8 Noyabr 2016 14:52
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məmməd Süleymanovun "Kamyunun Yunusu, yaxud darıxan Sənətkar" məqaləsini təqdim edir:

“Bu gün hər bir sənətkar müasirliyin qalerasında üzməlidir. Hətta gəmi siyənək qoxusu versə də, başı üzərində çoxlu nəzarətçi olsa da, üstəlik istiqamət səhv seçilsə də o, bununla barışmalıdır”. Alber Kamyu 1957-ci ildə “Qeyd kitabçaları”nda bu cümlələri yazır.

Qalerada avar çəkmək - qulların və əsirlərin qismətidir. Ancaq nə etməli, reallığın amansızlıqlarından biri də budur. O keçmiş əyyamlarda idi ki, Sənətkar hərb və qarşıdurmalardan yuxarıda qala, özünə arenadakı qladiator döyüşlərinin seyrçisi rolu yaza bilirdi. İndiki dövrdə onun bu şansı yoxdur. O, daha “fil sümüyündən düzəldilmiş” qülləsində yox, hamı ilə bərabərdir, iştirakçıdır və hamı kimi, o da fəlakətlərin burulğanına cəlb olunub.

Kamyu özü də bu cürdümü? Anqajement fiqur kimi o, əsrinin təlatümlərindən kənarda qalmamışdı. Antifaşist hərəkat, sosializm uğrunda savaş, dünyanın dörd yanında əzilənlərin müdafiəsinə qaldırdığı səsi ilə o da qalerada olduğunu təsdiqləyirdi. Nə olsun ki qalerada taun epidemiyası başlayıb, marşrut da yanlış seçilib - müasirlik elə budur.

Bəs bu cəlbolunma Sənətkarı öz missiyasından uzaqlaşdırmır ki? Qaleradakı sənətkar öz yaradıcı ruhunu saxlamağı bacararmı? Bu suala cavabı Kamyu ömrünün sonuna qədər axtarır. 1957-ci ildə o, “İona, yaxud Sənətkar iş başında” hekayəsini yazır. Öz pyedestalından aşağı enən, müasirliyin subyektinə çevrilən Sənətkarın itkiləri hekayənin mərkəzi mövzusudur. Əslində, suallar köhnədir - ancaq fərq də var: “Sizif haqda əsatir”dəki axtarışlarını və cavabını Kamyu bu dəfə bədii formada və bir fərdin timsalında nəzərdən keçirir.

“İona Jilber öz xoşbəxtlik ulduzuna inanırdı” - hekayə bu cümlə ilə başlayır. Niyə də yox? Valideynlər sarıdan bəxti gətirib - onlar heç vaxt onu sıxmayıblar. Rato kimi sadiq dostu var. Luiza Pulen onu məişət qayğılarından uzaq saxlayan, ailənin bütün yükünü zəif çiyinlərində daşıyan, üstəlik də İonanı sonsuz sevgi ilə sevən həyat yoldaşıdır. Üç övlad böyüdürlər. İonanın həyatını sərf etdiyi sənəti - rəssamlıq var. Bir şəkil taciri ona aylıq məvacib verir və İona bütün enerjisini sakitcə, diqqətini yayındırmadan, dolanışıq problemlərinin girdabına düşmədən sevimli işinə sərf edir. Ona həmişə elə gəlir ki, təltifi xidmətlərinə müvafiq deyil - heç bir əziyyət çəkmir, sadəcə bəxti gətirib və “xoşbəxtlik ulduzu” həmişə onunladır.

Biz Sənətkarı iş başında görürük. Nə məişət qayğıları var, nə varlanmaq hərisliyi. Həyat molbert arxasında keçir. O vaxta qədər ki, məşhurlaşan İonanın pərəstişkarları, yeni tanışları, tələbələri, ona ehtiram bəsləyən çoxsaylı kütlə peyda olur. Onlar gecə-gündüz İonanın üçotaqlı mənzilinin emalatxanaya çevrilmiş otağından çəkilmirlər. İona mühitini dəyişməyib - bütün ömür mənzildə keçir, ancaq insan kütləsi onu burada da tapır, bir neçə saat da tək qalmağa qoymur. Söhbətlər, qeybətlər, təqdimatlar, təriflər, odalar... Və İonanın dili ilə desək, get-gedə bəlli olur ki, “Eyni vaxtda həm insanları və dünyanı təsvir etmək, həm də onlarla birlikdə yaşamaq çətindir”.

Kamyunun “Qeyd kitabçaları”ndakı fikri arxi-aktuallaşır: “Əsas sual - insanlar arasında necə yaşamalı?” Çoxsaylı məktublara cavab yazmaq, xahişlərə biganə qalmamaq, daima telefonla danışmaq, ətrafda fasiləsiz söhbət edənlərə qulaq asaraq fırça əlində işinə davam etmək, əzilənləri müdafiə üçün imza atmaq... İona bir an da missiyasını unutmayan, fasiləsiz çalışan, eyni vaxtda isə həm də ictimai fəala çevrilən birisidir. Rato ona “Qoy siyasətlə yazıçılar və kifir qadınlar məşğul olsun” deyir, Luiza onu ətraf kütlədən izolə etməyə çalışır, İona özünü siyasətdən uzaq sayır, ancaq müasirliyin qalerasına artıq əyləşib, avarını çəkir və hətta məmnundur da.

Get-gedə onun şəkilləri daha zəif satılır, ətrafdakı adamlar onu yorur, ancaq ətrafında boşluq olanda da özünü yorğun sayır və əvvəlki kimi işləyə bilmir. Əsas ziddiyyət də buradadır - insanların arasına daxil olan Sənətkar aşağıya enir. Çoxsaylı tanışlıqlar ona əvvəl-əvvəl elə xoşdur ki! Çünki, darıxma hissi yox olub. Onu yaradıcılığa bağlayan isə darıxma hissinə qalib gəlmək zərurəti idi.

Kamyu İonanın fikirlərini bu cür ifadə edir: “Bir tərəfdən, onun həyatı dolğundu, bir saat da bekar deyildi və taleyinə onu darıxma hissindən xilas etdiyinə görə minnətdardı. Digər tərəfdən isə o, darıxmağın üstünlüklərini fikirləşirdi, axı darıxma hissindən gərgin əməklə xilas olmaq mümkün idi”. O, darıxmağın üstünlükləri ilə ünsiyyətin üstünlüklərini əlaqələndirmək istəyirdi. Ancaq faydasız.

Darıxma hissi çox güclü stimulyatordur. Təkcə fərdi yox, həm də ictimai planda. Nahaq yerə Erik Xoffer öz “Təbii imançı”sında yazmırdı: “Cəmiyyətin kütləvi hərəkatlar üçün yetişdiyinin əsas əlaməti insanları çulğamış çarəsiz darıxma hissidir”. Bir sözlə, məhz darıxan adamlar cəmiyyəti radikal tərzdə dəyişir və məhz onlar da sənət şedevrləri yaradır.

Bütün günü ehtiram və pərəstişlə dövrələnmiş İona artıq darıxmır. Kamyu hekayədə mövcudluğun iki səviyyəsini təsvir edir - ali, ruhani mövcudluq incəsənətlə, yaradıcılıqla və təkliklə bağlıdır, insanların nəzərlərindən uzaqda yaşanmalıdır. İkinci səviyyə isə məişət qayğılarına bələnmiş gündəlik həyatdır. İonanın faciəsi yaradıcı biri olduğu halda gündəlik həyatın və məişət söhbətlərinin onu özünə tabe etdirməsinə razılaşmağındadır. Mənasız söhbətlər, qeyri-səmimi yoldaşlar, fasiləsiz məddahlıqlar onun təbii baxışını dumanlandırır, Sənətkarı başqalarının əlində marionetə çevirir.

İona bütün vaxtı söhbətlər və qayğılarla məşğuldur - və darıxma hissindən məhrumdur. Kamyu isə “Sizif haqda əsatir”ində yazırdı: “Qəlbin oyanması çaşqınlıqla rənglənmiş darıxmadan başlayır”. Məhz darıxmağı İonanı əsl yaradıcı etmişdi. İndi isə mövcudluğun bayağılığı və mənasızlığını dərk etməkdə ona yardımçı olmuş bu hiss yox olub - və gündəlik mövcudluğu qarşı ali Qiyama çağıran səbəb də yoxdur.

Məhz buna görə İona yaradıcılıq ruhundan məhrum olur. Absurdun dərki insanı Qiyama səsləyir. İona üçün isə artıq absurd həyatın normasıdır, nə vaxtsa yaradıcılığa baş vuran sənətkar indi həmin qaydada absurda baş vurur. Bir sözlə, sənətkarın Qiyam üçün əsasları yox olub, deməli o, Azadlığını da, yaradıcılıq ehtirasını da itirəcək.

Ancaq sənətkar nə qədər ensə də, bir gün darıxma hissi qayıdacaq. Və dilemma - Kamyunun “Absurd haqda esse”sində yazdığı kimi - absurdun dərki ya oyanma, ya da razılaşma ilə nəticələnir. Bir gün adətkərdə dekorasiyalar uçanda fərd oyanmanı seçməyə də bilər - zatən, çoxluq bu cürdür. Fəlakətin astanasında dayanan, yenidən darıxan, absurddan qaçmağa çalışan İonanın oyanması da çox ağrılı və ziqzaqla baş verir. O, qayıdıb gəlmiş, kütlə arasındakı darıxmasını gah içki, gah qadınlarla boğmağa çalışır. Bir bayağılıqdan digərinə atılır. Ən sonda isə yenə gəldiyi yerə qayıtmağa can atır - özü üçün çardaq düzəldir, gecə-gündüz orada tək, çıraq işığında, molbertin arxasında, kətanın önündə düşünür və arzulayır, çardağı günlərlə tərk etmir, zahidliyə çəkilir və günlərin birində Luiza ilə Rato onu - üzülmüş, arıqlamış, xəstə, öz təbii koordinatlarına dönməyə çalışan Sənətkarın ölüm ayağında tapırlar.

Rato onun çəkdiyi son tabloya baxır. Yox, rəsm yoxdur, əvəzində bircə kəlmə yazılıb. Rato onu dəqiq oxuya bilmir: ya “birləşmək” sözüdür, ya da “ayrılmaq”. Kamyu öz dixotomiyasına sadiqdir - final açıqdır. Birləşmək? - nə ilə, kiminlə? Çətin ki, “birləşmək” yazanda İona çardaqdan aşağı enməyi, öz qadını və üç övladı ilə birləşməyi nəzərdə tutur. Əksinə - Məişətdən ayrılmaq, yaradıcılıqla birləşmək. Baxmayaraq ki, o, Luizanı da, övladlarını da, bir dost kimi Ratonu da çox sevir.

Həkim Luizanı arxayın edir - İona sağalacaq, ölməyəcək. İona nə vaxtsa tərk etdiyi səltənətinə yüksələcək, adamların arasına enib özünü sürgünə məhkum etdiyi gündəlik həyatdan ayrılacaq.

Yaradıcılıq üçün təklik və azadlıq, məişət təlaşlarından təcrid olunmaq gərəkdir. Ancaq İona öz missiyasına sədaqəti ilə ailəsini əzab çəkməyə məhkum etmiş olur - daha bir kazus. Elə bu da dünyamızın absurdluğuna təsdiqdir - insan istənilən halda əzab çəkir: özü kimi olanda da, başqaları qarşısında borcunu yerinə yetirəndə də...

***

Kamyu hekayəyə epiqraf kimi İncil permonajı İonanın (Yunus) sözlərini seçir: “Dənizə məni atın... çünki, bilirəm - bu böyük fırtına mənə görə baş verir”.

Tanrı Yunusu Ninəva şəhərinə yollayır - get, insanları düz yola çağır. Yunus isə başqa marşrut seçir, gəmiyə oturub fərqli istiqamətə üzür. Tanrıya qulaq asmır və cəzalanır. Fırtına başlayanda dənizçilər püşk atırlar: fəlakətdə kimdir baiskar? Yunus özünü günahkar bilir, onu dənizə atırlar, üç gün balinanın qarnında qalır, tövbə edir və Tanrı onu bağışlayır.

“Azadlığın yolu qulaq asmamaqdan keçir” - Kamyu yazırdı. Onda Tanrayı qulaq asmayan Yunus azaddır, yoxsa tövbə edən Yunus? Sual çətin ki bu cürdür. Burada söhbət öz missiyasını, təbii koordinatlarını unudan birisinin əzablarından gedir.

Yunus kimi, Kamyunun İonası da həm günahkardır, həm günahsız. Bir tərəfdən, o, ən yaxınlarına (ailəsinə və dostuna) çətinliklər yaşadır, digər tərəfdən isə səhvlərini düzəltməyə, hətta özünü qurban verməyə hazırdır. Seçim isə həmişə var. Finalı açıq saxlamaqla Kamyu da sənətkarın iradə azadlığına eyham vurur - o, Yolu seçməkdə azaddır...


Müəllif: