O, dünyanın ən yaşlı rejissoru idi. 2015-ci ilin 2 aprelində - 107 yaşında vəfat etdi. Ömrünün son günlərinə qədər film çəkdi. 2012-ci ildə onun “Gebo və kölgələr”i ekranlara çıxdı. Üstəlik, bu filmində siyasətə baş vuraraq qlobal iqtisadi böhranın ölkəsində - Portuqaliyadakı ağır nəticələrini əks etdirdi.
Söhbət sevimli rejissorlarımdan olan Manuel di Oliveyradan gedir.
Təsəvvür etmək belə çətindir: Oliveyra ilk filmini 1932-ci ildə çəkib. O, “Douro çayında iş” adlanan sənədli filmdir və çoxdan kino inciləri xəzinəsində layiqli yerini tutub. Film sadə əhalinin - Portu balıqçıları, fəhlələri, bazar alverçilərinin məişət və arzularından söz açırdı. 40-dan çox sənədli və bədii filmin rejissoru olan di Oliveyra çox az hallarda yoxsul təbəqənin nümayəndələrini özünün əsas qəhrəmanı seçir - bu cəhətdən, “Douro çayında iş” sadə portuqaliyalıların zövq və istəklərinin tarixi salnaməsidir.
Di Oliveyraya qədər dünyanın ən yaşlı rejissoru titulu məşhur Leni Rifenştala məxsus idi - o, 101 il yaşadı və sonadək də aktiv həyat tərzini saxlaya bildi. “Hitlerin şəxsi rejissoru” adlandırılan və buna görə də Dünya savaşından sonra onillərlə ostrakiyaya məruz qalan Leni Rifenştalın istər “İradənin zəfəri”, istərsə də Berlin olimpiadasından bəhs edən “Olimpiya” filminin şedevr olduğunu heç kəs danmır. Buna baxmayaraq, ona nasist rəhbərləri ilə yaxınlığını bağışlamadılar.
Bizim günlərə qədər isə uzunömürlülüyünə (və dərin qocalıqda belə filmlər çəkməyinə) görə di Oliveyra ilə “rəqabət”ə girə biləcək daha bir məşhur rejissor vardı. Söhbət yapon kinosunun klassiki Kaneto Sindodan gedir. “Çılpaq ada”nın və “Xirosima uşaqları”nın müəllifi 2012-ci ildə 99 yaşında vəfat etdi.
Manuel di Oliveyra aktiv qocalığın rəmzi oldu. Hələ 1982-ci ildə o, “Xatirələrim və etiraflarım” adlı avtobioqrafik filmini çəkdi və həmin filmin yalnız ölümündən sonra göstərilməsini tapşırdı. 2016-cı ildə film nümayiş etdirildi. Əvvəldən fərziyyələr irəli sürüldü: Görəsən, rejissor “Xatirələrim və etiraflarım” filmində heç vaxt açıq və qəti şəkildə ifadə etmədiyi siyasi görüşlərini də açıqlayıbmı? Di Oliveyranın Portuqaliyada 4 onillik davam etmiş Salazarın faşist diktaturasının əleyhdarı olduğu ümumməlumdur, ancaq o da məlumdur ki, bütün o illərdə rejissor aktiv siyasi fəaliyyət göstərməyib və diktatura əleyhinə hərəkatda iştirak etməyib. Düzdür, o da faktdır ki, diktaturaya loyallıq da ona yaddı, əksinə, Salazarın dövründə Oliveyra vur-tut 3 bədii və bir neçə sənədli film çəkib. Sonralar müsahibələrindən birində o, bu passivliyini ölkədə hökm sürən güclü senzura ilə əlaqələndirəcəkdi. Üstəlik, iri sənayeçi ailəsində doğulmuş, kənddə böyük torpaq sahibi olan rejissor o illərin əsas qismini kənd təsərrüfatı ilə məşğul olaraq keçirmişdi. Yəni, passiv Qiyam yolunu seçərək kəndə sığınmışdı. 100 yaşı tamam olarkən verdiyi müsahibələrindən birində o, həmin dövrü bu cür xarakterizə etmişdi: “Kənd təsərrüfatı ilə məşğul olmağım mənim üçün gözəl bir dərs oldu: həm təbiətlə, həm də işçi sinfi ilə ünsiyyət baxımından. Kinonun necə çəkilməsi haqda əsaslı şəkildə fikirləşdim. Məhz bundan sonra kinematoqrafı anlamağa başladım”.
Əlbəttə, son cümlə bir təvazökarlıq nümunəsidir və təkcə Vətənində yox, həm də kənarda filmləri auditoriya toplayan bir rejissorun dilindən təəccüblü səslənir. Avtobioqrafik film isə gözləntiləri puç etmədi - rejissor ömrünün böyük hissəsini keçirdiyi, sonralar borca görə satmağa məcbur olduğu evindən bəhs edirdi. O evlə onun nə qədər sevinci, kədəri bağlıydı. İndi isə oranı tərk etməlidir və evin yeni sahibindən qısa müddətə çəkilişlər üçün icazə alan Oliveyra həm o keçmişi, həm də faşist diktaturası dövründən epizodları danışır.
Di Oliveyraya dünya şöhrəti 60 yaşından sonra gəldi - yəni, 1970-ci illərin əvvəlindən başlayaraq. O vaxta qədər isə di Oliveyra sanki kinoda həvəskardı. Bunu onun hobbiləri də təsdiqləyir - gah fabrikant, gah fermer, gah avtomobil yarışçısı, gah atlet-çempion, gah sirkdə akrobat. Paralel olaraq isə rejissor.
***
Əksər rejissorlarda hansısa yaş həddindən sonra ya təkrarçılıq, ya da yaradıcılıq enişi başlayır. Sanki yorulurlar, ilham pərisi onları tərk edir. Məsələn, məşhur Folker Şlendorf, yaxud onun keçmiş xanımı Marqarete fon Trotta kimi. Bu fikri hətta nisbətən cavanlara da aid etmək olar, məsələn, Emir Kusturitsaya. Və bu dissonans Manuel di Oliveyranın misalında doğrulmur. O, yaşlaşdıqca daha vəcdlə və daha güclü çəkirdi.
1974-cü ildə 300 Sol hərbçinin başlatdığı “Qərənfil inqilabı” qələbə çalandan sonra di Oliveyranın paltar tikişi fabriki və kənddəki torpaqları müsadirə olunur. Gözünü açandan zənginlik içində yaşamış rejissor maddi sərvətini itirir, ancaq heç vaxt heç bir yerdə bu itkilərlə bağlı şikayətlənmir. Sadəcə, özünü bütünlüklə kinematoqrafa həsr edərək yeni filmlərini çəkir. İlk bədii filmini 1942-ci ildə çəkmiş rejissor sonrakı 30 ildə cəmisi 2 bədii film ərsəyə gətirmişdisə, İnqilabdan sonra dalbadal yeni əsərlər yaradır (“Anika Bobo”, “Benilda”, “Kanniballar”, “Qutu” və s.). Təkcə ömrünün son 13 ilində (yəni, 95 yaşdan sonra) o, 13 bədii və sənədli film çəkib (O cümlədən, çox bəyəndiyim “Uşaqlığımın Portusu”).
Di Oliveyranın filmlərində yenidən sadə adamlar, aşağıların nümayədələri peyda olur (Onu əksərən yüksək təbəqənin həyatını əks etdirməkdə dəfələrlə qınayıblar). Buna misal “Qutu” filmidir. Daima siyasi allüziyalardan qaçan di Oliveyra 1994-cü ildə çəkdiyi bu filmində kor qonşuya həsəd aparan yoxsullardan söz açır. Paxıllığın səbəbi isə həmin kora dilənmək üçün rəsmən dövlət tərəfindən qutu bağışlanmasıdır.
Bütün film Lissabonun dar döngələrindən birində çəkilib. İnanmaq da çətindir ki, rejissor bu balaca əraziyə bütün süjeti, o cümlədən sonda bəstəkar Ponkyellinin “Cokonda” operasından “Saatların rəqsi”ni oynayan 12 rəqqasəni yerləşdirə bilib. Rəqqasələrin sayı isə simvolikdi - yeni yaranmış Avropa İttifaqının o vaxt 12 üzvü vardı. Rejissorun kor dilənçisi ilə bərabər rəqqasələrin rəqsi də Avropanın gələcəyinə üstüörtülü işarə idi: yeni İttifaq heç də saat kimi işləməyəcək.
2012-ci ildə 104 yaşlı di Oliveyra “Jebo və kölgələr” filmində yenidən yoxsulluq mövzusuna qayıdır. Bu, artıq “Qutu”nun ardı da deyil, sanki Maksim Qorkinin “Həyatın dibində”sinin ekranlaşdırılmasıdır. Təsadüfi deyil - yeni iqtisadi böhran Portuqaliyanı vurur, insanlar kütləvi şəkildə yoxsullaşır, küçələrdə polislə toqquşmalar başlayır (və bu gün də davam edir). Ölkədə həyat şəraiti Avropa göstəricilərindən enərək üçüncü dünya dövlətlərindəki vəziyyətə yaxınlaşır. İlk zərbələrdən biri isə incəsənətə dəyir.
2013-cü ilin dekabrında başda patriarx di Oliveyra olmaqla kino işçiləri etiraz bəyanatı yayaraq hökumətdən kino haqda aydın bir qanun qəbulunu tələb edirlər. Hazırda Portuqaliyada bənzərsiz situasiya yaranıb - Mədəniyyət nazirliyi ləğv olunub (büdcə xərclərinə qənaət üçün), kinematoqrafa yardım dayandırılıb. Və bütün bunlar ölkə kinosunun intibah dövrünü yaşadığı bir vaxtda baş verir. Nəticədə hətta bir çox tanınmış rejissor və aktyorlar da yeni peşə seçməyə məcburdurlar. Məsələn, bir çox mükafatların sahibi olan aktrisa Ana Moreyra (“Tabu” filmi) bar piştaxtası arxasında dayanmağa məcbur olub. Belə bir çətin vaxtda di Oliveyranın susmaması, aktiv etiraza qoşulması riqqət doğuran bir hadisədir.
***
2001-ci ildə 93 yaşlı rejissor özünün uşaqlığı mövzusuna baş vuraraq “Uşaqlığımın Portusu” filmini çəkir. Üslub bədii ilə sənədli filmin sintezidir, bütün kadrarxası mətni müəllif özü səsləndirir.
Film bu cümlələrlə başlayır: “Uzaq keçmişdəki anları yenidən canlandırmaq zaman hüdudundan kənara səyahətə bənzəyir. Buna isə yalnız insan yaddaşı qadirdir”.
Hər kəsin öz uşaqlığına xəyali qayıtması üçün bir məkan olmalıdır - doğulub böyüdüyü ev, küçə, şəhər. İlk dostlar, birinci öpüş, birinci təəccüb, ilk arzular. Bir sözlə, di Oliveyra “o oğlanın Edemi”nə - Portu şəhərinə dönür. Doğulduğu ev çoxdan dağılıb, bu evdə yalnız bir nəfər (müəllif) doğulmuşdu və yalnız bir nəfər (atası) ölmüşdü. Hər şey dəyişib - binalar, təbiət, mənzərələr, nəsillər, geyimlər və zövqlər, qəhrəmanlar və arzular. Ancaq bu dəyişikliklər insanın son günlərinə qədər xatirində hifz etdiyi o uşaqlıq aurasını, keçmişin ruhunu yox etmək gücündə deyil.
Filmin əvvəlində də, sonunda da eyni fadu ifa olunur. Həsrət, təəccüb, təsəlli və peşmançılıqdan yoğrulmuş sözlər: “İllər əvvəl isti evimdən göz yaşları içində getdim. 20 il keçib, ya 30 il - bilmirəm. Mənim qoca dayəm, mahnını oxu ki, yada sala bilim. Dünyanı gördüm, yalnız yalan, hiyləgərlik və kədərə tuş gəldim. Təmiz qəlbim necə də peşmandır! Ah, mənim qoca dayəm, mahnını oxu ki, yuxuya gedə bilim. Ürəyim kədərlə dolub...”
Bütün nəsillər və bütün fərdlər üçün əbədi arzu deyilmi bu? - sənin üçün cənnət olmuş o evə qayıdasan və sənə laylay oxuyan o doğma səsi dinləyib şirin yuxuya gedəsən. Böyümənin və azadlığın gətirdiyi bütün itkiləri unudasan, ovunasan...
Və yalnız xəyallarda.
Qoca rejissordan əbədi və çarəsiz mövzuya müraciət...