6 Yanvar 2017 20:25
4 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün professor Əhməd Cəfəroğlunun anım günüdür.

Azərbaycan Cümhuriyyətinin işğalından sonra Türkiyəyə mühacirət edənlərdən biri də gənc Əhməd Cəfəroğlu idi. O, 1899-cu ildə Gəncədə anadan olub, üç yaşında ikən atasını itirib, anasının və qohumlarının himayəsində yaşayıb. 1905-ci il hadisələri zamanı ailə Səmərqəndə köçüb, Cəfəroğlu ilk təhsilini də orada alıb. Geri qayıtdıqda – 1909-1916-cı illərdə Gəncə gimnaziyasında təhsilini davam etdirib. Bu təhsil ocağını bitirdikdən sonra Kiyev Ali Ticarət İnstitutuna daxil olub. Lakin dövrün siyasi çaxnaşmaları nəticəsində təhsilini yarımçıq buraxıb, 1918-ci ilin ortalarında Gəncəyə qayıdıb.

Cümhuriyyət elan olunanda Əhməd Cəfəroğlunun 19 yaşı var idi. Könüllü olaraq Nuru paşanın Qafqaz İslam ordusuna qoşulmuşdu. Kiçik topçu zabit idi. Sentyabrın 15-də Bakıya qalib kimi daxil olan qoşunun sıralarında o da var idi. Bir il sonra universitet yaradılarkən oranın Tarix-Filologiya fakültəsində dinləyicilərdən olur. Cümhuriyyətin işğalından sonra Əhməd Cəfəroğlu Türkiyəyə mühacirətə gedir.

27 aprelin nisgili və gələcəyə inam

Əhməd Cəfəroğlunun publisistikasında 27 aprel faciəsi bir neçə dəfə xatırlanıb. Cümhuriyyətin işğalının 13-cü ilində yazdığı “Azərbaycanın böyük matəmi – 27 nisan 1920” adlı məqaləsində yazır: “1920-ci ilin 27 nisanında böyük türk dünyasının köksündə hürriyyət bayrağını ilk qaldıran bir türk ölkəsinin ocağı sönmüş, Azərbaycan – Odlu yurd qırmızı ruslar tərəfindən işğal edilmişdi”.

27 aprellə bağlı digər bir yazısında Cəfəroğlu qeyd edirdi: “Zavallı Azərbaycan! Çəkmədiyin qalmadı. Uğurlu, şanlı, sevincli günlərin qara günlərə çevrildi. Müqəddəs üçrəngli bayrağının yerinə yabancı ellərin oraq-çəkicli bayrağı qaldırıldı. İstiqlal idealı yerinə istila ruzigarları əsdirildi”.

Cümhuriyyətin 10 və 15 illiyi ilə bağlı yazdığı məqalələrdə isə milliyyətçi Azərbaycan gəncliyinin bir gün rusları məğlub edəcəyi ilə bağlı inanclı fikirlər söyləyirdi.

İstanbul həyatı

Türkiyəyə mühacirətdən sonra Cəfəroğlu İstanbul universitetinin Dil-Ədəbiyyat fakültəsinə daxil olur, 1924-cü ildə oranı bitirir. 1925-ci ildə Almaniya universitetlərində türkologiya sahəsində təcrübə qazanmağa yollanır, orada dövrün tanınmış alimləri olan Vesterman, Banq Koup, Vasmer, Gizi, Brokelman, Şader, Diels kimi şəxslərin mühazirələrini dinləyir. 1929-cu ildə Breslau universitetində professor F.Gizinin rəhbərliyi altında “Gəncə dialektində 75 Azərbaycan bayatı-türküsü. Bir dil araşdırması” mövzusunda dissertasiya müdafiə edərək filologiya doktoru adını qazanır.

Türkiyəyə döndükdən sonra İstanbul universitetinin ədəbiyyat fakültəsində “Türk dili tarixi” kafedrasının dosenti olur. 1938-ci ildə həmin kafedranın professoru, 1946-cı ildən ömrünün axırına qədər isə oranın müdiri vəzifəsində çalışır. Bu müddət ərzində o, yüzlərlə elmi yazılar yazır, türkologiya sahəsində mühüm işlər görür. Polşa Şərqşünaslar Cəmiyyətinin üzvü (1937), Polşa Elmlər Akademiyasının müxbir üzvü (1938) seçilir. Həmçinin bir neçə beynəlxalq cəmiyyətlərdə təmsil olunur, “Azərbaycan yurd bilgisi”, “Türk amacı” kimi dərgilər təsis edir. Türk Dil Qurumunun həqiqi üzvü olan Əhməd Cəfəroğlu 1955-ci ildə İspaniya hökumətinin “De Alfonso Xel Sabio” ordeni ilə təltif olunur.

