“Məsumiyyət Muzeyi” Britaniyaya gəldiyinə görə, Nobel mükafatçısı Orxan Pamuk özünün davamçılarından olan Əlif Şəfəqi maraqlı kabinində (hücrəsində) gəzintiyə çıxarır. İstanbulun onlar üçün hansı mənaya gəldiyindən, xəyallarındakı və real İstanbuldan - bir tvit üçün yazıçıların zindana atıldığı kollektiv unutqanlar ölkəsindən danışırlar. Əlif Şəfəq danışır:
İstanbul bir şəhər, həm də illuziyanın adıdır. Əslində, İstanbul deyə bir şey yoxdur. Sadəcə, eyni qeyri-sabit məkanda bir-biri ilə yarışan, rəqabət aparan və yaman-yaxşı yoldaşlıq edən “İstanbullar” var. Ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamukla danışmaq istədiyim mövzulardan biri də elə budur. Çoxluq və xüsusi, özünəməxsus məqamların, xarakterlərin itkisi. Doğma yurdumuzu başına alan eyniyyət ideologiyasının getdikcə artan dominantlığı.
“İstanbulda çoxluğun düşüncəsi individuallıq və fərqlilik üzərində qələbə çaldı”, Türkiyə hər şeyi asanca unudan bir ölkədir. Sinan kimi böyük memarların daş üzərində yazılmış əsərləri və Nazim Hikmət kimi böyük şairlərin əzbərdən öyrənilən sətirləri istisna olmaqla, hər şey sanki su üzərində yazılıb. İstanbul kollektiv unutqanlar şəhəridir... London küçələrində gəzərkən, binaların qarşısında həmin binada yaşayan insanların - bəstəkarlar, yazarlar, siyasətçilərin xatirələrinə həsr olunmuş lövhələr görürsən. Xatirələr, həm də abidələr, simvollar, kitablar vasitəsilə yaşadılır. İstanbulda isə belə deyil. Və bu cür yazıq gəlinəcək, təəssüf doğuran, korşalmış yaddaşın olduğu yerdə, dövlətin hakim, xüsusiləşdirilmiş yaddaşının, heç bir müzakirəsiz, yaşaması, yayılması daha asandır. Yuxarıdan təqdim olunan yaddaş - keçmişi oxumanın subyektiv bir yolu, çoxluğun individuallıq və fərqliliyə qalib gəlməsidir. Bundan dolayı, Türkiyədə “bizim alicənab Osmanlı əcdadlarımız” barəsindəki bütün nitqlər şovinistdir. Bu imperiya xəyalları Yaxın Şərqdəki təhlükəli neo-Osmanlı xarici siyasətini millətçiliyin və islamçılığın təhlükəli birliyinə təşviq etdi.
Pamukun “Məsumiyyət muzeyi”nin yerləşdiyi “Somerset House”-də görüşürük. Pamuk həyəcanlı və bir qədər də gərgindir. Bu, onun öz beyninin məhsuluna nə qədər dəyər verdiyinin göstəricisidir. Muzey, adını daşıdığı romanla eyni anda ərsəyə gəldi: Kamal adlı artıq nişanlı olan oliqarx bir zəngin və onun ağlını başından alan xalası qızı, satıcı işləyən gözəl Füsuna bəslədiyi, lakin artıq iki dəfə bitmiş olmasına rəğmən unuda bilmədiyi sevgisi haqqında olan uğursuz eşq hekayəsi... Hekayə iki ailənin və İstanbulun özünün tarixçəsindən söz açmaqla yanaşı, iki gəncin nakam sevgisini andıran toy dəvətnamələri və qəzet kəsiklərindən tutmuş qalaylanmış qaşıqlara və duz qablarına qədər gündəlik əşyaları belə özündə ehtiva edir.
Bu məişət detallarının hər birisi O.Pamukun “Məsumiyyət Muzeyi” romanının qəhrəmanlarının ürəyindəki sevgini ifadə edir və İstanbul, Türkiyədə dəyişən həyat, yaşam tərzini əks etdirir.
