9 Yanvar 2017 16:18
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com gənc yazar Yusif İlhamoğlunun Orxan Pamukun "Mənim adım qırmızı" roman barədə yazdığı "Pamuk kitabının ən rəngli səhifəsi" məqaləsini təqdim edir:

Orhan Pamuk istər türk dünyası, istər Avropa, istərsə də dünya ədəbiyyatında kifayət qədər çəkisi olan fiqurdur. Bunu aldığı mükafatlar, kitablarının satışı sübut edir. Məqsədim Pamuku bir ədəbiyyatçı kimi araşdırmaq yox, sadəcə, oxucu kimi münasibətimi nəzərinizə çatdırmaqdır.

"Mənim adım qırmızı" romanını oxuyub qurtardıqdan sonra bu roman və "Qara kitab"a, sadəcə, bir detektiv kimi yanaşılmasının doğru olmamasını düşünürəm və bu qənaətə gəlməyimin səbəblərini sizlərlə bölüşəcəm.

"Mənim adım qırmızı" romanında hadisələr saray nəqqaşları və onlar arasındakı münasibətlər üzərində cərəyan edir. Romanda baş qəhrəman kimdir desək, konkret bir qərara gələ bilmirəm. İstər Qara, istər Şəkurə, istər Əniştə Əfəndi, yaxud Ustad Osman Əfəndi, istərsə də yəhudi boğçaçı Ester, nəqqaşlar - Leylək, Kəpənək, Zeytun baş obraz kimi düşünülə bilər.

Qara gənclik yaşlarınadək saray nəqqaşxanasına gedib-gəlmiş, şagirdlik eləmiş, iyirmi dörd yaşı olanda xalası qızına eşq elan eləmiş, eşqinə qarşılıq almayıb Osmanlı ərazisini tərk edərək Əcəm-Səfəvi ərazilərinə getmiş, on iki il İstanbuldan uzaqlarda yaşadıqdan sonra geri qayıtmış, keçmiş sevgisinin davamını axtaran bir insandır. Nəqqaşlıqda elə də güclü istedadı yoxdur. Lakin geri dönən kimi xalasının yoldaşı Əniştə Əfəndi onu sultanla gizli layihələrinə cəlb eləyir və bundan sonra Qara hadisələrin mərkəzi fiqurlarımdan biri olur. Keçmiş yoldaşlarıyla, ustadıyla görüşür, yoldaşlarının ona qarşı paxıllıq hissləriylə, onlardan üstünlük hissi arasında çırpınır. Keçmiş sevgilisi ona müəyyən qədər ümid verdiyinə görə daha da ehtirasla gizli layihənin tamamlanması fikrinə düşür.

Şəkurə (Qaranın xalası qızı) İstanbulda, nəqqaşxananın daimi sakinləri arasında gözəlliyi ilə məşhurdur. Atasının layihəsini var gücüylə müdafiə edir. Keçmiş əri, Əcəm müharibələrindən geri dönməyən sipahidən xəbər ala bilmədiyinə görə ona vurulmuş qaynı və keçmişdə eşq elan eləmiş Qara arasında oynayır, gah oyunlarından özü də nagüman olur, gah cəsarətli addımlar atır. Ümumiyyətlə, istər Qara, istərsə də Şəkurə yüksək mənəviyyatlı obrazlar kimi seçilmirlər. Şəkurənin yeganə üstün cəhəti ilk ərindən olan övladlarını sevməsidir.

Əniştə - saray nəqqaşxanasıyla içli-dışlı olan biridir. Baş nəqqaş Ustad Osmanla münasibətləri çox soyuqdur. Diplomat kimi getdiyi Venesiyada rəssamların əl işlərini görüb, Avropa rəssamlıq üslublarının Osmanlı rəssamlığında tətbiq olunmasına çalışır və nəticədə öz dəvət etdiyi nəqqaşlardan biri tərəfindən öldürülür.

Yəhudi Ester - Osmanlıdakı yəhudi təqiblərindən qaçmağın yolunu boğçaçılıq adı altında aradüzəldənlikdə, söz gəzdirməkdə tapır. Qızlara ər, oğlanlara arvad tapır, evlənməsində xidməti olanlara övladım deyir. Əsas məqsədi pul qazanmaqdır, oynadığı oyunlarda özünü günahkar hesab etmir.

Ustad Osman - saray nəqqaşxanasının baş nəqqaşı, Qaranın, Zərif Əfəndinin, Leylək, Zeytun və Kəpənəyin ustadıdır. Hər kəs tərəfindən hörmət olunan obrazdır və sonda hörmətə layiq olduğunu sübut edir.

Obrazlarla qısa ümumi tanışlıqdan sonra əsas məsələyə keçə bilərik. Pamuk ilk ixtisası olan memarlığa və bir zamanlar məşğul olduğu rəssamlığa görə qərb və şərq rəssamlığı və qərblə şərqin arasında qalan Osmanlı rəssamlığını (əslində nəqqaşlıq) yaxşı bilir, rəsmlərin hekayətlərini ustalıqla verir, Nizaminin, Firdovsinin əsərlərinə çəkilmiş rəsm və naxışları insanın təsəvvürləri önünə sərir. Digər əsərlərində olduğu kimi burda da təhsil aldığı qərbin mədəniyyətinin inkişafı və şərq mədəniyyətinin mühafizəkarlığı arasında körpü qura bilir. Çin, Özbək, Əcəm və Osmanlı rəngkarlığındakı keçmişə bağlılıq, ustadlara hörmət, dini təəssübkeşliyin təsvirində Pamuk fərqini görmək olur. Obrazların özlərinin diliylə öz zəifliklərini, əsərlərini gələcəkdə heç kimin görməyəcəyini bilmələrini, hərdən köhnə üsullardan kənara çıxdıqlarında özlərinə necə haqq qazandırmalarını, sənətin bu insanlar üçün yeganə həyat tərzi olmasını, buna görə də sənət vasitəsilə pul, vəzifə, şan-şöhrət qazanmaq ehtiraslarını ortaya qoyur.

Ustad Osmanın istedadlı şagirdləri olan Zeytun, Kəpənək, Leylək və Zərif Əfəndinin pula aldanaraq ustadlarına xəyanət etmələri, bu xəyanətlərini öz-özlərinə etiraf edib, sonra bunun doğru olmamasını düşünmələri və daha sonra bir araya gəlincə yenidən bu hərəkətlərini Ustada xəyanət kimi qiymətləndirmələri aralarındakı qatili tapmağımıza imkan vermir, son anda qatilin öz etirafına qədər Qarayla bərabər oxucu da şübhələr içərisində qalır.

Bununla yanaşı şagirdlər öz ustadlarına hədsiz bağlılıqları, hörmətlərinə görə peşmanlıq əzabı da çəkirlər. Ustad isə onların arasındakı qatili tapmaq üçün heç kimə göstərilməyən sultan arxivinə buraxıldıqdan sonra onilliklərlə şərq ölkələrindən gətirilmiş rəsmlərin içərisində öz ustadlarının rəsmlərini tapır, şərq mədəniyyətində önəmli yer tutan rəssam Behzadın öz gözlərini kor etdiyi iddia olunan tuğ iynəsini tapır, Behzadın yolunu gedərək fərqli üslubda çəkməmək üçün öz gözlərini iynəylə tökür.

Romanda radikal dindarların rəssamlığa əks olmaları, çəkilən rəsmin nə olmasından asılı olmayaraq kor-koranə şəkildə rəssama hücum və təzyiqlər etmələri, müxtəlif təriqətlərin, təriqət başçılarının söz sahibi olmaları da ön plana çəkilir ki, son dövrlərdə mətbuatdan bu məsələnin tək Osmanlı dövründə deyil, günümüzdə də Türkiyə ərazisində aktual olduğunu görürük.

Pamukun başqa bir fərqli cəhəti – hər fürsətdə İstanbulun təsvirinə xüsusi yer verməsi insanı xüsusilə təsirləndirir. Məncə, Azrəbaycan ədəbiyyatında bənzəri nümunəyə rast gələ bilmirik. Bundan əlavə bəzən dünya klassikləri içərisində təəssübkeş ədiblərə rast gəlirik ki, məxsus olduğu etnosun, coğrafi ərazinin zəifliklərini görməzlikdən gəlməyə çalışır, güclü cəhətlərini daha da şişirdib qabardırlar. Məsələn, Qorki “rus psixologiyası” deyərək öyə-öyə bitirə bilmir. Gəlin indi Pamuka baxaq.

Ustad Osman Əfəndi sultan arxivində rəngkarlıq həvəskarı olan Şah Təhmasibin Osmanlı sultanına dostluq simvolu olaraq göndərdiyi rəsmlərə tamaşa elədikdə bir etiraf edir. Öncə onu qeyd edək ki, hətta günümüzdə də Türkiyə ərazisində Səfəviləri və Səfəvilərin varisi olan bizləri Osmanlıların və Osmanlıların varisləri olan Türkiyə türklərinin düşməni hesab edən və buna görə də Səfəvilərin heç bir diqqətəlayiq işini görmək, eşitmək belə istəməyən önəmli sayda insan var. Amma Pamuk Ustad Osman Əfəndinin diliylə Səfəvi nəqqaşlarının onlardan daha istedadlı olduqlarını etiraf edir.

Pamuk yaradıcılığından ilk oxuduğum əsər "Qara kitab" olub. Bu əsərdən sonra hər dəfə təkrar oxuduqca Pamuku özümçün yenidən kəşf edirəm, sanki təkrar deyil, ilk dəfə oxuyurmuşam kimi hiss edirəm.

Kiməsə kitab məsləhət görməyi sevmirəm, özüm soruşmasam, kiminsə məsləhət görməyini də qəbul etmirəm. Amma Orhan Pamuka gəldikdə işlər dəyişir.

Oxuyun, dostlar, Pamuku oxuyun!


Müəllif:

Oxşar xəbərlər