Əsərlərinin mövzusu

Əhməd Cəfəroğlunun məqalələrində Azərbaycan önəmli yer tutur. “Azərbaycan tarixinə ümumi bir baxış”, “Avropa səyyahlarına görə XVII əsr Azərbaycanı” adlı məqalələrində Azərbaycanın tarixinə, “Aşıq Qərib dastanı”, “XVI əsr saz şairlərindən Tufarqanlı Abbas”, “Azərbaycan xalq ədəbiyyatında sayaçı sözlər” adlı yazılarında folklor məsələlərinə toxunub. Dilçilik və dil tarixinə aid yüzlərlə məqaləsində dilimizin ləhcələrinə xüsusi yer verib.

Kazım bəy, Axundzadə, Qaspıralı haqqında Əhməd Cəfəroğlu Azərbaycan tarixində önəmli yer tutan iki aydına ayrıca məqalə həsr edib. Mirzə Kazım bəy haqqında məqaləsində yazır ki, türk dilləri içində Azərbaycan türklərinin danışdığı ləhcə ilk dəfə onun sayəsində elmi şəkildə tədqiq olunub. Həmçinin Kazım bəyin türk dilində qəzet təsis etməsini və bunun digər türk xalqlarını ortaq bir türkcəyə gətirəcəyinə səsləyən fikirlərini təqdir edən Cəfəroğlu onun ideyasının yarım əsr keçəndən sonra İsmayıl bəy Qaspıralı tərəfindən həyata keçirildiyini vurğulayır. Əhməd Cəfəroğlu Mirzə Fətəli Axundzadə haqqında yazdığı yazıda da əsas diqqəti onun əlifba islahatına yönəldir: “...Mirzə Fətəli ümumtürk filologiyasını və mədəniyyət tarixini maraqlandıran əsas problem – ərəb əlifbasının islahı və müasir latın əlifbasının türk xalqlarının yazısına tətbiqi məsələsi ilə yaxından məşğul olan ilk türk ziyalısı kimi tarixdə layiqli yerini tutub”.

Cəfəroğlu bildirir ki, Azərbaycan Cümhuriyyəti Axundzadənin bu ideyasını həyata keçirmək üçün latın əlifbası məsələsini tədqiq edən komissiya yaradıb, lakin bolşevik işğalı bu prosesi yarımçıq qoyub. “Tərcüman” qəzetinin çap olunduğu 23 aprel tarixini bütün türk ellərinin milli bayramı hesab edən Cəfəroğlu türklük davasının kiçik Krımın böyük övladı olan İsmayıl Qaspıralının əli ilə böyüdüyünü, daha geniş sahələrə yayıldığını yazırdı: “Türk aləmi bu qəzet vasitəsi ilə bir-birinin vəziyyətlərindən xəbərdar oldu. “Tərcüman” bu yolda türk birliyinin şah damarı vəzifəsini öz üzərinə götürdü”.

Əhməd Cəfəroğlu və Sovet Azərbaycanı

Əhməd Cəfəroğlu vətənindən didərgin düşərkən gənc idi. Türkiyə ona professor ünvanına qədər, hər şeyi bəxş etdi. Bunun müqabilində Cəfəroğlu Azərbaycan türklüyünün təkcə keçmişini öyrənməklə qalmadı, həmçinin müasir dönəmini də izlədi, əsərlərində buna toxundu. “Modern Azərbaycan ədəbiyyatına toplu bir baxış” adlı məqaləsində Axundzadədən başlayaraq Mirvarid Dilbaziyə qədər geniş bir dönəmə toxunur, Səməd Vurğunun, Süleyman Rüstəmin, Mehdi Hüseynin, Sabit Rəhmanın adını sayğı ilə hallandırır: “Azəri türk şairləri içərisində, heç olmazsa, adlarının ötəri xatırlanmasını zəruri saydığımız qadın şairlər Nigar Rəfibəyli və Mirvarid Dilbazidir”.

Sovet Azərbaycanındakı ziyalılar onu tanıyırdı, lakin adını müsbətə hallandırmaq DTK zindanında çürüməyə bərabər idi. 75 illik yubileyində Sovet Azərbaycanının qəzetlərində onun əleyhinə kəskin fikirlər səsləndirilir.

1975-ci il yanvarın 6-da isə dəyərli alim əbədiyyətə qovuşur.

Birinci fotonun izahı: Əhməd Cəfəroğlu Fuad Köprülüdən (ayaqüstə, ortada) sağda dayanmış gur saçlıdır (gözlüksüz). 01.04.1936 İstanbul Universiteti.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər