19 Yanvar 2017 13:49
4 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Azərbaycan Televiziyasının diktoru, ssenarist-rejissor Rafiq Həşimovla müsahibəni təqdim edir:

- Rafiq müəllim, son zamanlar aparıcılar dil-üslub, jest və mimikalarına görə tez-tez tənqid olunur. Yeni xəbər spikeri, moderator anlayışları meydana çıxıb. Sovet dönəmində də, indi də diktor kimi çalışırsınız. İndiki dövrlə o illərin müqayisəsini aparmağınızı istərdim...

- Onu qeyd edim ki, sovet dövrü diktor məktəbində cəmi 1 il oldum. 1990-cı ildə müsabiqədən keçdim, 1991-ci ildə SSRİ dağıldı. Özümü o qədər də sovet dövrünün diktoru hesab eləmirəm. 1990-cı ildə 24 yaşım vardı, sovet ordu sıralarında xidmət etmişdim, televiziyada texnik, montajçı işləyirdim.

Xeyli müddət bundan əvvəl bir nəfər mənə dedi ki, qəzetdə köşə üçün yer ayıraq, orada televiziya tənqidi ilə bağlı fikirlərini yaz. Dedim aparıcıyam, özüm efirə çıxan adamam, o, tamam ayrı peşədir. Həm çalışdığım, həm də başqa televiziya kanallarındakı aparıcıları qiymətləndirmək mənim işim deyil, bir az da etik olmaz.

- Telekanallarda aparıcıların və müxbirlərin nitq mədəniyyəti ilə məşğul olmusunuz, Xəzər Universitetində nitq mədəniyyəti üzrə pedaqoji fəaliyyət göstərmisiniz, kifayət qədər müşahidə imkanınız olub: aparıcı və müxirlərin nitqində əsas problemlər nələrdir?

- 2001-2003-cü illərdə “Speys”, 2006-2007-ci illərdə “Lider”, 2015-ci ilin əvvəlindən 4 ay müddətində “Xəzər” telekanalında aparıcı və müxbirlərin nitqi ilə məşğul olmuşam. Yaxşı nəticələr də çox olub. Bu yaxınlarda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri ilə görüşə dəvət olunmuşdum. Bir saat ərzində tələbələrin nitqini yoxladım. Orada gördüyüm problemlər bilirsiniz haradan gəlir? Orta məktəbdən. Azərbaycan dili dərsi geniş keçilməyib. Nəzəriyyəni keçiblər, elə o səviyyədə də qalıb, təcrübə yoxdur. İşimiz təcrübidir. Böyük mənada götürəndə tətbiq olunmayan bilik nəyə lazımdır? Azərbaycan ədəbi danışıq dili dediyimiz anlayışı bilən və onun qaydalarına əməl edən bir qisim peşəkarlara lazımdır. Aparıcı da həyatdan, orta məktəb və ali məktəbdəki biliklərlə bu sahəyə gəlir. Peşəkar səviyyədə radio və televiziya üçün nitq üzərində işləyən məktəblərimiz demək olar ki, yoxdur. Həyat belə gətirib ki, bu məktəb radio və televiziyada uzun müddət işləyən və yaxşı nitqi olan diktorların, aparıcı və jurnalistlərin simasında qalıb.

AzTV-nin nəzdində Televiziya və Radio Akademiyası açılıb, inşallah, bir müddət sonra öz nəticəsini göstərəcək. Azərbaycan dili çox zəngindir. Həmişə tələbələrdən soruşuram ki, kimin evində stolun üstündə sinonimlər lüğəti var? Quranın bir ayəsində deyilir: “Biz sizə dillər verdik ki, bir-birinizlə ünsiyyətdə olasınız, tanıyasınız. Allah qatında ən yaxşınız Allahdan çox qorxanınızdır”. Dil verilmiş şeydir. Biz hansısa dildə doğuluruq.

- Özəl telekanallardakı xəbər aparıcıları bəzən özlərini türkiyəli, rusiyalı həmkarlarına bənzədirlər. Siz bu sahədə Türkiyə, yoxsa Rusiya modelini uyğun görürsünüz?

- Düzü, Türkiyə, Rusiya, ABŞ modelinin nə olduğunu bilmirəm. Hərənin öz mədəniyyətinə, adət-ənənəsinə, ölkəsinin oturuşmuş və indiki halına uyğun informasiya mühiti olur. Uzun illər rus dili vasitəsilə rus mədəniyyəti və ənənəsinin təsiri altında olmuşuq. İki yerə bölünmüş xalqıq. Azərbaycan cəmi 26 ildir müstəqillik əldə edib. Öz formatımıza uyğunlaşma üçün tarixi baxımdan kiçik dövrdür. Elə bil körpədir, təzə yeriyir. Eyni zamanda, informasiya kanallarımız açılmağa başladı. Gənc aparıcı Türkiyə televiziyasına baxanda daha çox əl-qol hərəkəti görür, Rusiya televiziyasında həmin şeylər bir qədər fərqlidir. O da hansınısa əxz etmək istəyir. Belə fikirləşənlər də var ki, aparıcı robot kimi oturub tamaşaçıya xəbər çatdırmalıdır. Mənə elə gəlir aparıcı gərək özü olsun, çünki o, öz dilini, mədəniyyətini təqdim edir, ilk növbədə xalqının siması olur. Verilişin janrına uyğun olaraq jest və mimikalar ola bilər. Amma tutaq ki, Türkiyə kanalındakı jurnalistlərin əl-qol hərəkətini olduğu kimi tətbiq etsən, bu, təqlid olacaq. Təqlid də heç vaxt səmimi təsir bağışlamır. Jestlər məzmuna əsaslanmalıdır.

- Biz AzTV efirində Azərbaycan və əhalinin yaşayış tərzini bir başqa cür görürük, Siz bir vətəndaş kimi manatın məzənnəsinin dəyişməsi fonunda ölkənin iqtisadi və sosial vəziyyətini necə görürsünüz?

- Mən fəhlə ailəsində böyümüşəm, atamla anam pensiya alırlar, Mehdiabadda həyətdə toyuq-cücə saxlayırlar. Şənbə-bazar başlarına yığışırıq. İbadətlərini edirlər, Allaha şükür edib yaşayırlar. Ömrü boyu dəmir yolunda çalışıblar, şimala mazut, neft, benzin daşıyan qatarlara yağ töküblər ki, yaxşı getsin, yolda qəza olmasın. Yadımdadır, gecə növbəsində işləyirdilər. Bizi çox böyük zəhmətlə, zillətlə böyüdüblər. Kimin nəfsi nə qədərdirsə, həyata o cür yanaşır. Özüm heç vaxt şikayət etməmişəm. İnsanın iddiaları nəfsiylə əlaqəlidir. Məsələyə sosioloq, iqtisadçı kimi yanaşa bilmirəm, sadəcə, öz düşüncəmi deyirəm.

- Maraqlıdır, televiziyanın sizə qazandırdığı populyarlığa münasibətiniz necədir?

- Təzə-təzə televiziyaya gələndə şöhrət hissləri olub. Şükür Allaha, bir-iki ildən sonra keçdi getdi. O adama mane olan şeydir. Həyata bir az başqa cür yanaşmaq lazımdır. İnsan həyatı çox qısadır, dünyada o qədər görməli yerlər, oxumalı kitablar var ki... Ərkim çatdığı yerlərdə deyirəm ki, populyarlıq heç bir imtiyaz deyil, sadəcə, işin göstəricisidir. Ola bilsin sənə rəğbət göstərirlər, bunu qazanmısansa, böyük şeydir və qorumaq çox çətindir. Şöhrət qədər insanın belini qıran ikinci şey yoxdur. İmam Əli əleyhissalam çox böyük elm adamı olub. Onu kimsə tərifləyir, deyir sən mənim qollarımı qırdın ki...Görün artıq tərifi nəyə bənzədir.

Mənim üçün çox vacib olan prinsiplər var. Uşaqlıq, azadlıq haqqında esselərimdə yazmışam haçansa. Azadlıq ən çox sevdiyim şeylərdən biridir və həmişə onu qorumağa çalışmışam. Yaradıcılıqla məşğul olmaq istəyən insan daxilən azad olmalıdır.

İnsanlar əsl həqiqətlərin yanından sanki ötüb keçirlər, elə bil onları doğru-düzgün qiymətləndirməyə vaxt yoxdur. Biz əsl həyatın yanından keçirik. İnsanların ruhla, qəlblə yaşamağa vaxtı yoxdur. Çox maddiləşmişik. Saytlara baxmaq kifayətdir görəsən ki, informasiya həzm olunandan qat-qat çoxdur.

- Azadlığı çox sevdiyinizi söylədiniz. Bəs sizin azadlığınızın sərhəddi haraya qədərdir, məsələn, AzTV-nin binasının qapısından içəri daxil olanda özünüz üçün qoyduğunuz qadağalar varmı?

- İstənilən yerə gedəndə o yerə hörmətlə yanaşıram. Çalışdığım telekanalın binasına necə daxil oluramsa, digər yerlərə də, evə də, küçəyə də, dükana da o cür girirəm. Bir tanışım deyirdi bu qədər mütaliyə edirsən, müsahibələrində niyə qonağını “sıxmırsan”. Cavab verdim ki, müsahibəyə dəvət elədiyim qonağa ilk növbədə hörmət edirəm.

Peşəmiz sözlə bağlıdır, günlərin bir günü anladım ki, söz heç bir əyər-əskiyi olmayan, düzgün göstərən güzgü kimidir. Kim sözə nə cür yanaşırsa, eləcə də görünür. Uzun illər rəsmi mətnlər oxumuşam və o mətnləri yaxşı oxumağa çalışmışam. Mətn çox canlıdır, sanki deyir məni belə oxu!

Diktor peşəsi əsl sənətdir, onun da öz incəlikləri, dərinlikləri var. Bu mənim diktor kimi işimdir, burada jurnalist fəaliyyətim yoxdur, çünki mətnləri başqaları yazır. Amma paralel olaraq filmlərə ssenarilər yazmışam, sənədli filmlər çəkmişəm, müəllif proqramlarım olub, hekayələrim, esselərim var, bu, başqa janrdır. Əsas olan sözə necə münasibət göstərməyindir. Mənim üçün bir senzura olub: təfəkkürün, ağlın qadağası. Amma olub ki, 1991-92-ci illərdə iki dəfə işdən getmişəm.

- Nə səbəbə?

- Birinci dəfə işdən 1991-ci ildə getdim. O zaman Ayaz Mütəllibovun adamları cəbhənin tərəfdarlarına efirdən həcvlər oxutdururdular. Növbə mənə çatanda imtina elədim, mətni oxumadım, çıxıb getdim. 1992-ci ilin martında yenidən işə qayıtdım. Qısa vaxtdan sonra hakimiyyət dəyişdi. 1992-ci ildə ANS-i və 215 KL studiyasını bağlamaq istəyirdilər. “215 KL” studiyasının rəhbəri məndən xahiş etdi ki, onları müdafiə məqsədilə mətbuat konfransını aparım. Razılıq verdim, indiki AzərTac-Azərbaycan Dövlət İnformasiya Agentliyinin binasında konfrans oldu. Onda ANS təzə fəaliyyətə başlamışdı. Mən də demişdim ki, televiziyalar nə qədər çox olsa, o qədər yaxşıdır, onun bağlanmasının əleyhinəyəm. Bu fikirlərimə görə bir neçə ay işsiz qaldım. O dövrün qəzetlərində bunlar haqda yazılıb. Televiziyaya təzə gəlmişdim, bir-iki il idi diktor işləyirdim.

- Bəs kim geri qaytardı?

- O dövrdə televiziya, az qala, siyasi hadisələrin poliqonu idi. Gələn adamlara deyirdilər Rafiqə haqsızlıq olub, məni yenidən dəvət edirdilər.

- Danışığınızdan hiss olunur ki, inanclı insansınız, deyəsən, Qurani-Kərimin tərcüməsi ilə də məşğul olmusunuz.

- Yox, tərcümə etməmişəm, amma səsləndirmişəm. Ərəb dilini bilmirəm deyə tərcümə edə bilmərəm. Din alimi deyiləm, amma başqa məsələdir ki, istənilən jurnalist dünyada olan bir çox ənənələri, mədəniyyətləri öyrənməyə çalışmalı, ən azı informasiya şəklində məlumatlı olmalıdır. Xüsusən müsahibə alan adam üçün bu, çox vacibdir. Müsahibə janrını çox xoşlayıram, bunu bacarıram da. Bir müsahibəm indiyə qədər efirə gedir – 17 ildir yayımlayırlar.

- Hansı müsahibəniz?

- Allah rəhmət eləsin, böyük alimimiz Azad Mirzəcanzadədən “XX əsr” müəllif proqramımda müsahibə almışdım. Hər il doğum günündə o müsahibə efirə verilir.

- Qurani-Kərimi kimin tərcüməsində oxumusunuz?

- İlk dəfə 23 yaşımda – rus şərqşünası, professor İ.Y.Kraçkovskinin tərcüməsində oxumuşdum. Daha sonralar rusiyalı alim İ.V.Poroxovanın, bizim tanınmış alimimiz Elmir Quliyevin rusca tərcümələrini oxudum, azərbaycanca isə görkəmli alimlərimiz Ziya Bünyadovla Vasim Məmmədəliyevin və ərəb dili mütəxəssisi Əlixan Musayevin tərcümələrini oxumuşam. Ziya Bünyadovla Vasim Məmmədəliyevin tərcüməsi akademik tərcümədir, çox yaxşıdır. Bir məsələ var ki, mötərizələr çoxdur, oxucu üçün rahatdır, səsləndirəndə isə xüsusi intonasiya tələb edir, mötərizəni izah etmək lazım gəlir, ona görə də mənim üçün çətin gəldi. Əlixan Musayevin tərcüməsinə də baxdım, orada mötərizələr demək olar ki, yox idi, onun üzərində dayandım. Mətn üzərində 3 ay işlədim, hazırlaşdım, 2 aya səsləndirdim.

Bilirsiniz, uzun illər ərzində yüzlərlə səhifə ictimai-siyasi, ədəbi-bədii mətnlər, filmlərin kadrarxası mətnlərini oxumuşam. Dedim, bəlkə, müqəddəs mətni - Qurani-Kərimi də oxuyum. Ölüm-itim dünyasıdır, istədim heç olmasa, məndən yadigar qalsın. Oxuyub bitirəndən sonra anladım ki, əslində, bu mətnin öz daxili intonasiyası var və bu da qiraətçi üçün ciddi bir məktəbdir.

- Rafiq müəllim, jurnalistlər də daxil olmaqla dünyanın tanınmış simaları ölkələrindəki siyasi və ya sosial problemlərlə bağlı fikirlərini açıq şəkildə ifadə edirlər. İş yerini itirməkdən çəkinməyib sərt mövqe nümayiş etdirənlər də olur. Sizi narahat edən elə bir problem olubmu ki, ona təpki göstərmək istəmisiniz...

- Hər hansı məsələ ilə bağlı mənə müraciət olunanda fikrimi bildirirəm. Mənim hadisələrə yanaşmama gəlincə, çoxdan oturuşmuş yaşam tərzim var. Hesab edirəm ki, hər bir insan öz işini bacardığı qədər yaxşı görməlidir. O zaman problem öz-özünə həll olunur. Ən ağrılı dərdimiz Qarabağdır, deyilmi? Ölkəmizdə qaçqın uşaqlar problemi vardı, Sabirabadda Qalaqayın qaçqın şəhərciyi fikrimdən çıxmırdı. Orada 22 min adam yaşayırdı, onlardan 1500-ü uşaq idi.

1997-ci ildə uşaq həbsxanasından bəhs edən “Qum dənəsi” filmini çəkdik. Uşaqlar, uşaqlıq mövzusu məni çox düşündürürdü. Tez-tez qaçqın şəhərciyinə gedirdim. Deyirik ki, keçən əsrin əvvəlində ermənilər bizim camaata çox zülm edib. İndi video-kino əsridir, bunu tarix üçün çəkib saxlamaq lazımdır. O düşüncə ilə iki sənədli film – 2000-ci ildə “Günəş və bulud”, 2006-cı ildə isə “Qamış şəhərin yuxuları” yarandı. O filmlər işlək əcnəbi dillərə çevrilərək xarici ölkələrdə təqdim olundu. Daha sonra 2011-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Fuad Əsədov haqda “Yarımçıq gündəlik” filmini çəkdim.

Mən hadisələrə münasibəti peşəkar fəaliyyətdə görürəm.

Nərgiz Ehlamqızı

Foto: Elçin Murad


Müəllif:

Oxşar xəbərlər