“Evimiz” adlandırdığımız doğma şəhər haqqında danışırıq. O.Pamuk İstanbulda, yuxarı təbəqədən olan Nişantaşı ailəsində doğulub, böyüyüb və həyat tərzində bir nizamlılıq, ardıcıllıq var. Mənim həyat ssenarim isə daha qarışıqdı. Strasburqda dünyaya göz açan, Ankara, Madrid, Köln, Amman və daha sonra İstanbulda, oraya yeni gələn tək ana tərəfindən böyüdülən “mən” çöldə olduğu kimi elə içimdə də köçkün həyatı yaşadım. Nəticə etibarilə, şəhəri qavrama tərzimiz kökündən dəyişdi. Yəni, O.Pamukun və mənim İstanbula baxışımız eyni deyil. Onun hüzn, itirilmiş illərin altında yatan üzüntüləri gördüyü yerdə mən hər hansı bir istiqamətdə gedə bilən, eyni zamanda həm baş gicəlləndirən, təkan verən, həm də darıxdırıcı və bir yerdə qərar tutmayan şəhər enerjisinin keçiciliyini görürəm. Ancaq ortaq bir keçmişə sahibik: indiki hala gəlib çıxacağı ağıla belə gəlməyəcək olan keçmiş, Türkiyədə hələ də yaşayan, davam edən keçmiş...
“Sərgini Londona gətirməyin çox böyük çətinlikləri var. Hər il İstanbulda muzeyi ziyarətə gələn turistlər üçün, şəhərin labirint küçələrində onun yerini tapmaq təcrübənin bir parçasıdır. Muzeyi açmazdan on-on beş il əvvəl bu məhəllələrin kasıb, köhnəlmiş və dağınıq görünüşü məni bəzən çox üzürdü" –Pamuk deyir. O, muzeyin köməyi ilə bu ərazilərə “poetik aura” gətirmək istədi...
İstanbulun o səfil küçələri olmadan belə, “Somerset House” daki sərgi nəfis bir kəşfdir. Çox gözəl şəkildə birləşdirilmiş iki otaq kiçik olsa da, orijinalının hərarətini və cazibəsini özündə qoruyub saxlayır. Hər kiçik kabin İstanbulun ruhuna bir pəncərədir; hər bir detal diqqətlə seçilib və açıq-aşkar sevgi ilə yaradıldığı görünür, bu iş böyük bir məhəbbətin məhsuludur. Və "sevgi" bütün layihənin açar sözüdür. Yalnız Kamalın Füsuna olan sevgisi deyil, eyni zamanda Pamukun ədəbiyyata olan dəyişməz bağlılığı və ehtirasıdır həm də...
Muzeylər və romanlar çox şeydə oxşardırlar. Pamuk deyir ki, onlar hər ikisi (romanlar və muzeylər) sıravi, adi bir şey haqqında əslində özəl, xüsusi olan bir əlamətləri göstərir və insanlara əşyalara fərqli gözlə baxmağa kömək edir.
Hər il, əksəriyyəti xaricilər olmaqla, təxminən 30 000 nəfər muzeyi ziyarət edir. O.Pamuk əlavə edir ki, əksəriyyət heç kitabı oxumayıb, halbuki, kitab və muzey eyni kökdən gəlir. O, layihəni bütövlükdə Prust sayağı cəhd kimi qiymətləndirir: Nostalji oyadacaq şeylər əvəzinə yaddaşı tətikləmək üçün gündəlik əşyalardan istifadə edir. Kiçik ornamentlər vasitəsilə ziyarətçilərə yalnız Kamalın dünyası və mətnin arxasında gizlənən yazıçının dünyası deyil, eyni zamanda Türkiyənin mədəniyyət tarixi və ölkənin keçirdiyi kəskin çevrilişlər təqdim olunur.
London sərgisi Grand Cinin İstanbulun göydələnləri, inşaat layihələri, əsilləşdirmə cəhdləri və acgöz xəsisliyi ilə bitməyən konfliktlərini güclü şəkildə incələyən “Xatirələrin Məsumluğu” adlı sənədli filmindən qürurla bəhs edir.
Pamukla siyasət mövzusuna da toxunduq... Bu günlərdə tənqidi bir şey deməyə cəhd edən hər kəsə “xəyanətkar” və ya “xalq düşməni” damğası vurulur. İkimiz də, bir reportajda söylədiyin, ya da bir romanda yazdıqların ucbatından cangüdənlərlə gəzməyə məcbur olmağın nə demək olduğunu yaxşı bilirik. Türkiyədəki hər şair, yazıçı, jurnalist və ya alim anlayır ki, bir kitab, məqalə, ya da tvit üzündən ictimai mediada dara çəkilə, ana mətbuatda şeytan kimi təqdim edilə, mühakimə edilə, hətta həbs edilə bilər. Nəticədə, ayrılmaz yoldaşımız kimi arxamızda kölgə kimi peyda olan və çox geniş yayılmış “öz-senzura” meydana gəlir.
Qərbləşdirmə adına, Respublika dövründə modernist elita tərəfindən yeni bir şəxsiyyət modeli yaradıldı. Onlar tabula rasanın – millətin gələcəyini yazacaqları təmiz yazı lövhəsinin həsrətində idilər. Keçmişə olan bu cür neqativ yanaşma, ironik olaraq, mühafizəkar yeni elitanın öz təhrif edilmiş keçmişlərini ön plana çıxarmaq üçün 2002-ci ildən sonrakı hadisələri əllərində əsas tutmasını asanlaşdırdı. Türkiyənin ən gülünc ironiyalarından biri də mühafizəkarların digər ölkələrdəki həmkarlarından fərqli olaraq, “keçmişi qorumaqda” daha az maraqlı olduqlarıdır, nəinki onu aktiv şəkildə məhv etməkdə.
Pamuk düşünür ki, iqtidar “Ədalət və İnkişaf” Partiyası – AKP özünü və xalqı müsəlman, eyni zamanda da müasir kimi qələmə vermək istəyir. "Bunu biznes, diplomatiya və siyasətdə uğurla ediblər" deyir Pamuk, "ancaq, baxın görün memarlıqda nə ediblər, məscidlər birəbir klassik Osmanlı memarlıq ənənələrinin uğursuz təqlididir".
Türk toplumu olduqca patriarxal, cinsiyyətçi ve homofobikdir. Ədəbi dünya ilk baxışda fərqli görünə bilər; əslində isə fərqli heç nə yoxdur. Roman bir janr kimi Türkiyəyə əsasən Avropa qitəsindən Osmanlı İmparatorluğunun sonlarında gəldi. Əvvəlki yazarlar bu gün hələ də yaşayan bir ədəbi cərəyan başlatmışdılar: “Ata Romançılar“. Pamuka ədəbiyyatdakı gender siyasəti haqqında və bunun Kamalın baxışlarına necə yansıya biləcəyini soruşuram. Osmanlı dönəmindən bu yana, qadınlarla Pəri kimi davranan, onlara hardasa dəyişməz, müşahidə etmək və huriləşdirmək üçün az qala dondurulmuş bir varlıq kimi, baxmağa gözəl, amma zəka və yaradıcılıqdan məhrum olan yardılış kimi qiymət verən kişi yazarları çox gördük. Pamuk gülümsəyir və bunları deyir: "Ey, Əlif, nə demək istədiyini anlayıram, fəqət mən bir kişi yazaram, nə edə bilərəm ki?"
Nəticədə cinsiyyətindən asılı olmadan bir Türk yazıçı olmaq ömrün boyu yalnızlığa məhkum olmaq deməkdir. Düzdür, yazarlar dünyanın hər yerində tənha varlıqlardır, fəqət Türkiyə kimi hədsiz qütbləşmiş, aşırı siyasiləşmiş və asana qaçan yerlərdə bir yazar ya nifrət edilən, ya da sevilən ictimai fiqurdur. Və sevgidən nifrətə gedən yol həqiqətən də çox qısa bir addımdır.
“Türk yazarı olmaq bir ömür boyu tənhalığa düçar olmaq deməkdir”. Söz azadlığının sərhədləndiyi, xəyal gücünün senzuraya uğradıldığı yerdə ədəbiyyata, daha vacibi, incəsənətə, paradoksal olaraq, daha çox ehtiyac duyulmağa başladı. Hekayələr Türkiyədə önəmlidir. “Məsumiyyət Muzeyi”ndəki hər kəlmə, sərgidə yer alan hər bir obyekt sürətlə axan unutqanlıq və dəyişim çayında müsbətə doğru fərq yaradır. “Məsumiyyət Muzeyi” sizin Türkiyə anlayışınızı zənginləşdirəcək… Nə olduğunu və nələri itirdiyini…
“The Guardian” (İngiltərənin milli gündəlik qəzeti) - 27 yanvar, 2016-cı il
İngilis dilindən tərcümə edən: Lətifə Bayramova
Qafqaz Universiteti, İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi