24 Noyabr 2016 17:35
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Filmləri Həftəsi çərçivəsində Bakıya gələn Türkiyənin məşhur aktyoru Əmrə Kızılirmak Teleqraf.com-un suallarını cavablandırıb.

Əmrə Kızılırmak Ankarada doğulub, İzmirdə böyüyüb, təhsilini isə Əskişəhərdə alıb. Atası idman müəllimi olduğundan o da uzun müddət idmanla məşğul olub. Sonra musiqiyə həvəs göstərib, gitara çalmağı öyrənib və musiqi qrupu da yaradıb.

Eyni zamanda basketbol məşqçisi və model agentliklərindən birinə üzv olaraq bəzi layihələrə qatılıb. “Best model” yarışında ikinci yerə çıxıb. Türkiyənin məşhur prodüserlərindən biri olan Türker İnanoğlu ilə tanışlığı həyatını dəyişib.

Əmrə Qızılirmağın Türkiyədə, eləcə də Azərbaycanda tanınmasına səbəb “Aşk bir hayal” adlı serialında baş rola çəkilməsi olub. Reytinqli seriallardan olan “Aşk bir hayal”ın çəkilişləri iki il davam edib. Ardınca “Dedektiv Memoli”, “Kara Para, Aşk”, “Bir dəniz hekayəsi” seriallarında və “Pəri masalı” adlı filmdə çəkilib.

-Azərbaycana ilk gəlişimdir. Bundan çox məmnunam. Bakı çox soyuqdur, amma burda qarşılaşdığımız insanlar bizə çox gözəl davrandıqları üçün isinmişik. Çox qonaqpərvər xalqsınız.

-Bakı İstanbuldan soyuqdur?..

-Əlbəttə. Bakıya soyuq havalar İstanbuldan tez gəlib çatıb...

-İnstaqram səhifənizdə “Bakının gözəl küçələri” deyə bir paylaşım etmisiniz. Ürəyiniz istəyən qədər şəhəri gəzə bildinizmi?

-Hələ çox gəzə bilməmişik. Bu gün İçərişəhəri gəzdik, milli yeməklərinizdən yedik, hamısı çox dadlı və gözəl idi. Ümid edirəm ki, burda olduğum müddətdə hələ çox yerləri gəzib görmək şansım olacaq.

Çox sevinirəm ki, Bakıya gəlişim məhz Türk Filmləri Həftəsi çərçivəsində reallaşıb. Belə tədbirlər daha çox keçirilməli, ölkələr arasında mədəni əlaqələr güclənməlidir. Dövlət, millət olaraq bizi narahat edən problemlərimiz, müharibələrimiz haqqında ssenarilər yazılmalıdir. Biz özümüz, mədəniyyətimizi filmlərimiz vasitəsilə dünyaya çatdırmalıyıq. Bura gəlib, belə bir mədəni tədbirin parçası olmaqdan çox məmnunam.

-Hansı yeməklərimizdən dadmısınız?

-Düşbərəniz çox gözəldir, heyran qaldım. Aşınızın çox yaxşı olduğunu bilirəm, amma hələ yeməmişəm. Eşitmişəm ki, südlü məhsullarınız da dadlıdır. Paxlavalarınızdan daddım, bəyəndim. Hətta bir neçə paxlava yedim. Elə onun sayəsində ayaqdayam. Çox yorğun idim, mənə enerji verdi.

-Yemək demişkən, aktyorlar üçün çəkini formada saxlamaq çox vacibdir. Bunun üçün xüsusi nə edirsiniz?

-Mən idmanla məşğul olmayanda özümü narahat hiss edənlərdənəm. Mütamadi idmanla məşğul olduğuma görə nə yeyə bilərəm, nə yox - belə qaydalara diqqət eləmirəm. Amma marketlərdə qutularda satılan yeməklərdən istifadə etmirəm. Daha çox ev yeməkləri, ya da gözümün önündə hazırlanan və içində nə olduğunu bildiyim yeməkləri yeyirəm.

-İzlədiyiniz, yaxud baxmaq istədiyiniz Azərbaycan filminin adını çəkə bilərsinizmi?

-Öz uşaqlıq dövrlərindən çıxış edərək suala cavab verəcəm. Sizin klassik filmləriniz Türkiyədə nümayiş olunmurdu. 80-90-cı illərdə sizdə filmlər çəkiləndə mən uşaq idim. Təəssüf ki, o filmlər Türkiyəyə gəlmirdi. İndi Bakıya gəlməyimin səbəblərimdən biri də filmlərinizi görməkdir. Hər nə qədər qardaş ölkə olsaq da mədəniyyətinizi, adət-ənənələrinizi dərindən bilmirəm. Burda olduğum müddətdə daha çox məlumat əldə etməyə çalışacam.

-Sarp Levendoğlu “Təhminə və Zaur ” filminə baxdığını dedi. Siz necə ?

-Təəssüf ki, “Təhminə və Zaur” filminə baxmaq mənə nəsib olmayıb. Çünki o zaman Türkiyədə bu filmi nümayiş etdirən televiziya kanalı yox idi. Amma biz Meral Konratı tanıyırıq, Film Həftəsi çərçivəsində onunla daha da yaxından tanış olduq.

-Əmrə bəy, Azərbaycanda və Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktyorlardan kimləri tanıyırsınız?

-Azərbaycan aktyor və aktrisaları ilə festivallarda rastlaşırıq. Türkiyədə də fəaliyyət göstərən azərbaycanlı sənətçilər var. Yadıma düşənlərdən Nəsrin Cavadzadəni deyə bilərəm. Amma bu festivalla bağlı bir şeyi dərk etdim ki, biz qardaş ölkələrdəki filmləri izləməmişik, mədəniyyətləri ilə tanış olmamamışıq. Həyatımızın gərginliyindən, işimizin çoxluğundan dolayı izləyə bilməmişik. Bu, innən belə də baxmayacağımız anlamına gəlməməlidir. Buna çox vaxt sərf edəcəm, izlədiyim filmləri də ətrafımdakı insanlara tövsiyyə edəcəm.

-“Bir dəniz hekayəsi” serialından sonra ekranlarda görünmürsünüz.

-Bir az fasilə vermək lazımdır. Mənim məqsədim çoxlu layihələrdə yer almaq deyil, ürəyimə yatan, içində olmaqdan məmnun qaldığım, mənə təklif olunan obraza özümü hazır hiss etdiyim işlərlə ekranlara çıxmaqdır. Təklif gözləmək, səbr etmək bəzən vaxt ala bilir.

-Hələ də ürəyinizcə olan rol təklifi yoxdur?

-Fərqli-fərqli layihələrin ssenarilərini oxuyuram, amma qəti qərar verdiyim bir iş yoxdur.

-Modellikdən aktyorluğa keçən tək məşhur deyilsiniz. Bildiyim qədər Kıvanc Tatlıtuğ, Kənan İmirzalıoğlu aktyor sənəti ilə bağlı təhsil almaq üçün xarici ölkələrdə fəaliyyət göstərən kurslardan yararlanıblar. Sizin belə bir təcrübəniz olubmu, ümumiyyətlə bu sənəti daha dərindən öyrənmək adına nə edirsiniz?

-Akyorluq elə bir sənətdir ki, hər zaman öyrənmək, biliyini artıqmaq gərəkdir. İş prosesində öyrəndiklərimizin ardı-arası kəsilməz. “Bəli, mən aktyoram və bundan sonra öyrənməyə gərək yoxdur” demək düz deyil.

Türkiyədə il ərzində çoxsaylı film festivalları keçirilir. Bu festivallarda xarici ölkələrdən gələn ustadlar master- klasslar keçirlər. Mən mütamadi olaraq belə festivallara iştirak etməyə səy göstərirəm. Son olaraq Boğaziçi festivalı keçirildi və o festivalda dünyaca məşhur ssenaristlərin ustad dərsləri baş tutdu.


Mən aktyor olmağa qərar verəndən sonra “ireli oyunculuk” bölümündə master proqramında təhsil aldım və oranın məzun oldum. Onu deyə bilərəm ki, aktyorluq sənəti ilə bağlı təhsil mənim üçün heç vaxt bitməyəcək.

-Tez bir zamanda bu sənətdə uğur əldə etməyinizdə kimə və nələrə borclusunuz?

-Aktyorluq karyeramı qurmaqda mənə Türker İnanoğlu çox böyük dəstək olub. Bilirsiniz ki, Türker İnanoğlu “Erlərfilm” istehsalçı şirkətin sahibidir. Ona borcumu heç vaxt ödəyə bilmərəm. Ondan başqa bu siyahıya layihələrdə birlikdə çalışdığım ustad aktyorlar da daxildir. Onların adlarını çəkməyim, çünki birinin adını çəkəcəm, o birini unudacam, ayıb olacaq. Onların hamısı ayrı-ayrılıqda mənim üçün bir məktəbdir.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər