24 Noyabr 2016 17:00
2 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Türkiyədə yeni yaradılan Türk Xalqları Konseyinin təşkilatçılığı ilə Ankaraya səfər təşkil olundu. Səfərdə məqsəd Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət etmək, onun irsinin yaşanmasına konsey olaraq dəstək vermək idi. İstanbul Azərbaycan Kültür Evinin təklifi ilə səfər proqramına Məhəmmədəmin Rəsulzadənin məzarının ziyarət edilməsi də əlavə olundu.

... Soyuq hava gözləsək də, Ankara bizi günəşli qarşıladı. İlk olaraq M.Rəsulzadənin Əsri məzarlığında yerləşən məzarını ziyarətə getdik. Məzar önündə çıxış edən Türk Xalqları Konseyinin başqanı Mahmut Oral konseyin ilk ziyarətinin Rəsulzadənin məzarı olmasından qürur duyduqlarını, onun “Bir kərə yüksələn bayraq, bir daha enməz” şüarına sadiq qalacaqlarını bildirdi. Həmçinin məzarda bəzi təmir işlərinə ehtiyac olduğunu deyən Mahmut bəy konsey olaraq bələdiyyə ilə müzakirə aparıb bu işi həll edəcəklərini qeyd etdi.

Mahmut bəy haqlı idi. Həqiqətən də, 2008-də anıt qəbir kimi düzəldilən Rəsulzadənin məzarında müəyyən təmir işlərinə ehtiyac vardı.

Daha sonra heyət olaraq Atatürkün Anıt qəbirinə yollandıq. Aslanlı yolla yürüyərək Atatürkün məzarına doğru yol aldıq. Aslanlı yol adlanan bu yolun bir neçə simvolik anlamı var. Bunlara keçmədən öncə Anıt qəbirin tarixi ilə bağlı bəzi mühüm məsələləri yada salaq.

“Millətim haraya istəyirsə, oraya gömsün...”

1938-ci ildə vəfat edən Mustafa Kamal sağlığında harada dəfn edilmək istəməsi ilə bağlı bir fikir bildirməyib. Uzun illər onun yanında olan professor Afet İnanın yazdığına görə, Atatürk deyib ki, millətim məni haraya istəyirsə, oraya da gömsün. Ona görə də Atatürkə məzar olaraq yer seçimi millətin və dolayısı ilə millətin seçdiyi hökumətin üzərində olacaqdı.

Buna görə də hökumət fəaliyyətə keçir, bu sahə üzrə mütəxəssislərlə danışılır, parlamentdə müzakirələr aparılır, deputatlar tərəfindən müxtəlif yerlər təklif edilir. Nəhayət, Aydın millət vəkili, mühəndis Mithat Aydının Rasattepe təklifi qəbul edilir.

Bəzi bilgilərə görə, bir gün Atatürk Rasattepeden keçərkən, “bu təpə necə gözəl bir anıt yeridir” deyə fikir bildirib.

Məkan seçildikdən sonra anıtın necə olacağı ilə bağlı hökumət müsabiqə elan edir. Müsabiqəyə 27-si xarici olmaqla, 47 sənətkar qatılır. Xarici mütəxəssislərin də olduğu jüri heyəti yekunda professor Emin Onat ilə dosent Orhan Ardanın hazırladığı layihə üzərində dayanırlar.

Professor Onat o zaman verdiyi açıqlamada bildirir ki, anıt qəbirlə bağlı layihəni orta əsr sxolastik ruhunda, sultan, vəli məzarları formasında deyil, 7 min illik tarixi olan klassik ruhda etmələrinin səbəbi Atatürkün gətirdiyi yenilikləri təmsil edəcəyinə görədir.

Daha sonra anıt qəbirdə olacaq heykəllər və digər memari işlərlə bağlı da müsabiqə elan olunur.

9 noyabr 1944-cü ildən tikintisinə başlanılan və 1 sentyabr 1953-cü ildə tamamlanan anıt məzar 150 min ton ağırlıqdadır.

Aslanlı yol, 24 Oğuz boyu

Anıt məzar hazırlanana qədər isə Atatürkün nəşi Etnoqrafiya muzeyində saxlanılırdı. Anıt hazır olduqdan sonra buraya gətirilərək dəfn olunur. Anıtda hər kəs simvolik məzarı ziyarət edə bilir. Əsl məzar isə Anıtdakı bir otaqdadır və ora baş qərargah rəisinin icazəsi ilə girmək mümkündür. Amma kamera vasitəsiylə izləmək olur.

Atatürkün 15 il sonra məzarının açılması və hazırlanan anıt məzara aparılması prosesi o zaman böyük həyəcan doğurmuşdu. 1938-ci ildə yaşanan insan seli yenidən Ankaranı ağuşuna almışdı. Məzarın açılışında iştirak edənlərin xatirələrini isə həyəcansız oxumaq mümkün deyil. 15 ildən sonra Atatürkün üzünü görmək həyəcanına dayan bilməyib bayılan şəxslər olmuşdu. Atatürkün nəşi yeni vəfat etmiş bir şəxs kimi qorunmuşdu.

O zamankı prezident Cəlal Bayar həmin gün xalqın önündə bunları demişdi:

“Böyük Türk milləti! Atatürk tam 15 il öncə bu gün həyata gözlərini yumdu. Həmin gün bütün türk milləti ağlamış, insanlar kədərimizə şərik olmuşdular.... Atatürk, sən bizdən idin. Səni xəlifə, padşah etmək istəyənlər oldu. İltifat etmədin. Milli iradə yolunu seçdin. Həyat və şəxsiyyətini millətin yoluna həsr etdin... İndi səni xilas etdiyin vətənin hər köşəsindən göndərilən müqəddəs torpaqlara əmanət edirik...”

Anıta gedən yol 262 metrdir və yolun sağ və solunda 24 aslan heykəli mövcuddur. Bu aslanlar 24 oğuz boyunu təmsil edir. Yol daşları arasında 5 sm-lik məsafə var. Bunun da səbəbi odur ki, Atatürkün hüzuruna doğru gedərkən insanlar hörmət əlaməti olaraq başlarını aşağı diksinlər. 5 sm-lik boşluq istər-istəməz insanın ayağının altına baxmağa məcbur edir.

Anıt qəbirin 33,5 metr uzunluğundakı bayraq dirəyini 1946-ci ildə Nəzmi Camal adlı bir türk ABŞ-dan göndərib.

Anıt qəbirdə Atatürkün özəl əşyaları, fotoları, sənədləri, sonradan məzar üçün müxtəlif ölkələrdən göndərilən əşyalar və türk, fransız, ingilis, alman, rus və s. dillərdə olan 3118 kitab sərgilənir.

***

10 noyabr Atatürkün ölüm tarixi olduğu üçün noyabr ayı ərzində anıt qəbiri ziyarətə gələnlər çox olur. Türkiyədə erkən nikahlar, uşaqlara qarşı cinsi istismarçılarla bağlı qərar gündəmdə olduğu bir müddətdə türk müəllimlər uşaqlara bayram bəxş edən Atatürkü ziyarət etmək üçün şagirdlərini oraya gətirmişdilər.

Həqiqətən də, anıt qəbir möhtəşəmliyi ilə Atatürk dəyərlərini özündə simvolizə edir. Oradakı heykəllər, qüllələr, klassik mədəniyyəti özündə əks etdirən ümumi görüntü Türkiyənin həm də xilafət qiyafəsini soyunub mədəniyyət qiyafəsinə bürünməsinin bir simgəsidir.

İllər keçdikcə, Atatürkün mücadilə apardığı zehniyyət ara-sıra dirilməyə çalışsa da, Atatürkün Türkiyəyə buraxdığı dəyərlər hər zaman qardaş ölkəni aydınlığa aparacaqdır...

Dilqəm ƏHMƏD
Fotolar: Məhəmməd İsmayılov


Müəllif:

Oxşar xəbərlər