15 Noyabr 2016 21:39
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli sənətkar Yaşar Nurinin 65 illik yubileyi qeyd olunub.

Teleqraf.com xəbər verir ki, mərasimdə xalq artistinin dostları, mədəniyyət və incəsənət nümayəndələri, ailə üzvləri iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Yaşar Nurinin həyat və yaradıcılığından, eləcə də illərə dayanan dostluğunda söhbət açıb: "Yaşar 63 il ömür yaşadı. Bu gün onunla tanışlığımın tarixçəsini xatırladım. Onunla burda Akademik Milli Dram Teatrında tanış olmuşduq. Və elə o vaxtdan bəri yaxından dost olduq. O işıqlı, istiqanlı, ciddi şəxs idi. Sənətinə tələbkar olduğu qədər səhhətinə bir o qədər biganə idi. O səhhətinə qadağan olan hər şeyi edərək sanki ölümə yaxınlaşmaq istəyirdi. O hər kəsin sevimlisi, Akademik Milli Dram Teatrının parlaq siması idi".

Akademik Milli Dram Teatrının direktoru, bədii rəhbəri Azər Paşa Nemət Yaşar Nurinin xeyirxahlığından, hər kəsə yardım etməsindən danışıb.

Xalq artisti İlham Namiq Kamal Yaşar Nurinin onun üçün hər zaman var olduğunu qeyd edib:"Bu gün hamı Yaşarın işığına toplaşıb. Yaşar o qədər işıqlı insan idi ki, illər keçsə də o işıq həmişə saçacaq".

Yaşar Nurinin həyat yoldaşı Rəhimə Quliyeva bu gün kövrəldiyini etiraf edib: "Bu gün həm xoş, həm də kədərli hislər yaşayıram. Sevinirəm ki, onun doğum gününü belə yüksək səviyyədə qeyd edirik. Kədərliyəm ona görə ki, o bu gün yanımda yoxdur. Amma bilirəm ki, yaxşıdır. Çünki bir neçə gündür ki, Yaşarı yuxuda görürəm. Əhvalı yaxşıdır".

Xalq artisti Hacı İsmayılov Yaşarla yaxın dost olduğunu, həm teatrda, həm çəkiliş meydançasında onunla gözəl vaxt keçirdiyi illərdən danışıb.

Mərasimdə Yaşar Nurinin sevdiyi mahnılar ifa olunub, film və teatr səhnələrindən parçalar nümayiş olunub.

Nərmin


Müəllif:

Oxşar xəbərlər