26 Dekabr 2016 16:04
2 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com tanınmış yazıçı Nəriman Əbdülrəhmanlının kinooperator-rejissor Nizami Abbasın 60 yaşına yazdığı yazını təqdim edir:

2017-ci ilin ilk günündə - yanvarın 1-də 40 illik dostum, bənzərsiz insan və sənətçi, görkəmli kinooperator-rejissor, respublikanın Əməkdar İncəsənət Xadimi Nizami Abbasın 60 yaşı tamam olur…

40 ildir Nizaminin həyatda və yaradıcılıqda atdığı addımların şahidiyəm, bu qədər səbirlə və abırla yaşayıb-yaratmasına heyranlığımı gizlədə bilmirəm…

Birgə işlərimiz zamanı bəzən Nizaminin səbri məni hövsələdən çıxarıb, yaradıcılıq zəminində mübahisələrimiz də olub, amma onu öz yaradıcılıq prinsiplərindən çəkindirməyin faydasız olduğunu da dərk eləmişəm…
İndi Nizami Abbasın bu səbirlə rejissor, həm də operator kimi 50-dən artıq bədii, sənədli kino və televiziya filmlərini necə araya-ərsəyə gətirdiyinə də təəccüblənirəm…

***

Bizi əlahəzrət təsadüf və kinoya sevgimiz rastlaşdırıb…

Mən BDU-nun tələbəsi kimi 3 saylı yataqxanada yaşayırdım, Nizaminin bizdən bir kurs aşağıda oxuyan qardaşı Nazimlə yaxın münasibətimiz vardı. O vaxt Nizami Şəmkirin Bayramlı kəndindən yollandığı əsgərliyə qəlbindəki foto və kino sevgisini də aparmış, əsgərliyini başa vurandan sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində qalmış, 1974-cü ildə “Lenfilm” kinostudiyasında operator köməkçisi kimi ekran həyatına qədəm qoymuşdu. Cəmi bir neçə ay idi ki, vətənə qayıdıb C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında operator assisenti işləməyə başlamışdı. Mən də kinostudiyada Ziyafət Abbasovun rəhbərlik elədiyi kino kurslarına yenicə qəbul olunmuşdum. Bizi bu təmas nöqtəsi – fotoqrafiya və kino sənətinə sevgimiz yaxınlaşdırsa da, görünür, xasiyyətimizdə, insanlara da, sənətə də münasibətdə üst-üstə düşən cəhətlər az deyildi…

Onda aydın idi ki, onun bu sevgi ötəri deyil, Nizami artıq sənət yolunu müəyyənləşdirib, peşəkar kinematoqrafçı olacaq, özünəməxsus səbirlə yaradıcılıq həyatını davam etdirəcək…

Mən isə, deyəsən, zəiflik elədim, kinoya sevgimi gerçəkləşdirmək üçün yetərincə cəhd göstərmədim: ya ilk uğusuzluqdan sındım, ya da qarşımı ədəbiyyat kəsdi. Hər halda, yaradıcılıq yolumuz müəyyən müddətə ayrıldı…

1980-ci ildə universiteti bitirəndə Daşkəsən rayonuna göndərildim, təbii ki, ekran sənətilə bağlı arzularımdan əl çəkməli oldum. Onda orada keçən üçillik ömrümün ən unudulmaz günlərinin elə kino ilə bağlı olacağını heç ağlıma belə gətirə bilməzdim. Amma 1982-ci ildə rejissorlar - Elxan Qasımov və indi İsrailin Hayfa şəhərində yaşayan Yefim Abramovun rəhbərlik elədiyi çəkiliş qrupu mərhum Əhmədağa Muğanlının “Çobanbayatı” povesti əsasında “Qocalar… Qocalar…” bədii televiziya filmini lentə almaq üçün Daşkəsənə gəldi. Nizami Abbas onda quruluşçu-operator, respublikanın Əməkdar İncəsənət Xadimi Zaur Məhərrəmovla birgə ikinci operator kimi çalışlırdı. Mən də Ələddin Abbasov, Əlabbas Qədirov, Şahmar Ələkbərov, Rasim Balayev, Fəxrəddin Manafov, Vəliyət Vəliyev, Firəngiz Müttəllimovanın… çəkildiyi filmin könüllü işçilərindən birinə çevrilmiş, üstəlik, bu təsadüf kino sevgimi yenidən alovlandırmışdı…

