17 Yanvar 2017 14:23
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Receb İvedik - 5” filminin fraqmanı Azərbaycanda birmənalı qarşılanmayıb. Şahan Gökbakarın baş rolunu oynadığı filmin boks səhnəsində azərbaycanlı obraza münasibət hörmətsizlik kimi qəbul edilib.

Teleqraf.com məsələylə bağlı aktyor Elməddin Cəfərovun və Cəfər Cabbarlı adına Kinostudiyanın rəhbəri Müşfiq Hətəmovun münasibətini öyrənib.

Səslənən fikirləri təqdim edirik:

Elməddin Cəfərov: “Fraqmanı izləməmişəm. “Qardaş ağzını-burnunu qırmağa gəlmişəm” deməyini yaxşı qarşılamıram. Bayraqla təmsil edilən boksçuya o sözləri deməyi yaxşı deyil. Bayraq bizim atributumuzdur, müqəddəsdir. Bu məsələdə çox böyük səhv edib. Biz türk bayrağına hörmətlə yanaşırıq, onlar da elə yanaşmalıdır.

Bir şey də var ki, ssenaridə boks səhnəsi varsa, belə məqamlar başadüşüləndir. Bunu aktyorun yox, obrazın hozuluğu kimi dəyərləndirməliyik. İvedik obrazı o biri seriyalarda öz müəllimini döymüşdü”.

Müşfiq Hətəmov: “Türkiyədə film sahəsində intellektual səviyyə aşağıdır. Ona görə özlərinə qarşı da çox böyük səhvlər edirlər. Türk film və seriallarında öz dəyərlərinə qarşı çox böyük xətalar var. Ona görə də bunu ciddi qəbul etmək lazım deyil. Biz öz filmlərimizlə öz dəyərlərimizi yüksəldək və dünyaya çatdıraq. Bu hal savadsızlıqdan baş verir. İnsanların etirazını çox hörmətlə qarşılayıram. Ancaq bu Türkiyədə adət halına çevrilib. Hətta son dövrlərdə Rusiyada belə şeylər olurdu, yığışdırıblar”.

Şahan Gökbakar isə tənqidlərdən sonra bu məsələyə instaqram səhifəsində münasibət bildirib: “Kədərləndirmək üçün deyil, güldürmək üçün varıq. Bizdə qardaş ölkəmizə qarşı səhv olmaz. Filmin fraqmanındakı səhnəni başqa istiqamətə çəkməyə çalışanları nəzərə alaraq digər fraqmanı paylaşıram. İvedikin ağzından çıxanlar nəymiş? Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram. Hamınızı sevirəm”.

Qeyd edək ki, Vətəndaş Həmrəyli Partiyasının sədri Sabir Rüstəmxanlı bir müddət öncə “Rəcəb İvedik”i sərt tənqid etmişdi. Sabir Rüstəmxanlı vurğulamışdı ki, filmin yaradıcıları anadoluluları təhqir edir: “Filmin yaradıcılarının fikrincə, Rəcəb istanbullu, izmirli, ankaralı, diyarbəkirli deyil, karslıdır. Bu, məncə, bütün karslılara və Doğu anadolulara həqarətdir. Karsın şanlı qəhrəmanlıq tarıxi, hər qarşı şəhid qanı ilə yoğrulmuş torpağı, mərd, namuslu insanları, yumorla dolu folkloru, türk ruhunun qanadlanması olan möhtəşəm saz sənəti və onlarca başqa dəyərləri saysız gözəl filmə konu ola bilər. Ancaq sinema ustalarını bunlar yox, məhz Rəcəb ilgiləndirib, daha doğrusu, onlara görə, belə zırrama yalnız Qarsdan çıxa bilər. Yazıqlar olsun! Ayıbdır!”. Onun fikrincə, heç bir fəlsəfi, estetik, bədii, mənəvi, tərbiyəvi dəyəri olmayan belə filmlər tamaşaçıların və cəmiyyətin zövqünü korlamaqla yanaşı, böyük türk milləti və türk toplumu haqqında yanlış təsəvvür yaradır: “Tarix boyu yumor- zəiflərin silahı, yoxsulların sərvəti, əlacsızların dayağı olub. Sarayları təlxəksiz, cəmiyyəti Hoca Nəsrəddinsiz və Kefli İskəndərlərsiz təsəvvür etmək çətindir. Komediyanın ədəbiyyatın ən qədim növlərindən biri olması təsadüfü deyil. Türk filmləri arasında da uğurlu komediyalar az deyil. Türkiyə televiziyalarında “Rəcəb İvedik” adlı 4 seriyalı sözdə "komediya"nı izlədim. Anlamaq istəyirdim ki, türkiyəli sənətçi qardaşlarımızın niyyətləri nədir, Rəcəbin simasında nəyi göstərmək, hansı ciddi mövzulara toxunmaq, hansı tərbiyəni aşılamaq, hansı mənəvi dəyərləri xatırlatmaq, hansı estetikanı tanıtmaq istəyirlər. Bu boyda komediya çəkilirsə, orda şübhəsiz açıq və ya gizli bir amac, bir ictimai anlam, bir milli hədəf olmalıdır. Ancaq mən indiyədək “Rəcəb İvedik” filmlərində vəhşilikdən, tərbiyəsizlikdən, kobudluqdan, türk insanına yaraşmayan hərəkət tərzindən başqa heç nə görmədim. İpək kimi bir nənənin böyütdüyü Rəcəb, nədənsə, bənzəri olmayan heyvan kimi düşüb toplumun arasına və nə qədər ağlasığmaz tərbiyəsizliklər varsa edir və ona “dur!” deyən də yoxdur. Əgər milləti bu yolla güldürmək sənət sayılırsa, onda bu sənətin Rəcəbin tez-tez ayağını qaldırıb buraxdığı havadan heç bir fərqi yoxdur”.

Rəqsanə, Nərgiz


Müəllif:

Oxşar xəbərlər