3 İyul 2014 16:44
1 244
12 Punto 14 Punto 16 Punto 18 Punto

V İpək Yolu Beynəlxalq Musiqi Festivalı davam edir.

Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Şəkidə keçirilən festivalın ikinci günü Türkiyə və Hindistandan gəlmiş musiqi karvanlarının çıxışları ilə davam edib.

Yay kinoteatrında İstanbul Dövlət Modern Folk Müzik Topluluğu rəngarəng proqramla çıxış edib. Topluluğun əsas məqsədi qədim türk musiqisi ənənələrini, xalq mahnı və rəqslərini müasir tərzdə, zəngin səs çalarları və yeni aranjimanla geniş xalq kütlələrinə çatdırmaqdan və təbliğ etməkdən ibarətdir. Musiqi qrupunun repertuarına türk musiqisindən əlavə, Azərbaycan xalq mahnıları və bəstəkarlar mahnıları da daxil edilib.

Günün ikinci yarısında Yuxarı Karvansarayın həyətində TÜRKSOY rəssamlarının sərgisi təşkil olunub. Sərgidə rəssamların əsasən son 15 gün ərzində yaratdıqları Şəkinin tarixi abidələrini, mənzərələrini özündə əks etdirən və ipək üzərində işlənilmiş əsərləri nümayiş etdirilib. Tədbirdə respublikanın xalq artisti Cəmilə Bayramovanın rəhbərliyi altında rəqs qrupunun çıxışları da sərgi iştirakçılarının zövqünü oxşayıb.

Həmin gün axşam Aşağı Karvansarayda Hindistanın "Nrityarupa" mahnı və rəqs qrupunun konserti olub.
Hindistan özünün zəngin mədəniyyəti, rəngarəng incəsənəti və musiqisi ilə İpək yolu məkanında mühüm yerlərdən birini tutub. Azərbaycanda da bu ulu məmləkətin maddi və mənəvi dəyərləri hər zaman yüksək qiymətləndirilib. Hindistan və Azərbaycan ənənəvi musiqi mədəniyyətinin ümumi kökləri, onların ümumşərq musiqi mədəniyyəti məcrasında inkişafı Azərbaycan muğamı və hind raqasında bariz şəkildə özünü göstərir. Bu festivalda da hind raqası Quru Madhub Mudqalın rəhbərliyi altında maraqlı konsert proqramı ilə çıxış edib. Bu ansamblın tərkibinə vokalçılar və hind fleytası, tabla, tampur, şitar və fisqarmon alətlərinin ifaçıları daxildir. İlk dəfə olaraq burada çox nadir hallarda ifa edilən ənənəvi hind aləti - esrac səsləndirilib.

Hindistanın zəngin musiqi sənəti, həmçinin "Nrityarupa" rəqs qrupu ilə təmsil olunub. Altı rəqs formasında tamaşaçılara qədim hind rəqsinin əlvan libaslı rəqs mozaikası təqdim edilib.


Müəllif: