Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində “Multikulturalizm” jurnalının ikinci nömrəsinin təqdimatı keçirilib.
Azərbaycan Yaradıcılıq Fondunun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təqdimat mərasimində “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu, jurnalın texniki direktoru Fuad Cəfərov, Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəmbərova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Meyxoş Abdulla və rayon ziyalıları iştirak edib.
F.Uğurlu jurnalın bu nömrəsindəki region əlavəsinin cənub bölgəsinə həsr edildiyini bildirib. O, jurnalın Prezident İlham Əliyevin “Multikulturalizm ili” çərçivəsində imzaladığı tədbirlər planının müvafiq bəndinə uyğun olaraq çap edildiyini diqqətə çatdırıb. F.Uğurlu həmçinin, jurnalda dərc edilən yazılar barədə də məlumat verib.
F.Cəfərov isə multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyib. Qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd də Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkədə hökm sürən multikultural mühitə töhfə verməkdir.
Tədbirdə çıxış edən M.Abdulla belə bir jurnalın ərsəyə gəlməsində xidməti olan hər kəsə təşəkkür edib, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayevə minnətdarlığını bildirib.
AYB üzvü Asif Əsədli multikultural dəyərlərin Azərbaycanda hər zaman qorunduğunu vurğulayıb. A.Əsədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Cəlilabadda filialının açılması təklifini irəli sürüb.
AYB üzvü Gülbala Teymur Cəlilabad ziyalılarının “Multikulturalizm” jurnalının çapından məmnun olduğunu bildirib. O, K.Abdullayevin qələm adamlarına həmişə dəstək olduğunu deyib.
AYB üzvü İman Abdulla klassik Azərbaycan şairləri və yazıçılarının əsərlərində multikultural mövzuların geniş yer tutduğunu bildirib.