Akademik Milli Dram Teatrının prodüseri Elşad Əliyev teatrı məhkəməyə verib. Teleqraf.com məsələ ilə Elşad Əliyevdən alınan müsahibəni təqdim edir.
-Elşad bəy, Akademik Milli Dram Teatrında nə zamandan bəri çalışırdınız?
-Mən 2011-ci ilin fevral ayından teatrda menecer vəzifəsində çalışıram. 2016-cı ilin aprel ayında şöbədə prodüser vəzifəsi boş olduğu üçün mən ora öz namizədliyimi təklif etdim. İyun ayının 1-də menecer vəzifəsindən çıxarılıb elə həmin gündə də prodüser vəzifəsinə təyin olunmuşam. 5 ildən artıq işlədiyimə görə teatrdakı müqaviləm müddətsiz idi. Lakin yenidən məni işə götürərkən yeni müqavilə bağladılar. Elə problemlər də bundan sonra başladı.
Kadrlar şöbəsi mənə bildirdi ki, qayda belədir. Yeni müqaviləm 4 aylıq müddətə bağlandı və 3 ay sınaq müddəti təyin olundu. İşə düzələndən heç 2 ay keçməmiş məcburi məzuniyyətə göndərildim. Qeyd edim ki, iyul ayında bütün teatr məzuniyyətə gedir. Yəni 4 ayın faktiki olaraq cəmi 51 günü mən işdə olmuşam.
-Sizə işdən çıxarılmağınızla bağlı heç bir söz deməyiblər, ya da siz bununla bağlı nəsə hiss etməmisiniz?
-Qanunvericiliyə görə 3 aylıq sınaq müddətində işçiyə yazılı xəbərdarlıq olunmalıdır. İşçiyə məlumat verilməlidir ki, işçi idarənin tələblərinə uyğun gəlmir. Mənə isə 3 ayın tamamında hər hansı bildiriş edilməyib. 4 ayın tamamında mənə dedilər ki, əmrə xitam verilib, bir daha teatra gəlmə.
Akademik Teatr məhkəməyə bildirib ki, Elşad Əliyevin işdən azad olunmasının səbəbi işə gəlməməsi, işdə olmaması ilə əlaqədardır. Əgər işə gəlmirdimsə, teatrın daxili nizam-intizam qaydalarına riayət etmirdimsə bununla bağlı mənim adımdan izahat yazılmalı idi.
Qeyd edim ki, 4 ay ərzində hər gün işə gəlmişəm və hər gün işdə olmuşam. Məhkəmə teatrdan tələb etdi ki, Əliyev Elşaddan izahat alınıbsa onun nüsxəsini, teatrın turniketdən çıxarışı məhkəməyə təqdim olunsun. Lakin bunların heç biri məhkəməyə təqdim olunmayıb.
-Sizə qarşı bu münasibətin kökündə nə dayanır?
-Mən prodüser vəzifəsinə təyin olunmaq üçün rəhbərliyə, daha doğrusu, teatrın sərəncamçı direktoruna müraciət etmişdim. Hesab edirəm ki, mənim özümü o vəzifəyə təqdim etməyim müdiriyyətin xoşuna gəlməyib. Və onlar mənimlə 4 aylıq müqavilə imzalamaqla məni işdən uzaqlaşdırmağa əsas yaradıblar.
-Siz nə vaxt məhkəməyə müraciət etdiniz?
-Oktyabr ayının 1-dən işdən uzaqlaşdırılmışam. Oktyabr ayının 11-də isə mən məhkəməyə müraciət etdim.
-Menecer kimi işlədiyiniz dönəmdə bu kimi hallarla qarşılaşmışdınızmı? Sizin işinizə münasibət necə idi?
-2011-ci il teatra işə götürülən gündən etibarən mənim bilavasitə iştirakımla teatrın prodüser şöbəsinin təşkilatçılığı ilə teatr 16 dəfə xarici ölkələrdə qastrolda olub. Teatrın tarixində ilk dəfə Serbiya və İsveçə tamaşa göndərmişik. Özümü prodüser vəzifəsinə namizəd edən gündən etibarən mənə qarşı qərəzli münasibəti hiss etdim. Ondan əvvəlki dönəmdə belə bir şey olmayıb. Prodüser kimi işlədiyim 4 ay ərzində teatrın xarici əlaqələri ilə bağlı 15 layihə və təklif etmişəm.
-Adətən hansısa quruma yeni rəhbər təyin olunanda köhnə rəhbərin təyin etdiyi kadrlarla vidalaşır. Sizin də işdən çıxarılmanız bununla bağlı ola bilərmi?
-Onu deyə bilmərəm. Bəlkə də. Mən teatrda sadə işçi idim. Teatrın direktor müavini, kadrlar şöbəsinin müdiri, baş mühasib də İsrafil müəllimin vaxtında teatra gəliblər lakin indi də orda çalışırlar.
Onu da deyim ki, mən teatra işə düzələndən sonra teatr işini daha yaxşı öyrənmək üçün və teatra daha çox fayda vermək üçün doktoranturaya qəbul olmuşam. Hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoruyam.
Elmi işimin böyük hissəsi teatrla bağlı araşdırmalarla bağlıdır. Bilirsiniz, mən həyatımı teatrla bağlamışam, bu işin elmi cəhətlərini öyrənmişəm. İndi heç bir səbəb, nöqsanım, qüsurum olmadan teatrdan uzaqlaşdırılmağım mənə çox pis təsir edir.
Yenə deyirəm, işçini işdən çıxartmaq üçün hüquqi əsas olmalıdır. Mənim iş vaxtı işdə olmamağımla bağlı hər hansı sübut yoxdur.
-Sizinlə bağlı teatrın açıqlaması ilə tanışsınızmı? Deyilir ki, siz hazırda Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşısınız. Paralel olaraq və əvəzetmə ilə Akademik Milli Dram Teatrında menecer kimi çalışmısınız: “Onunla dörd aylıq müqavilə bağlanıb və sınaq müddəti müəyyən olunub. Müqavilə başa çatdığına görə vəzifəsindən azad olunub. Elşad Əliyev Akademik Milli Dram Teatrını məhkəməyə veribsə, bu onun vətəndaş kimi hüququdur. Son qərarı məhkəmə verəcək”.
-Xəbərim yox idi. Amma onların belə bir məlumat verməsi, təbiidir. Mənim Elmlər Akademiyasında çalışmağım qeyri- qanuni bir əməl deyil. Əksinə. Mənim əlimdə teatrın kadrlar şöbəsinin, rəhbərliyinin və hüquq məsləhətçisinin AR Əmək Məcəlləsinə zidd hərəkətlərinə aid sübutlar olmasa idi mən məhkəməyə müraciət etməzdim.
Ümidvaram ki, məhkəmə qanunun tələbinə uyğun olan qərar verəcək.
-Məhkəmənin gedişatı nə vəd edir?
-Bilirsiniz, mən sadəcə hüquqlarımız pozulduğunu hesab edib məhkəməyə müraciət etmişəm. Bircə onu bilirəm ki, məhkəmənin tələb etdiyi sübutları teatr məhkəməyə təqdim edə bilməyib. Hər halda ümidvaram ki, Azərbaycan hüquq sistemi hər hansı şəxsin istəyindən asılı deyil. Qanun qarşısında hər birimiz eyni dərəcədə cavabdehik.
-Yenidən teatr bərpa olunmağınızı istəyirsinizmi?
-Bəli. İddiamın məğzi elə bundan ibarətdir. Bilirəm ki, o kollektivdə işləmək çətin olacaq.
-Beş ildir ki, teatrın içindəsiniz. Teatrın adı hər dəfə bir qalmaqalda hallanır. Hikmət Rəhimovun işdən çıxarılması, Fuad Poladovun teatrı tərk etməsi…Əslində teatrda nə baş verir?
-Hər şeyi bir kənara qoyub soyuq başla fikirləşək, Fuad Poladov kimi dahi teatrı tərk etdi. Bu elə- belə hadisə deyil. Teatrın kassadan satdığı biletlərin çoxu Fuad müəllimin tamaşalarına satılır. Tamaşaçılar sırf Fuad müəllimin adına görə tamaşaya bilet alıb gəlir. Belə deyək, Fuad Poladov özü bir brenddir. Belə bir adam teatrdan gedirsə, bundan teatr ancaq itirir.
Nərmin Muradova