Elə o ab-havayla da sənət taleyimi yenidən nəzərdən keçirməli oldum, 1983-cü ildə müsabiqədə iştirak eləyib Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinoşünaslıq-ssenari fakültəsinin qiyabi şöbəsinə göndəriş qazandım. Nizami də kinooperatorluq fakültəsinə imtahan verəcəkdi. Bəxtim gətirmədi, imtahanları versəm də işim dolaşığa düşdü, Nizami isə peşəkar hazırlığıyla müəllimlərini heyran qoyub arzusuna çatdı…
Beləcə, yollarımız yenə aydıldı, mən Gürcüstana qayıtmalı oldum…

Nizami Abbas təhsil aldığı illərdə Tənha narın nağılı (1984), Qoca palıdın nağılı (1984) quruluşçu-operator kimi, Şeytan göz qabağında (1987) , “Afroditanın qolları” (1987), “Yaşa, qızıl balıq” (film, 1988) lentlərinin ikinci operatoru kimi, çəkiliş meydançasına çıxdı, öz ekran görümü və dəsti-xəttilə diqqəti cəlb elədi…

Bu, hələ uzun sənət yolunun başlanğıcı idi…

***

Tale bizi yenidən Nizami Abbas institutu bitirəndə və taleyimi Bakı ilə bağlayanda, respublika Kinematoqrafiya Komitəsinin “Kino” qəzeti və “Film” jurnalının redakksiyasında işə başlayanda - 1988-ci ildə üz-üzə gətirdi. Artıq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu dalğada azdlıq hərəkatı başlamışdı. Nizami də hərəkatdan kənarda qalmaq fikrində deyildi, qaynar hadisələrin iştirakçısı kimi, həmkarıyla birgə dövrün xronikasını lentə köçürürdü. Xalqın mübarizəsini əks etdirən “Meydan” (1989) sənədli filmi beləcə yarandı. O, Naxçıvanda Sovet-İran sərhədində baş verən məşhur hadisələri də böyük çətinliklər bahasına lentə köçürdü, ssenariçi kimi debütüm olan “Sərhəd” (199o) lentini araya-ərsəyə gətirdi.

Həmin İllərdə Nizami Abbasın operatoru olduğu “El bir olsa... (1989), “Axırıncı addım” (1989) lentləri dövrün ağrılı və çalxantılı simasını ekranda əks etdirən filmlər idi. O, Qanlı Yanvar günlərində də göz yaşlarından boğula-boğula silahsız xalqa tutulan divanı lentə alırdı. “Azadlığa gedən yollar (1990), həm də rejissoru olduğu “Qəm karvanı” (1990) filmləri də məhz o ağrıdan yaranıb. Eyni zamanda rejissor-operator kimi lentə aldığı “Sürüşmə (1991) və operatoru olduğu “Haray” (1989), “Ağ-qara dünya” (1991), “Dözümlü minarələr” (1991) sənədli filmləri həmin çətin, narahat və ağır günlərdə yaranıb…

O şəraitdə belə kinematoqrafda öz sözünü deməyə can atan yeni nəsil formalaşır, çətinliklərə baxmayaraq, gələcəyə ümidindən əl çəkmirdi. 1991-1992-ci illərdəNizami Abbasın yaxından iştirakı ilə Bakıda keçirdiyimiz “Şərqdən baxış” və Aşqabatda baş tutan “Gümüş Aypara” beynəlxalq festivalları nikbin ümidlə yaşamağa təkan verirdi. Onun “Sərhəd” lenti hər iki festivalın sənədli filmlər nominasiyasında birinci mükafatı qazandı.
Nizami Abbas o ağır günlərdə təkcə sənətlə yaşamırdı, əmin idi ki, Vətənin çətin günlərində yaradıcı adamlar da əllərindən gələni əsirgəməməlidirlər. Bu səbəbdən 1991-ci ildə könüllü olaraq cəbhəyə getdi, ağlagəlməz çətinliklərlə üzləşsə də döyüş bölgələrində çəkilişlər apardı. Onun “Müharibənin iki üzü” (1991), “Laçının son günləri” (1992) sənədli lentləri həmin dövrdə çəkdiyi kadrlar əsasında yaranıb. Nizami eini zamanda bütün çətinliklərə baxmayaraq, Leyla Səfərovanın “Naməlum torpaq” (1992), Yavər Rzayevin “Fövqəldünya” (1992) tammetrajlı sənədli filmlərində də operator kimi çalışmağa imkan tapdı.

Nizami Abbasın ən böyük arzularından biri ölkəmizə qarşı elan olunmamış müharibənin xronikasını yaratmaq, əsgər və zabitlərimizin döyüş ruhunu qaldırmaq üçün ekranın gücündən səmərəli istifadə eləmək idi. 1992-ci ildə Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Telestudiyası da elə bu məqsədlə yaradıldı. Bədii rəhbər kimi çəkilişlərə rəhbərliyi öz öhdəsinə götürən Nizami Abbas məni də baş redaktor olmağa razı saldı. Təxminən iki il ərzində səmərəlli işləyə, istədiklərimizin müəyyən hissəsini gerçəkləşdirə bildik. Amma yaranmış şərait fəaliyyətimizi davam etdirməyə imkan vermədi…

***

“Yaddaş” Sənədli Filmlər Studiyasında birgə işlədiyimiz illərdə Nizami Abbasın sənət görümünə daha dərindən bələd oldum…

Onun ekran yaradıcılığı hər hansı janr, yaxud mövzuyla məhdudlaşmır. Bununla belə, onun tariximizə, xalqımızə, müstəqilliyimizə sonsuz sevgisini lentə aldığı kadrlaradan aydın “oxumaq” olar. “Azadlıq elçisi” (1993), “Elan olunmamış müharibə” (1994), “Əzablı yollar” (1995), “Sən həmişə bizimləsən” (1997), “Sınmış zəncirlər” (1997), “General Hüseyn Rəsulbəyov (1998), “Kədərimiz... Vüqarımız...” (1998), “Bu Naxçıvandır” (1999), “Kinorejissor Arif Babayev” (2000), “Şəhidlik zirvəsi” (2001), “Kinorejissor Həsən Seyidbəyli” (2002), “Səma şairi” (2003), “Narahat adam” (2005) “Qobustan” (2005) “Üfüqü ötənlər” (2011), “İlk komandir” (2014), “Pəhləvan komandir” (2015) sənədli filmləri müxtəlif janrlarda - xronika, tarixi-bioqrafik və portret janrlarında - lentə alınıb. Amma Nizami Abbas şəxsiyyətlərə də, sənədlərə də, təbiət mənzərələrinə də eyni sevgi və peşəkarlıqla yanaşır. Buna 1997-ci ildə ssenarim üzrə çəkdiyi “Şeytanbazar” sənədli filmi üzərində birgə işləyəndə bir daha əmin oldum.

Onun istər rejissor-operator, istərsə də operator kimi çəkdiyi ekran əsərlərində tarixi yaddaşımıza və kökümüzə sevgisi sanki maddiləşir, tamaşaçının qəlbini ovsunlayır. Nizami Abbasın lentə aldığı arxiv sənədləri də, tarixi şəxsiyyətlər və əşyalar da, minillərin izlərini saxlayan məkanlar da sanki dil açıb danışır, öz bənzərsiz hekayətlərini nağıl edirlər. 2006-2008-ci illərdə rejissor-operator kimi çəkdiyi “Azərbaycan: Tarixdən səhifələr” dördseriyalı sənədli filmində bu sevginin izlərini aydın görmək mümkündür.

Heç də təsadüf deyil ki, Nizami Abbas kino sənətinə xidmətlərinə görə, respublikanın Əməkdar İncəsənət Xadimi fəxri adına, onun çəkdiyi sənədli ekran əsərlərindən biri olan “Balaban” filmi isə 2015-ci ildə dünya kinosunun 120 illiyinə həsr olunmuş müsabiqədə "Sənədli filmdə ən yaxşı rejissor işi" nominasiyası üzrə "Qızıl Pəri" mükafatına layiq görülüb.

Nizami Abbasın quruluşçu-operator kimi lentə aldığı “Kiçik leytenant” (1996), “Etimad telefonu” (2001), “Bəyaz həyat” (2003), “Əlvida, cənub şəhəri” (2006), “Qocalar” (2008), “Mayak” (2012) bədii ekran əsərləri təsvirin ifadəliliyi və peşəkar səviyyəsi ilə diqqəti çəkir. Bu filmlərdə onun özünəməxsus dəsti-xəttini sezmək heç də çətin deyil…

***

Nizami Abbas həm də yaddaş adamıdır, milli dəyərlərimizin qorunması və lentə köçürülməsini həyatının məqsədi sayır…

Müstəqillik tariximizin salnaməsi olan üçseriyalı “Əzablı yollar” filmini çəkəndə hansı əzablara qatlaşdığını görmüşəm…

Onun görkəmli ekran ustası Əjdər İbrahimov haqqında sənədli lenti hansı çətinliklərlə başa gətirdiyinin şahidiyəm…

O, eyni çətinliklərlə də unudulmaz sənətçi Şamil Mahmudbəyovun yarımçıq qalmış “Adam” bədii filmini tamamlayıb…

Əminəm ki, bundan sonra da həyata və sənətə münasibətini dəyişməyəcək, səbirlə və abırla yaşayıb-yaratmağa davam eləyəcək…

60 yaş sənətçi üçün yetkinlik yaşıdır...

Nizami Abbas da bu yaşa ləyaqətlə çatıb…


Müəllif:

Oxşar xəbərlər