M.Teatr - “Mənim Teatrım” “Maraqlı fiqur və ya siçan qadın” adlı yeni tamaşasını təqdim edib.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Vidadi Həsənov və istedadlı aktrisa Zümrüd Qasımovanın iştirak etdiyi tamaşa Kukla Teatrında nümayiş olunub.
Frans Kafkanın “Çevrilmə” povesti və Pərviz Seyidlinin eyniadlı hekayəsinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Vidadi Həsənovdur.
Maraqlı səhnə həllinin baş qəhrəmanı əyalətdən şəhərə gələn sadəlövh bir qızdır. Böyük şəhərə həyatını qurmağa gələn gənc qızın bütün hissləri, arzuları, böyük və parlaq xəyalları puç olur. Elə şəhərə ilk addımını atdığı andan onu izləyən gənc fotoqraf qızın bütün həyat yolunu dəyişməyə müyəssər olur. Birlikdə oxuyan gənclərin hissləri onlara mənəvi sarsıntıdan başqa heç nə vermir. Belə ki, getdikcə oğlana aşiq olan gənc qız əslində bir yaradıcı insanın fiquru, özünün təbirincə desək “təcrübə siçanına” çevrildiyini dərk edir. Arzuları puç, xəyalları darmadağın olan bədbəxt qadın sonda istəmədiyi adama çevrilir.
Nərmin