Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq Artisti, unudulmaz bəstəkar Ramiz Mustafayevin “Vaqif” operasının premyerası keçirilib.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, yeni quruluşda hazırlanan səhnə əsərinin nümayişi bəstəkarın 90 illiyinə həsr olunub.
Qeyd edək ki, bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı operanın libretto müəllifi Firudin Mehdiyevdir. 1960-cı ilin iyunun 23-də “Vaqif” operasının Akademik Opera və Balet teatrında ilk tamaşası olub. Bəstəkar müxtəlif dövrlərdə operanı bir neçə dəfə redaktə edərək onu daha da təkmilləşdirib. Bu səhnə əsəri iki il sonra Moskvada bəstəkarların ümumittifaq müsabiqəsində laureat adına layıq görülüb.
Yeni quruluşda təqdim olunan tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Əməkdar Mədəniyyət İşçisi Yusif Babayev, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Operadakı hadisələr Qarabağ xanı İbrahim xanla vəziri şair Vaqifin arasında yaranan konflikt üzərində qurulub. Sonradan məsələlər Qaçarın Qarabağa hücumu, Şuşanı ələ keçirməsi, Vaqifin onun bütün suallarına mərd-mərdanə cavabı, onun şairi və oğlunu edam etdirmək istəməsi, bu arzusunu reallaşdıra bilməməsi və digər hadisələrin ardıcıllığı ilə davam edir. Tamaşa haqqın, ədalətin təntənəsi ilə başa çatır.
Tamaşada teatrın aparıcı solistlərindən Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Ramil Qasımov, İlahə Əfəndiyeva, Əkrəm Poladov, Fərid Əliyev, Cahangir Qurbanov, gənc solistlər Taleh Yahyayev, Tural Ağasıyev, Səbinə Əhmədova və başqaları çıxış ediblər.
İkipərdəli opera böyük maraqla qarşılanıb.