Teleqraf.com tanınmış yazar Murad Köhnəqala ilə müsahibəni təqdim edir:
- Murad bəy, mətbuatda AYB-yə üzv olmağınız barədə məlumat yayıldı. Bu addımınıza görə sizi qınayanlar da, müdafiə edənlər də var. Müdafiə edənləri bir qırağa qoyaq, qınaq nə üçün idi?
- Söhbətə bir qədər uzaqdan başlamaq istəyirəm. Biz AYO-nu təsis edəndə məqsədimiz AYB ilə düşmənçilik aparmaq deyildi. Lakin iş elə gətirdi ki, hər iki tərəfdən sülh pozuldu və polemikalar zaman-zaman kəskin xarakter almağa başladı. Sonralar mən AYO-nun sıralarını tərk etdim. Ancaq AYO üzvləri olan dostlarla həmişə ünsiyyətdə olurdum. Orada bir çox nüanslar prinsiplərimə zidd olduğuna görə, mən ideoloqu olduğum təşkilatı tərk etməyə məcbur oldum.
Məni AYB üzvü olmaqda qınayanların başında Rasim Qaraca durur. İndi açıqlayıram: Əslində, mənim də, digərlərinin də AYO-dan getməyimizə Rasimin cılız eqoizmi, kaprizləri səbəb olub.
- Səhv etmirəmsə, siz AYO-dan çıxdığınız ərəfədə sədr Rasim Qaraca idi...
- AYO-nu təsis edərkən mən belə bir ideya irəli sürmüşdüm, rəhbərlikdə bir nəfərin diktaturası olmasın deyə hər altı aydan bir ocaqbaşı seçilsin. Mən ilk altı ay üçün aramızda ən gənc AYO-çunun – Səlim Babullaoğlunun sədrliyini təklif etdim. Fikrimi də onun gənc, enerjili və yaxşı təşkilatçı olması ilə izah etdim. Rasim mənim bu təklifimə qəti şəkildə etiraz etdi. Variant kimi Həmid Herisçinin namizədliyi müzakirə olunanda o da başqan olmaqdan imtina elədi. Mən Ocağın ideoloqu olduğumdan, bu vəzifəni öz üzərimə götürmək istəmədim.
AYO-nun o zamankı ilk üzvləri və bizə meyillənən qələm adamları içərisində heç kim, ədəbi cameədə çox da tanınmayan Rasim Qaracanın başçı seçilməyini arzulamırdı. Aradan bir müddət keçəndən sonra təşkilatın gəlişməsində bizə yaxından köməklik göstərmiş Elxan Qaraxanlı mənə dedi ki, Rasim Qaracanı sədr seçmək lazımdı. Dedim, axı uşaqlar onu istəmir. Elxan qayıtdı ki, Rasim deyir, məndə təzyiq xəstəliyi var, sədr olmasam, təzyiqim aşağı düşəcək. Çar-naçar, qələm dostumuzun səhhətinin qeydinə qalaraq onun sədr seçilməyinə razılıq verdik.
- Demək, Rasim Qaraca AYO-nun sədri oldu. Sonrakı proseslər necə getdi?
- O zaman mən “Azadlıq” qəzeti ilə əməkdaşlıq edirdim. Qəzetdəki nüfuzumdan istifadə edərək “Azadlıq”ın binasında iki dəfə AYO-nun konfransını keçirdik. Ocağın öz mətbu orqanı olmadığına görə yenə mənim nüfuzum sayəsində “Azadlıq” qəzetində ardıcıl olaraq, təşkilatın yaranması, məqsədi, hədəfi barədə məqalə və müsahibələr çap etdirdik. İlk aylarda Rasim Qaraca sədr kimi fəallıq göstərir, istedadlı gəncləri təşkilata toplayırdı.
Tezliklə, ən yeni Azərbaycan ədəbiyyatı nümunəsi kimi AYO-nun “Yaquar yerişli zaman” adlı almanaxı işıq üzü gördü.
Sözü nəyə gətirirəm. Rasimin sədrliyindən altı ay keçdikdən sonra yığılıb ona dedik ki, artıq sənin rəhbərlik müddətin tamamlanır. Yeni ocaqbaşı seçilməlidi. Biz bunu təşkilatın qan dövranının daim yenilənməsi üçün düşünmüşdük. Rasim isə qaydanı pozaraq sədrlik müddətinin bir ilədək uzadılmasında israr etdi. Yenə bir söz demədik. Təşkilatı gələn altı ay ərzində Ədliyyə Nazirliyində qeydiyyatdan keçirmək şərti ilə razılaşdıq. Şərtimiz belə idi, Rasim AYO-nun nizamnaməsini tərtib edərək, gənc yazar, hüquqşünas Xaliq Şürükə verəcək, o da qurumun qeydiyyat məsələləri ilə məşğul olacaq.
Aradan aylar, illər keçdi. Rasim nə nizamnamə gətirdi, nə də sədrlik postundan istefa verdi. Uşaqların içində narazılıqlar olsa da hamının üz-gözü Rasimin sədrliyinə öyrəşmişdi. Bu arada AYO üzvləri AYB haqda, AYB üzvləri isə AYO-çular barədə tənqidi yazılar yazdılar. Beləcə, AYB—AYO ziddiyyəti atışmaya çevrilməyə başladı. Əlbəttə, yaranışdan AYO-nun hədəfi AYB ilə dartışmaq deyildi, məqsəd müstəqil Azərbaycanın ən yeni ədəbiyyatını yaratmaq idi. Təəssüf ki enerjimiz kənara çox sərf olundu.
- Maraqlıdı, bəs AYO-çular Rasim Qaracanın istefasını niyə tələb etmirdilər?
- Bayaq dediyim kimi, ortada nə nizamnamə, nə də qayda-qanun vardı, həm də başımız qızğın polemikalara qarışmışdı. Mənim fikrim bu idi ki, təşkilatı üçümüzün – Həmid, Rasim və mənim təsisçiliyimiz altında qeydiyyatdan keçirək, qrant layihələri işləyək, ədəbi orqan yaradaq, kitablar çap etdirək, yazdıqlarımızı xarici dillərə tərcümə etdirək. Sən demə, Rasim üçlüyün təsisçi olmasını istəmirmiş. Bu da bizə nə vaxt məlum oldu? Günlərin bir günü Rasim gəlib dedi ki, təkbaşına “Alatoran” adlı jurnal təsis edib, onu qeydiyyatdan keçirmişəm. Biz onun bu addımını da sadəlöhvcəsinə öz uğurumuz hesab etdik.
İlk nömrə çıxanda baxdım ki, jurnala “AYO-nun mətbu orqanı” ifadəsi yazılmayıb. Buna etiraz olaraq, Həmidlə birlikdə Rasimi sorğu-suala tutduq. Rasim dedi, bu, mənim şəxsi jurnalımdı, özüm bilərəm. Lakin ikinci nömrənin buraxılışnda biz onu jurnalı “AYO-nun mətbu orqanı” adlandırmağa məcbur etdik. Halbuki, mən “Alatoran”dan öncə “Adiloğlu” nəşriyyatında “Alma əhvalatı” adlı kitabımı “Azad Yazarlar Ocağının kitabxanası” adı altında çap etdirmişdim.
- Bunu nə məqsədlə eləmişdiniz?
- Mən “Adiloğlu” nəşriyyatının direktoru ilə şəxsi tanışlığımdan istifadə edərək, bütün AYO-çuların kitablarını və təşkilatın mətbu orqanını Azad Yazarlar Ocağının Kitabxanası seriyası kimi çap etdirmək istəyirdim. Belə də oldu. “Alatoran” jurnalının arxasınca ilk olaraq, Rasimin şeirlər kitabını, sonra isə Azad Yaşarın, Aqşin Yeniseyin, Həmid Herisçinin kitablarını “Azad Yazarlar Ocağının Kitabxanası” seriyası adı ilə həmin nəşriyyatda çap etdirdik.
Söhbəti nə üçün AYB-yə qayıtmağıma gətirirəm. Rasim Qaraca “Alatoran”ın baş redaktoru idi, biz isə idarə heyətində təmsil olunurduq. Rasim yenə özbaşınalığını davam etdirərək, jurnalda gedəcək materialları özü seçir, uşaqların yazılarını kəsib-doğrayır, bizimlə hesablaşmırdı. Bu kimi naqislikləri neçə dəfə ona irad tutsaq da, nəticəsi olmadı. Artıq onun liliput diktatorluğundan boğaza yığılmışdım. Sadəcə, əsəblərimi qorumaq naminə AYO-dan getdim. Mənim gedişimlə o təşkilat çayxana dərnəyinə çevrildi. Rasim isə məni əbədi düşmən elan etdi. Çayxanada başına yığdığı bixəbər gənclərə məni satqın kimi qələmə verdi.
- Bəs sizcə, AYB-yə üzv olmağınız Rasim Qaracanı niyə bu qədər ilgiləndirir?
- Məsələ burasındadır ki, ədəbiyyat söhbətlərində məndən həmişə AYO-nu niyə tərk etdiyimi soruşurlar. Mən də izah kimi ordakı narazılıqlarımın səbəbini hərdən dilə gətirmişəm. Sözsüz ki, bu konuda Rasimin adı hallanmalıdı. Onun mənə qarşı xüsusi qıcığının səbəblərindən biri budur. Yeri gəlmişkən, bugünlərdə Şaiq Vəlinin adından mənə “cəhənnəmdən məktub” yazmışdı, təkcə o yazısından bilinir ki, bu adam sözdən, ədəbi duyğudan nə qədər uzaqdı. Şaiq niyə cəhənnəmdə olmalıdı ki? Gör ona ixtiyar verilsə, məni hansı qır qazanında bişirər.
Ümumiyyətlə, nə üzlə Şaiqin adını çəkirsən? Əvvəla, Şaiq AYB-nin üzvü idi. İkincisi, o adam aylarla yataqda xəstə yatdı, bircə dəfə yanına getdinmi? Dəfninə belə gəlmədiyin adamın adından nə xaltura eləyirsən?
Bunun cənnət-cəhənnəm bölgüsünə bax. Demək, bunun ağlınca biz araq içdiyimizə görə cəhənnəmə gedəcəyik, bu isə tort yediyinə görə cənnətə düşəcək. Mənasızlığa fikir ver, bu gün-sabah 60 yaşı olacaq, hələ də tort yeyir.
- Deyirlər siz AYB-yə maddi problemlərinizi həll etmək üçün getmisiniz...
- Qətiyyən belə deyil. Çoxları mənim AYB-yə gedişimi mənzil problemimi həl etmək istəyimlə yozurlar. Bu qərarımı maddi çətinliklə əlaqələndirənlər də var. Birincisi, Yazıçılar Birliyi hazırda heç kimə mənzil vermək imkanında deyil. İkincisi, əgər söhbət Prezident təqaüdündən gedirsə, mən o təqaüdü hələ mərhum prezidentimiz Heydər Əliyevin zamanında almışam.
- Bəs AYB-yə getməkdə məqsədiniz nədir?
- Mən uzun müddət AYO-çularla bir yerdə oldum. Onların həqiqi ədəbiyyat yaradacığına ümidli idim. Zaman-zaman bu uşaqların zəif yaradıcılığını gözardına atır, düşünürdüm ki, nə vaxtsa alındıracaqlar. Lakin təəssüf ki AYO-çuların əksəri qırx-əlli yaşlarını aşırsalar da ortalığa normal ədəbiyyat nümunəsi qoya bilmədilər. Nəticədə, hər birinin beli iddia dağarcığı altında büküldü.
Məsələn, ədəbi mühitdə özünü “Birlər”in novatoru kimi təqdim edən Rasim Qaracanın eybini açmaq üçün deyim ki, təkcə Rusiyada keçən əsrin sonlarında çoxlu sayda şair var ki, öz “Birlər”i ilə məşhurdu. Bunlardan Vladimir Vişnevskini, Natalya Xozyayevanı, Vlad Veselovskini, Aleksey Zaxarovu və onlarla belə şairi misal çəkmək olar.
Nəsrdə isə vəziyyət daha ağırdı. Çoxunun yaradıcılığından İbrahim Tatlısəsin şarkılarının səsi gəlir. Gözünə döndüklərim məişət üslubunda yazdıqları publisistik mətnləri hekayə, roman adına elektron bazara çıxarırlar.
- Deməyinizdən belə çıxır ki, həqiqi ədəbiyyat AYB-dədi?
- O fikirdə deyiləm ki, AYB-də hamı ədəbiyyat yaradır. Lakin AYB-də elə imzalar var ki, onların ədəbiyyatımızdakı rolunu inkar etmək insafsızlıq olardı. Çingiz Abdullayev kimi dünya şöhrətli yazıçı orada təmsil olunur.
Təkcə Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını müasir Azərbaycan nəsrində inqilab saymaq olar. Bizim liberal düşüncəli ən gənc yazarlarımız belə Təhminə kimi azad qadın obrazı yaratmaq təfəkküründə deyillər. Hətta elə iddialı cavan qələm adamları var ki, onların düşüncəsinə görə Təhminələr daşqalaq olunmalıdı.
- Siz özünüz vaxtilə Anarı çox tənqid etmisiniz...
- Əlbəttə, danmıram. Çünki bu yazılı tarixdi. Mən Anarın yaradıcılığını yox, idarəetmə üsulunu tənqid etmişəm. Belə ki onun uzun müddət AYB sədri olması çoxumuzu cırnadıb. Lakin yaşadığımız prosesləri nəzərə alaraq, deyirəm ki, AYB bir ədəbiyyat nazirliyidi. Təbii ki buraya sədr təyin olunur.
Ətrafındakı hər kəsi incidərək, perspektivsiz, kiçik bir qurumun sınıq stuluna qaracasaqqız olub yapışan adamları gördükdən sonra Anarın uzunmüddətli rəhbərliyə layiq olduğunu anladım.
- Murad bəy, bir az da ailə münasibətlərindən danışaq. Sizcə, ev işlərində qadın-kişi bölgüsü necə olmalıdı? Gender balansı necə qorunmalıdı?
- Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.
Onsuz da evdə qadının işi başından aşır. Məsələn, həyat yoldaşım yemək bişirirsə, kartofu mütləq mən soymaq istəyirəm. Qadınların zəhləsi gedən göyərti təmizləmə işini həvəslə görürəm. Bu proses əsəblərimi sakitləşdirir. Mənim qənaətimcə, əslində, mətbəxi yaxşı bilən qadın mükəmməl ola bilməz.
- Bir çox kişi yazarımız xəyalındakı ideal qadın barədə həddən artıq tələbkar şərtlər irəli sürürlər. Onların fikrincə, qadın həm kitab oxumalı, həm yemək bişirməli, həm də kişiyə qarşı maksimum diqqətli olmalıdı. Sizcə, qadın bütün bu şərtləri ödəməlidirmi?
- Əvvəlcə, həmin o tələbkar kişinin özündən soruşmaq lazımdı, sən hansı üstünlüklərinə görə ideal qadın arzusundasan? Dediyiniz o tələbkarların fikirləri ilə mən də çox qarşılaşmışam. Onlar qadından Kafkanı xırdalamaq, Sartrı sökmək, Dostoyevskini şumlamaqla yanaşı yaxşı dolma bükmək, piti asmaq, əriştə kəsmək də tələb edirlər. Üstəlik, ondan bir “Monikalıq” da umurlar.
Adətən, özünə belə bir mükəmməl qadını layiq bilən həmin kişi tipi evdəki xarab “rozetka”nı düzəltdirməkdən ötrü mantyor çağırır. Taxtaya bir mismar vurana kimi barmağını çəkiclə on dəfə əzir. Ekstremal vəziyyətdə yanındakı xanımı qorumaq lazım gələrsə, kiməsə bir yumruq vurmaq iqtidarında da olmur.
Sevinc Fədai