir dünyamı var?!
Qəqs edir rəqqasə, əllərində şam,
Uyur bu ahəngə bəyaz sütunlar...

Bu Qanqın suyumu dəlir göyləri?
Bu sitar səsimi inləyir belə?
Bu - mənim ömrümin dəqiqələri,
Pərvəriş tapmamış özünə hələ.

Budur Rusiyanın qəlbinə daman -
Görəcək rəqs edən çılpaq bütləri.
Özümdən aralı düşmüşəm yaman,
Bilmirəm nə zaman dönəcəm geri...

KÖHNƏ ŞƏKİLLƏR

Şəkillər zamana bir körpü salar,

(Baxarsan, dünyadan kimlər gediblər...)
Bizlərdən nə qədər fərqlidir onlar -
Zamanla saralmış daqerrotiplər...

Ruhu doğma gələr yaxın keçmişin,
Kimisə kiməsə bənzər görərsən.
Bu gəliş-gedişlər dünyanın işi!
Sənsə qəribsəyib köks ötürərsən...

Eyni cizgilərlə bambaşqa insan!
Sanarsan, tapmısan sən öz yarını.
Heyif ki, geriyə qaytarmaz zaman
Qara çərçivəyə saldıqlarını!

Tərcümə etdi:

Afaq ŞIXLI, Moskva


Müəllif:

Oxşar xəbərlər