Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi “Audiovizual məhsullar və beynəlxalq festivallara çıxma yolları” adlı layihəyə start verib.
Bunu Teleqraf.com-a açıqlamasında “CİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev deyib. O bildirib ki, hazırda Azərbaycanda gənc kinematoqrafçılar audiovizual məhsulların istehsalında yaxından iştirak edə bilmirlər. Daha çox həvəskar xarakterli məhsulların ortaya çıxması bu sahədə çalışan gənclərin yetərincə biliklərə sahib olmamasının göstəricisidir: “Bu da kino sahəsində çalışan gənclərin dünya festivalları üçün maraqlı ola biləcək filmləri ərsəyə gətirə bilməməsinə səbəb olur.
Qeyd edək ki, son illər ölkəmizdən kənarda keçirilən beynəlxalq festivallarda iştirak edən azərbaycanlı kinematoqrafçıların yaş həddi 35- dən yuxarıdır. Doğrudur, bəzi gənclər də festivallarda iştirak edir, amma onların sayı barmaqla sayılacaq qədərdir. Bəzən olur bu problemin kökündə keyfiyyətli məhsulun olmaması yox, festivallara çıxmaq üçün qaydaları bilməmək, filmin janrından, formasından asılı olaraq lazımi festivala göndərilməməsi dayanır.
Bundan başqa xaricə çıxacaq keyfiyyətli məhsulların azlığı bu sahədə ustad dərslərinin demək olar ki, keçirilməməsindədir. Digər sahələrdən fərqli olaraq kino sahəsində təşkil olunan ustad dərslərinin sayı lazım olduğundan azdır”.
Onun sözlərinə görə, sözügedən layihə çərçivəsində peşəkar masterlərin iştirakı ilə təlimlər təşkil olunacaq.
Təlimlərdə iştirakçılar audiovizual məhsul və onun janrları, beynəlxalq festivallarda iştirak və onların kateqoriyaları, həmin festivallara qatılmağın yolları, onlarda iştirak edə biləcək müəllif filmlərinin istehsalı və bu festivallarda iştirakın əhəmiyyəti barədə ətraflı məlumat ala biləcəklər.