“İnterfaks-Azərbaycan” agentliyinin mətbuat mərkəzində V.Mayakovski adına Moskva Akademik Teatrının qastrollarına həsr edilmiş mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, mətbuat konfransında Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin baş direktoru Anton Proxorov, Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskis, RSFSR-in Xalq Artisti Svetlana Nemolyayeva, teatrın direktoru Leonid Oşarin, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Ədalət Haciyev, teatrın baş rejissoru, Azərbaycanın Xalq Artisti Aleksandr Şarovski iştirak ediblər.
Anton Proxorov “Böyük qastrollar” proqramı haqqında qısa məlumat verərək deyib ki, teatr həmin proqram çərçivəsində Bakıda iki tamaşa - teatrın bədii rəhbəri Mindauqas Karbauskisin quruluşunda “Rus romanı” və Sergey Artsibaşovun quruluşunda “Evlənmə” tamaşalarını təqdim edəcək. O bildirib ki, Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzi xarici ölkələrdəki rusdilli teatrlarla qarşılıqlı əlaqələr üzrə bu mühüm proqramı 2015-ci ildə işə salıb. Proqramın məqsədi peşəkar əməkdaşlığa yol açmaq, tamaşaçı auditoriyasını genişləndirməkdir. Proqram iki hissədən ibarətdir: Rusiyanın aparıcı teatrlarının yaxın xarici ölkələrə qastrolları və yaxın xarici ölkələrin teatrlarının Rusiyaya qastrolları.
Yevgeni Vaxtanqov adına Rusiya Dövlət Akademik Teatrının Bakıda “Yevgeni Onegin”i səhnələşdirmək təklifi aldığını vurğulayan Anton Proxorov deyib: “Bir neçə gün əvvəl çox maraqlı təklif daxil olub və bu təşəbbüs Azərbaycandan gəlib. Azərbaycanın birinci xanımı Vaxtanqov Teatrında “Yevgeni Onegin” tamaşasına baxıb. Bildiyimə görə, tamaşanı çox bəyənib. Səhnə arxasında onunla söhbət etmək imkanımız olub. Tamaşanı Bakıya gətirmək, onu bakılı tamaşaçılara göstərmək ideyası belə yaranıb”.
Rusiyanın Xalq Artisti Svetlana Nemolyayeva deyib ki, “Evlənmə” tamaşasındakı rolu ən sevimli rollarından biridir. O bir neçə il əvvəl “Dairə” tamaşası ilə Bakıya gəldiyini xatırlayaraq deyib: “Bakıda bizi yenə də çox gözəl qəbul etdilər, anşlaq, alqışlar və güllərlə qarşıladılar. Mənə elə gəlir ki, tamaşaçılar heç dəyişməyib. Eyni məhəbbət, eyni heyrətamiz gözəl münasibət, rəğbət və maraq hissi. Bu da bizi sevindirməyə bilməz. Biz Bakıdan yalnız ən xoş və gözəl xatirələrimizlə, ünsiyyət sevincimizlə ayrılacağıq”.
Qonaqlar bir ağızdan Bakının daha da gözəlləşdiyindən danışıblar.
Xatırladaq ki, noyabrın 17-dən 20-dək S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində “Böyük qastrollar 2016“ proqramı çərçivəsində Vladimir Mayakovski adına Moskva Akademik Teatrının qastrolları keçirilir.
Rusiyalı kollektiv Bakıda iki tamaşa təqdim edir: noyabrın 17-18-də “Evlənmə”, 19-20-də “Rus romanı”.