Yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin müşaviri Elçin Hüseynbəyli Teleqraf.com-un suallarını cavablandırıb:
- Elçin bəy, bir cəbrayıllı kimi Azərbaycan prezidenti İlham Əliyevin Cocuq Mərcanlı ilə bağlı sərəncamını necə qarşıladınız?
- Bu, çox vacib sərəncamdır. Dövlət başçısı bir daha nümayiş elətdirdi ki, daim məcburi köçkün və qaçqınların problemləri, onların güzəranının yaxşılaşması ilə ciddi maraqlanır və əlindən gələni əsirgəmir. Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı 4 milyon manat ayrılması bunun əyani sübutudur. Heç şübhəsiz ki, insanlar öz doğma torpaqlarına qayıtmaq istəyir. Bizim Mahmudlu kəndini Cocuq Mərcanlıdan təxminən 16 km yol ayırır. Kəndimiz də Araz boyunda yerləşir.
Aprel döyüşləri zamanı cəbrayıllılar bir məclisdə idi, o qədər sevinirdilər, biri deyirdi mən filan yerdə məscid tikəcəm, o biri deyirdi yolumuzu özümüz çəkəcəyik. Cənab prezidentin başladığı təşəbbüs sadə əhali tərəfindən çox maraqla qarşılanacaq. İmkanlı adamlar, şübhəsiz, dövlətimizə yardımçı olacaq ki, həmin yer-yurd daha da abadlaşsın. Onlara böyük şərait də yaradılacaq. Qoy hansı töhfəni vermək istəyirlərsə, versinlər. Mənə elə gəlir hətta iş adamlarına müəyyən güzəştlər də ediləcək. Düşünürəm ki, bu işlər davamlı olacaq. Cocuq Mərcanlıda müəyyən abadlıq işləri başlasın, oraya gedənlərdən biri də mən olacam. Bütün soydaşlarımız kimi mən də bu hadisəyə sevindim.
- Cocuq Mərcanlıda olmuşdunuz?
- Əlbəttə. Araz boyunda Cocuq Mərcanlı, Mehdili, Çaxırlı, Aşağı Maralyan, Yuxarı Maralyan və Mahmudlu yerləşir. Cocuq Mərcanlıya futbol yarışlarına gedirdik, Aşağı Maralyanda böyük stadion vardı, oyunlar keçirirdik. Oralar doğma yerlərdir, indi də xatirimdədir.
- Qaçqın və Məcburi Köçkünlərlə işlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib ki, 190 ailə Cocuq Mərcanlı kəndinə qayıtmaq üçün müraciət edib. Müraciət edənlər arasında tanışlarınız var?
- Təbii ki, bütün kənd camaatı qayıdacaq. Sərəncam təzə verilib. Bəzi dar düşüncəli insanlar deyir qaçqınlar gəldilər, Bakıda məskunlaşıb ev-eşik yaratdılar, kimdir təzədən o torpağa qayıdan? Onlar kökündən yanlış düşünür. Hər bir qarabağlı, hər bir cəbrayıllı öz elinə-obasına qayıtmağa hazırdır. Birincisi, şəhərdə olanı kim onun əlindən alacaq ki? Varsa var da, yer-yurd da onları gözləyir, gedib niyə abadlaşdırmasın ki? Məsələn, elə biri mən: qohumlarım, ətrafımda hamı bir nəfər kimi Cəbrayıla getməyə hazırdır. Oxuyanlar, hardasa işləyənlər qalıb işlərini davam etdirəcək. Mən Bakıda da, Moskvada da oxuyanda kəndə gedirdim, ot biçirdim, ailəmə kömək edirdim. Həmin ənənə geri qayıdacaq. Düşünürəm ki, prezidentin sərəncamı o baxımdan vacib idi ki, ordumuz işğaldakı torpaqları azad edəndə qarabağlıların hamısının öz doğma yurduna qayıdacağı bir daha nümayiş olundu.
- Yaradıcı şəxs kimi Qarabağın gələcəyini necə hiss edirsiniz?
- Qarabağ gözəl relyefi olan yerdir. Dövlət çalışır ki, danışıqlar yolu ilə torpaqlarımızı azad edək. İnsanların aprel zəfəri zamanı gözlərindəki sevinci görmək kifayətdir ki, biləsən hamı torpağına qayıtmaq istəyir. Bütün azərbaycanlılar və qarabağlılar kimi Qarabağın gələcəyini işıqlı bir gün kimi təsəvvür edirəm. Torpaqlarımızı bərpa edib abadlaşdıracağıq. Azərbaycanın imkanlı sahibləri var ki, yenidən fermer təsərrüfatı yaradacaq. Qarabağın hər şeyi vardı da. Nəyi yox idi ki? Əsas sudur, su bol idi. Yadımdadır ki, o vaxt artezianlar vardı, hər yerə su çəkilmişdi. Qarabağı abad region kimi təsəvvür edirəm.
- Münaqişənin həllini müharibədə, yoxsa sülhdə görürsünüz?
- Açığı, bir yazıçı kimi heç şübhəsiz ki, sülhün tərəfdarıyam. Münaqişənin dondurulmuş vəziyyətdə saxlanmasının əleyhinəyəm. O sülhün tərəfindəyəm ki, danışıqlar yolu ilə dövlət başçısının dediyi kimi müəyyən güzəştlə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh əldə olunsun, qaçqın və məcburi köçkünlər öz yerlərinə qayıtsın. O tərəfin də məcburi köçkünləri varsa, onlar da geri qayıtsın. Bir şərtlə ki, Zəngəzurdan qovulan azərbaycanlılar da öz yurduna qayıtsın. O vaxt böyük layihə vardı, deyirdilər Mehridən bizə dəhliz versinlər, biz də Laçından dəhliz verək. Mənə elə gəlir bu da yaxşı ideyadır. İki xalq ömrü boyu bir yerdə yaşayıb, bundan sonra da yaşaya bilər. Bunun geci-tezi var. Cənab prezident də qəti deyib ki, heç vaxt Dağlıq Qarabağın müstəqilliyini görməyəcəksiniz, muxtariyyət məsələsi daim gündəmdə olub və Azərbaycan buna razı olub. Şəxsən mən də o ideyanı dəstəkləyirəm.
- Yəni xalq diplomatiyasının tərəfdarısınız...
- Həmişə xalq diplomatiyasının tərəfində olmuşam. Biz ermənilərlə düşmən deyilik, biz separatçı rejimlə, terrorçularla düşmənik. Düşünürəm ki, qalan sadə ermənilərlə dialoqa getmək, regional, humanitar, beynəlxalq tədbirlərdə bir masa ətrafında oturmaq, fikir mübadiləsi aparmaq lazımdır. 2012-ci ilə kimi dəfələrlə ermənilərlə müxtəlif tədbirlərdə olmuşam, söhbət eləmişəm. Demirəm ki, ermənilər məkrlərini yerə qoyurlar, içlərində nə varsa, onlarındır. Ancaq kənar insanlar var axı. Onlar müşahidə aparıb kimin haqlı olduğunu bilir. Sən ağıllı mövqe sərgiləyərsənsə, başqa millətlərin də hüquqlarına sayğı ilə yanaşarsansa və hər kəsin ədalətini özünə verərsənsə, öz haqqını daha yaxşı motivləşdirərsənsə, təbii ki, bu, Azərbaycanın xeyrinə olar. Sülhdən danışıb mötəbər tribunada ermənilərin əleyhinə döşəmək də ağıllı siyasət deyil. Sadə erməni xalqı ayrıdır, separatçı rejim və onların arxasında duran qüvvələr ayrı. Bizim hədəfimiz həmin separatçılar və onların arxasında duran qüvvələrdir.
- Rusiya xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığına dair bəyanatına reaksiyanız necədir?
- Çox təəccübləndim. Düşünürəm ki, böyük ölkənin xarici siyasət idarəsinin başçısı bu cür danışmalı deyil. Yadınızdadırsa, aprel döyüşləri zamanı Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olundu və Azərbaycan dövləti bir daha nümayiş etdirdi ki, münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və bu, əks-hücum tədbirləri idi. O vaxt Lavrov da gəldi və dedi ki, çalışırıq problem sülh yolu ilə həll edilsin. Hətta müəyyən şayiələr və analitik yazılar səviyyəsində də qeyd olundu ki, 5 rayonun Azərbaycana qaytarılması məsələsi gündəmdədir. Təəssüf ki, Lavrovun Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın daxili işi olmadığına aid bəyanatı insanlarda qıcıq və məyusluq yaratdı. Aprel döyüşləri zamanı daha ədalətli mövqe sərgiləyirdiniz ki, bəli, münaqişə sülh yolu ilə həll olunmalı və Azərbaycanın haqqı tanınmalıdır. Açığı, Lavrovun bəyanatını anlamadım, mənim üçün anlaşılmaz qaldı. Yəqin ki, bir aydınlıq gətirilər.
Nərgiz Ehlamqızı