2 Yanvar 2017 14:33
3 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Türkiyənin “Hürriyyət” qəzetində yazar İsmail Saymazın “Məmləkətin heç bitməyən Atatürk heykəli müzakirəsi” adlı yazısını oxudum. Yazıda Türkiyədə Cümhuriyyətin elanından sonra hazırlanan ilk Atatürk heykəlindən tutmuş, bir neçə gün öncə Rizədə yük maşınına yüklənərək başqa yerə aparılan heykələ qədər olan dönəm qısa şəkildə izah edilib.

İstanbulda bilinən ən maraqlı Cümhuriyyət abidəsi Taksim meydanında olandır. Həmin abidənin tarixçəsinə keçmədən öncə Saymazın yazısındakı maraqlı hissələrdən bəzilərini qeyd edək.

***

Cümhuriyyət dönəminin ilk heykəli 3 oktyabr 1926-cı ildə İstanbulda Sarayburnunda tikilən 3 metrlik Atatürk heykəli olub. O vaxtlar yerli heykəltaraşlar hələ yetişmədiyi üçün ilk heykəllərin hazırlanması daha çox Heinrich Krippel (avstriyalı), Pietro Canonica (italyan) və Anton Hanak (çex) kimi avropalı sənətkarlara həvalə edilmişdi. İkinci Atatürk heykəli isə 26 oktyabr 1926-da Konyada tikilib. 1928-də isə İstanbul Taksim Cümhuriyyət abidəsi hazırlanıb.

Ümumilikdə isə Türkiyədə 1926-1938-ci illər arasında 34 Atatürk heykəli ucaldılıb. Bunlar arasında ən diqqət çəkəni 1936-da hazırlanan Afyon Utku Abidəsi olub. Yunan işğalından azad edilən Afyonun Atatürkə ərməğanı olaraq hazırlanan heykəldə Atatürk mifik yunan qəhrəmanlarını xatırladan şəkildə, çılpaq vəziyyətdə və düşməni ayaqlarının altına sərmiş formada həkk olunub. Atatürkü çılpaq göstərən ikinci heykəl 1935-də Kayseridə bir fabrikdə qoyulub. Atatürk sənayeləşməni təmsil edən formada bir çarxı çevirməkdədir.

Atatürkün ölümündən sonra onun heykəllərinin hazırlanmasında azalma müşahidə edilir, 1946-cı ildə çox partiyalılı dönəmə keçildikdən sonra isə heykəllərə qarşı hücumlar başlanır.

1938-dən 1950-yə qədər 4, 14 May 1950-dən, 1 aprel 1951-ə qədər isə 9 Atatürk büstü və heykəli yararsız hala salınır. Hücumun arxasında Kemal Pilavoğlunun rəhbərliyindəki Ticanilər təriqəti dayanırdı. Azanın türkcələşdirilməsi qərarının elan edildiyi gün TBMM-də ərəbcə azan oxuma aksiyası keçirən Ticanilər Atatürk heykəllərini çəkiclə qırmağa başlayırlar. Ən son Kırşehirdəki heykəl parçalandıqdan sonra CHP-lilərin sərt tənqidlərindən çəkinən DP-lilər 1951-də "Atatürk əleyhinə işlənən suçlar haqqında Qanun"u qəbul edir.

Bir il sonra Pilavoğlu yeddi il həbs, beş il sürgün, beş il də polis nəzarəti ilə cəzalandırılır. Digər tərəfdən 1947-də Malatyada hazırlanan Atatürk və Gənclik abidəsindəki çılpaq gənc heykəli xalqın qəzəbinə gəldiyi üçün heykəlin qasıq bölgəsinə bir yarpaq əlavə olunaraq problem həll edilir.

1960-cı il 27 may hərbi çevrilişindən sonra Doğu və Güneydoğu Anadolu bölgələri başda olmaqla Atatürk heykəli olmayan bütün şəhərlər heykəllə doldurulur. 1946-1960-cı illərdə 14 heykəl hazırlandığı halda, 1960-1970 arasında 59 heykəl ucaldılır.

Atatürkün 100-cü doğum ili olan 1981-i “Atatürk ili” elan edən 12 sentyabr çevrilişçiləri bir tərəfdən də sürətli şəkildə Atatürk heykəlləri hazırlatmaq qərarı verirlər. Artıq şəhərlərdə deyil, qəsəbələrdə, hətta kəndlərdə də fabrik istehsalı olan heykəllər ucaldılır.

Zamanla köhnələn Atatürk heykəlləri isə şəhərdən-ilçəyə, qəsəbədən-kəndə ərməğan etmək yolu ilə həll edilirdi. Amma 2005-ci ildə Afyon şəhərinin Emirdağ ilçəsində baş verən hadisə tragikomediya olaraq xatırlanır.

Belə ki, 2005-ci ildə 12 sentyabr dönəmində Afyon Qarnizon Komandanlığının Emirdağ kaymakamlığına ərmağan etdiyi qeyri-estetik heykəl yanğınsöndürmə xidmətinin anbarına aparılır. İlçədə heykəlin çox dəyərli olduğu və satıldığı dedi-qodusu yayılır. Bələdiyyə heykəlin məktəblərə verilməsini istəyir, lakin yararsız halda olan heykəli heç kim qəbul etmir. Buna görə də heykəlin zərər görməməsi üçün kaymakamlıq və müftiliyin də imza atdığı bir sənəd əsasında başı qiblə istiqamətində olmaqla torpağa basdırılır.

Taksimdəki məşhur abidə

Cümhuriyyətin elanından sonra İstanbul xarici qonaqları qarşılamaq üçün Qərb kültürünə əsaslanan bir meydana sahib deyildi. Ona görə də Cümhuriyyət abidəsinin tikilməsi üçün əvvəlcə Bəyazid meydanı düşünülür. Lakin Bəyazid meydanında hazırlanan abidə oradakı 400 illik məscid, yüz illik tarixi qapıların yanında sönük qalacaqdı. Abidənin böyük tikilməsi isə köhnə İstanbula xoş görüntü verməyəcəkdi. Ona görə də İstanbulun modernləşməkdə olan yeni ərazisində - Taksim qovşağında abidənin tikilməsinə qərar verilir.

1926-cı ilin 1 dekabrında İstanbul bələdiyyəsi layihə ilə bağlı hazırlığa başlayır. Ölkə 5 il idi ki Qurtuluş savaşından çıxdığı üçün dövlətin belə bir abidəni hazırlaması üçün yetərli pulu yox idi. Ona görə də layihə üçün pul şirkətlərdən, banklardan, əhalidən və müxtəlif qurumlardan toplanılır. O vaxt İstanbuldakı tüccarlar daha çox qeyri-müsəlmanlardan ibarət idi və onların böyük dəstəyi olur.

Abidənin hazırlanması isə italyan heykəltaraş Pietro Canonicaya (1869-1962) həvalə edilir. 1926-cı ilin əvvəlində Atatürkün heykəlinin hazırlanması ilə bağlı elan edilən müsabiqədən sonra Canonica Ankaraya gələrək Mustafa Kamalı ziyarət edir, ona hazırladığı büstü hədiyyə edir. Atatürk hazırlanan büstünü çox bəyənir və italyan heykəltaraşı təqdir edir. Canonica daha sonra Atatürkün at üstündə tuncdan heykəlini hazırlayır və bu heykəl Etnoqrafiya muzeyinin önünə qoyulur, 29 oktyabr 1927-ci ildə açılışı olur.

Canonica hovuzun içərisində böyük bir abidə layihəsi təqdim edir və bu layihə qəbul edilir. Qərara görə abidənin hazırlanması 18 ayda bitəcək, müəllifə isə 16 min 500 ingilis lirası ödəniləcəkdi.

Beləliklə, Canonica işə başlayır, 1 il 6 aylıq çalışma nəticəsində əsərini bitirir. Bu işdə ona türk heykəltaraşlar Sabiha xanım və Hadi bəy də yardımçı olurlar. Heykəl gəmi ilə İstanbula gətirilir və 23 gün içərisində Taksim meydanına qoyulur.

Abidənin hazırlanmasında Trentinonun qırmızı mərməri və Torinonun Suza bölgəsinin yaşıl mərmərlərindən istifadə olunub. Abidənin ətrafında olacaq hovuz isə 30 min lirə pul tapılmadığı üçün həyata keçirilmir.

11 metr hündürlükdə, 184 ton ağırlıqdakı abidənin Taksim tərəfə baxan hissəsi 30 avqust zəfərini canlandırmaqdadır. Abidənin Bəyoğluna baxan tərəfində isə Cümhuriyyət Türkiyəsi təsvir edilib. Burada Mustafa Kamal sivil paltarda, yanında isə İsmət İnönüMarşal Fevzi Çakmak var. Arxadakı qrup isə xalqı təmsil edir. Abidənin yan tərəflərində isə bayraq daşıyan mehmetçiklər təsvir edilib. Onlardan biri barışı, digəri isə savaşın simgəsidir. Abidənin digər üzündə isə Atatürklə bərabər iki rus generalı – Marşal Kliment Yefremoviç Voroşilov general Mixail Vasilyeviç Frunze dayanıb. Bu iki sovet generalının abidədə olmasını şəxsən Atatürkün özü istəyib. Çünki Qurtuluş savaşında Sovetlər Atatürkə ilk dəstək olanlardan idi və buna görə də SSRİ ilə münasibətlərin qorunması Türkiyə üçün önəm daşımaqda idi.

Taksim abidəsi 8 avqust 1928-də bir törənlə, 30 min nəfərin söylədiyi İstiqlal marşından sonra Məclis başqanı Kazım Özalp tərəfindən açılır. Abidə sonrakı illərdə rəsmi törənlərlə yanaşı müxtəlif etirazların, aksiyaların keçirildiyi bir yerə də çevrilir. Bu gün böyüyən İstanbulda Cümhuriyyət abidəsi əvvəlki əzəmətini qoruya bilməsə də, İstanbula gələnlərin ilk ziyarət etdiyi yerlərdən biri olaraq qalır.

Bu gün dünyanın bir çox yerində Atatürkün heykəli var. Hətta Kubada da bir küçədə Atatürk büstü ucalır. Eləcə də, Bakıda Türkiyə səfirliyinin yaxınlığında bir heykəli var. Zamanla Türkiyədə mühafizəkar kəsim, eləcə də, terrorçular tərəfindən Atatürk heykəlləri təxribata məruz qalır. Bəzən heykəllərə od vurulur, bəzən isə bir bəhanə ilə yerindən sökülüb başqa yerə aparılır.

Əlbəttə ki, Türkiyədə iqtidarlar tərəfindən Atatürk dəyərləri hər zaman manipulyasiya olunub. Hərbi çevrilişçilərin özlərinə legitimlik qazanması üçün Atatürkə sığınmaları da buradan qaynaqlanır. Son 15 iyul çevrilişə cəhddə dövlət televiziyasının müxbirinə təzyiqlə oxudulan mətndə də FETÖ –çülər Atatürkün adından istifadə etmişdilər.

Ən son isə Rizə şəhərində "15 iyul şəhidləri abidəsi"nin hazırlanması məqsədilə Atatürk heykəli yerindən sökülərək bir yük maşınına yüklənmişdi...

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər