"Məzar yeri" layihəsi 3
"Məzar yeri 1"
"Məzar yeri 2"
İstanbulda Karacaahmet qəbiristanlığında Mirzəbala Məhəmmədzadənin məzarından bir qədər kənarda tanınmayan bir mühacirin məzarı var. Üzərində yazılıb: “Azərbaycanlı milli mücahidlərdən Əli Azərtəkin”.
Əli Azərtəkin Tağızadə 1905-ci ildə Bakıda doğulub. Atasının adı İskəndər olub. Anası isə şair Səməd Mənsur Kazımzadənin yaxın qohumlarından olub. Bakıdakı Pedaqoji İnstitutdan məzun olduqdan sonra Əli Tağızadə Gəncədə müəllim işləyib, Müsavat Partiyasının oradakı gizli təşkilatına üzv olub.
1928-ci ildə Müsavatın Gəncədəki gizli təşkilatının üzvləri təqibə məruz qaldığı üçün İrana mühacirət edib. Təbrizə gəldikdən sonra həmin vaxt Tehranda olan digər mühacir, Məhəmmədəmin Rəsulzadənin əmisi oğlu, Müsavat Partiyasını quran 3 şəxsdən biri olan Məhəmmədəli Rəsuloğlu ilə təmas qurub, onun təşəbbüsü ilə münasibət yaratdığı Türkiyənin Azərbaycandakı ilk səfiri olmuş Məmduh Şövkət Esendalın maddi və mənəvi dəstəyi ilə İstanbula gəlib.
İstanbulda filologiya fakultəsində bir müddət təhsilinə davam edib. 1933-cü ildə Mirzəbala Məhəmmədzadənin tövsiyəsi ilə Məhəmmədəmin Rəsulzadə tərəfindən Varşavaya dəvət edilib, onun yanında katiblik edib.
1939-cu ildə savaş başladığı zaman Rumıniya və Türkiyə üzərindən keçərək Tehrana yerləşib. 1941-ci ildə Tehranın rusların qırmızı ordusu tərəfindən ələ keçirilməsi təhlükəsinə görə, orada münasibət qurduğu Kurtulan ailəsi (bu ailə haqqında növbəti yazılarımızda məlumat verəcəyik) ilə birlikdə ingilislərin nəzarətində olan İsfahana gedib.
Rusların təqiblərindən yaxa qurtarmaq üçün ingilis hərbçiləri tərəfindən Kurtulan ailəsi ilə birlikdə Qahirəyə yola düşüb. 1943-cü ildə təkrar İrana döndükdən sonra bu dəfə Sovetlərə yaxın olan Suheyli hökuməti tərəfindən həbs edilib. Müharibə bitənə qədər Kurtulanla birlikdə həbsxanada qalıb.
İranda Suheyli hökumətini əvəz edən, İranın Bakıdakı keçmiş baş konsulu, sonralar Moskva, Ankara və Romada səfir işləmiş Azərbaycana yaxınlığı ilə tanınan Məhəmmədsəid kabinetinin müdaxiləsi ilə həm Kurtulan ailəsi, həm də Əli Azərtəkin azad edilib.
Lakin 17 mart 1955-ci ildə Sovetlər tərəfindən növbəti bir sui-qəsd təhlükəsindən sonra İran Şahənşah ordusunun himayəsi altına alınan Əjdər Kurtulan ailəsiylə birlikdə 13 fevral 1956-cı ildə İstanbula gəlib və ömrünün axırlarına qədər burada yaşayıb.
Əli Azərtəkin Müsavat Partiyasının ideoloji işlərində, 1936-cı ildə partiyanın Varşavada təşkil edilən konfransında yaxından iştirak edib. “İstiqlal” qəzetində, “Kurtuluş” dərgisində “A T” imzası ilə yazılar yazıb.
Türkiyəyə son dəfə gəldikdən sonra “Azərbaycan” dərgisinə məqalələr hazırlayıb.
Əli bəy mühacirətdə tərcüməçilik edərək dolanıb. Münhendə çıxan, Amerikanın Sovet İttifaqını Öyrənmə İnstitutunun çap etdiyi “Dərgi” adlı jurnal üçün rusca materialları türkçəyə çevirməklə məşğul olub. O, rus dili ilə yanaşı polyak və fars dillərini də bilib.
“Azərbaycan” jurnalının 1967-ci ildə çap olunan 184-186-cı saylarında Əli Azərtəkin haqqında yayımlanan nekroloqda onun haqqında belə yazılıb: “Sadə bir həyatı olan Əli Azərtəkin yoxsulluq içində həyat sürüb. Hər cür maddi mənfəətlərdən uzaq idealist, dürüst və təmiz bir insan idi. Qazancının böyük bir hissəsini kitablara və jurnallara verir, oxumaqdan və tədqiq etməkdən heç vaxt yorulmazdı. Ən böyük arzusu Azərbaycan gəncliyinə işıq tutacaq böyük bir əsər ərsəyə gətirmək idi... Təəssüf ki, həyatın bitmək bilməyən sıxıntıları, xəstəlik və üzüntülər bu fikrin həyata keçməsinə imkan vermədi”.
Əli Azərtəkin 1967-ci il, 20 oktyabr, axşam saat 20-də Heydərpaşa Nümunə xəstəxanasında mədə qanamasından vəfat edir. 21 oktyabrda Kadıköy Osmanağa məscidində cənazə namazı qılındıqdan sonra Krım, Türkistan, İdil-Ural və Şimali Qafqazlı mühacirlərin iştirakı ilə Karacaahmet məzarlığında, Mirzəbala Məhəmmədzadənin məzarının yaxınlığında dəfn edilir. Nəşinə Azərbaycandan gətirilən torpaq və su səpilir.
Azərbaycan Kültür Dərnəyi (Ankara), Azərbaycan Gənclik Dərnəyi (İstanbul), Azərbaycan Kültürünü Tanıtma Dərnəyi (İstanbul), keçmiş dostu Səlim Ağasıbəy, Ankarada yayımlanan “Türk Birliyi” jurnalının sahibi Kərim Alhan tərəfindən mızarına çələng göndərilir.
Əli Azərtəkin haqqında Kurtulan ailəsinin son tanınmış üzvlərindən İldəniz Kurtulanın “Everest” yayınlarında çap edilmiş “Amcam Hamlet” kitabında maraqlı bilgilər verib. Məzarlarının belə yanaşı olması bu ailə ilə Əli Azərtəkinin yaxın dostluğunu göstərir.
Ə.Azərtəkin “Azərbaycan” dərgisində (1956, 48-ci say) yayımlanmış “Azəri türkünü üst insanı” adlı yazısında Məhəmmədəmin Rəsulzadə haqqında yazır: “Onunla 12 il (1928-1940) yaxın iş yoldaşı olan biri kimi deyə bilərəm ki, ən böhranlı anlarda milli imanında ən kiçik sarsıntı belə keçirmədi... O, Azərbaycan xalqı üçün yaşayan bir qüdrət, iman nümunəsi və milli birlik amilidir...”.
Vətənində Mircəfər Bağırovun öldürülməsindən sonra “Azərbaycan” dərgisində (1956, 50-51-ci say) yazdığı “Bir edamdan alınacaq dərs” adlı yazısında Azərtəkin ruslara qulluq edən həmyerlilərinə müraciət edir: “Əgər insanlıqdan və düşünmək qabiliyyətinizdən bir parça qalıbsa, - ki, qalmış olduğunu düşünürük – bütün bunlardan yurdunuzun faydasına bir dərs almaq lazım gəlməzmi? Elə bir dərs ki, rus nökərçiliyinin ən mükəmməl bir nümunəsinin, rejimin ən qatı tərəfdarı olanların ən nəhayətdə qazandıqlarının bir güllə olduğunu bütün çılpaqlığı ilə önünüzə sərir və bundan ibrət almanızı gözləyir. Əcəba, aqibət belə olduqdan sonra mövcud şərtlər altında öz milli varlığınızı qorumaq və digərləri kimi yurd və millətinizin müstəqilliyi, əbədiliyi yolunda çalışaraq ən sonda alacağınız gülləni şirin bir şey kimi yeməniz daha yaxşı olmazmı? Heç olmasa, bu dünyadan xain damğası ilə köçməz, öz yurd və millətiniz üçün faydalı bir iş görmüş olarsınız. Necə olsa, sonu bir güllə deyilmi?”.
“Müsavat bülleteni”nin 1937-ci ildə çap olunmuş üçüncü sayında isə Əli Azərtəkin “Bizə görə Milli Birlik” adlı məqaləsində yazır: “Fərd, yaxud zümrə şəxsi ambisiyalarından vaz keçmədən Milli Birliyin təmininə imkan yoxdur...”
Dilqəm ƏHMƏD
Məzar fotoları: Məhəmməd İsmayılov
Digər fotolar: Müəllifin şəxsi kolleksiyasından.