10 yaşlı Nurayın yaşadıqları neçə gündür mətbuatın və sosial şəbəkənin əsas mövzusudur. Hadisəylə bağlı müxtəlif fikirlər səslənir. Teleqraf.com Şərif Ağayarın illər öncə oxşar mövzuda qələmə aldığı "Diriykən gömülənlər" yazısını təqdim edir.
Yazı müəllifin "Xanım T" kitabından götürülüb.
Qardaşımın evinə qonaq gəlmişdim... 6-cı mikrorayona! Üzbəüz qapıda qəfil mərəkə qopdu. Kimsə qonşunun evini gözgörəti dağıdırdı! Səs-küyün binanı zəlzələ kimi silkələdiyi bir vaxt bizim qapı da döyüldü. Qonşu gəlinin çadralı bacısı idi. Ağlaya-ağlaya qardaşıma yalvardı: “Başına dönüm, kömək elə, bacımın yoldaşı gəlib, bizi qırıb-batırdı!”
Qardaşımla kəndli sadədilliyimizə salıb qonşunun evinə qaçdıq. Gəlinin başı dağılmış, qana bulaşan saçları pırtlaşıq vəziyyətdə üzünə tökülmüşdü. Evin qırılması mümkün olan bütün əşyaları çiliklənib döşəməyə səpələnmişdi. Qırılmayanlar isə, sanki orda-burda səcdəyə getmişdi. Əlində bıçaq ortaboy-kök kişi isterik əsəblə evin ortasında gəzişir, qışqıra-qışqıra “Qızımı verin, yoxsa hamınızı doğrayacam!” deyirdi. Vəziyyət həqiqətən qorxulu idi. Kişinin üzündən və qızarmış gözlərindən vəhşət yağırdı. Həm də deyəsən hallı idi! Səsə-küyə bizdən əvvəl də kişili-arvadlı qonşular gəlmişdi. Heç kəs əlibıçaqlıya yaxınlaşmağa cürət etmirdi. Yalnız qoca bir qadın ona yalvarırdı. O isə qadını saymazyana itələyir, qollarını geniş açıb var-gəl edirdi: “Qızımı verin, fahişələr!”
Birdən qoca qadın əl atıb (hünərə bax aaa!!!) baçağı ondan almaq istədi. Adam öküz kimi fınxırıb qoca qadını geri itələdi və qoca qadın ayaqlarımızın altına yıxıldı. Bu dəfə qardaşım (Allah onu saxlasın!) “Əclaf!” deyərək sıçradı, arxadan əlibıçaqlı kişini qolları qarışıq qucaqladı. Mən də fürsəti fotə vermədim. Qardaşımın əlindən çıxmaq üzrə çabalayan kişinin boynunun arxasına milli bir yumruq ilişdirdim. Dincəldi. Day müqavimət göstərmədi. Və iki ağıldan yüngül qardaş bu zırramanı mənzildən bayıra çıxarıb pilləkənlərlə aşağı endirdik, blokun ağzında binanın komendantına təhvil verib geri qayıtdıq.
Əcəba 40 yaşlarında olan bu gimrik kişi bu evə niyə hücum eləmişdi?
Məsələ çox sadə idi: Əlibıçaqlı kişi başı yarılan qadının keçmiş həyat yoldaşıdır. Bir qızları var. Boşanarkən kişi qızının bu qadında qalmasını istəməyib. Məhkəmələrimiz də, nəmxuda, ömründə ədalətsiz iş görməzlər... Bildiriblər ki, uşağın yaşı az olduğuna görə anasının yanında qalacaq. Elə ki, böyüdü, özü bilər!
Məndən sizə əmanət – bizim mentalitet qanunlarla heç vaxt yola getməyib! Burda da eləcə... Kişi qeyzlənib ki, mən qızımı bu əxlaqsızların (babalı öz boynuna) yanında qoyub tay-tuş içinə çıxa bilmərəm. Zor-xoş uşağı onlardan almalıyam!
Necə almaq istəyib, artıq bilirsiniz... Bircə onu deyim ki, atanın keçmiş həyat yoldaşı və onun qohumlarına cinayət xarakterli belə hücumlarını nəzərə alaraq qanun icraçıları onu ilim-ilim itirdilər. Hələ də gördüm deyən yoxdur.
İndi qız böyüyüb, yuxarı siniflərdə oxuyur. Ağıllı və savadlı bir uşaqdır. Fəqət atasını tanımır. Hətta adını da bilmir. Ata məfhumunu o uşağın beynində tamamilə söndürüblər. Hətta o qədər ki, asanlıqla və gülümsəyərək düşünə bilir: “Nə olsun başqalarınınkı var, mənim atam olmaya da bilər! Yerli-dibli!”