Azərbaycan kinosunda komik janr həmişə dəbdə olub. Son illər bu janrında çəkilən filmlərdə oxşar kadrlardan istifadə və bayağı zarafatlar mənfi mənada diqqəti cəlb edir.
Teleqraf.com qeyd etdiyimiz nöqsanları nəzərə alaraq saytların mədəniyyət mövzusunda yazan jurnalistlərinə “Oğlan evi-1” , “Oğlan evi-2” və “Axırıncı yol” filmlərini müqayisə etmək məqsədilə müraciət edib.
Yazarların fikrini təqdim edirik:
Musavat.com saytının əməkdaşı Könül İbrahim: “Azərbaycanda kino çəkilişinə stimul yaradılmalıdır. Film sektorunda çalışanların əməyini yerə vurmaq düzgün çıxmaz. Bəzən çatışmazlıqlar qaçılmaz olur. İşimlə əlaqədar yeni nümayiş olunan yerli filmləri izləməyə çalışıram. Çəkiliş komandasından, aktyor heyətindən asılı olmayaraq yerli filmlərə baxıram.
Düşünürəm ki, “Axırıncı yol”la “Oğlan evi” müqayisə olunmayacaq dərəcədə fərqlidir. “Axırıncı yol” filmini bəyəndiyimi deyə bilmərəm. Amma filmdə aktyor Nicat Rəhimov xüsusi fərqlənirdi. ”Bozbaş pictures” komandasının ən istedadlı üzvü olduğunu düşünürəm.
“Oğlan evi” filminin ünvanına xoş söz demək olar. Fikrimcə, birinci film daha gözəl alınıb. Onu yeni çəkilən yerli filmlər arasında ən maraqlı və peşəkar ekran əsəri adlandırardım.
İkinci film isə nisbətən zəif idi. Bəzi aktyorlar çox sıxılmışdı, onların potensialından tam istifadə olunmamışdı. Sanki qəlibə salınmışdılar.
Hər iki filmdə İsi obrazını canlandan aktyor Elşən Hacıbabayev xüsusilə diqqətimi çəkdi. Məncə, çox uğurlu seçimdir. Filmdə verilən mesajlar isə həqiqətən günümüzlə səsləşir”.
Qafqazinfo.az saytının şou yazarı Elvin Elxan: “Oğlan evi” filmində İlham Qasımovun rejissorluq qabiliyyətini kəşf etdim. Aydındır ki, filmin büdcəsi kalan olub...
Komediya janrında çəkilən filmlərdə bayağı sözlərdən istifadə mümkündür. Bir şərtlə ki, aktyor-aktrisa öz ustalığını həmin sözlərin öhdəsini buraxmasın. Ekran işində qeyri-etik ifadələr işlətmək olar, ancaq onu elə təqdim etməlisən ki, tamaşaçı məzmunu buraxıb, ifadəyə gülməsin.
“Oğlan evi”ndə söyüş olmasa da, bayağı ifadələr yerində təqdim edilmişdi. Həmçinin, filmin ictimai yükü də var. Film nə qədər aktual mövzu üzərində qurulsa, tamaşaçıya problem çatdırsa, bir o qədər çox baxılacaq.
“Axırıncı yol” filmin qəhrəmanlarında bir qədər oxşarlıq var. Məsələn, Nicat Rəhimovun canlandırdığı obrazla “Oğlan evi”nin İbişi biri-birinə bənzəyir. Həmin film də texniki cəhətdən normal çəkilib, ancaq “Oğlan evi”ndən bir qədər geri qalır”.
Muz.TV-nin əməkdaşı Rəvan Rad: “Bozbaş pictures” komandasının çəkdiyi “Ay Brilliant”və “Axırıncı yol” filmləri uğurlu alınıb. Çəkiliş meydançalarının fərqliliyi, hadisələrin tez-tez başqa yerlərdə reallaşması da yaxşı haldır. Lakin ssenarinin bir o qədər də "Ay Brilyant"dan fərqlənməyəcəyini artıq kinoya baxmamışdan bilirdim, yenə Şəmi, Şöşü, Qılman, Fəlakət və Şirin obrazları...
Bildiyiniz kimi "Bozbaş pictures" serialı hələ də yayımlanır və onu izləyəndə sanki "Ay Brilyant", "Axırıncı yol" film deyil, o serialın növbəti bölümlərindən biridir.
Filmdə bir neçə zarafatı çıxmaq şərti ilə yumor zəifdir. Bəzən o qədər ibtidai zarafatlardan istifadə edirlər ki... Real həyatda çox yumoristik fikirlərə sahib komandanın yumoru filmlərinə gətirə bilmədiklərinə təəccüblənirəm.
"Oğlan evi-2" filminə əfsus ki, baxmamışam, amma haqqında müsbət rəylər eşitmişəm. "Oğlan evi-1"in isə yumorunu normal qarçıladım. Günümüzün reallıqları əks olunub.
İkinci fərq düşünürəm ki, aktyor seçimidir. "Oğlan evi-2" filmində "Axırıncı yoldan" fərqli olaraq artıq qəhrəmanlar arasında yeni obrazlar var və hətta günümüzdə sosial şəbəkələrdə tanınan blogger Hüseyn Əzizoğlunun filmə cəlb edilməsi də uğurlu addım idi”.
Axar.az saytının mədəniyyət yazarı Dilarə Zamanova: “Oğlan evi-2” və “Oğlan evi-1” kimi maraqlı alınmışdı. Düzdür, çox adam “Oğlan evi-2” filminin birincisi qədər gülməli olmadığını deyir, amma mən 2-ci filmi də birincisi qədər bəyəndim.
Ən əsası filmin rejissoru İlham Qasımov çox savadlı və koloritli adamdır.
“Axrıncı yol” filminə gəldikdə, komersiya filmi olsa da, pis deyildi. Hər iki filmdə müəyyən mənada düşündürücü yumordan istifadə edilib. Çatışmayan cəhətləri növbəti filmlərdə düzəldəcəklərinə inanıram”.
Big.az saytının şou yazarı Sərvər Mehdiyev: “Oğlan evi-1” filmini izləməmişəm. Amma filmə baxanlar çox tərifləyirlər. Yaxın günlərdə “Oğlan evi-2”nin qala gecəsi baş tutdu. “Oğlan evi” və “Axrıncı yol” filminin normal olduğunu düşünürəm”.
Rəqsanə