1 Fevral 2017 16:40
1 018
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Teleqraf.com saytında “Opera və Balet Teatrında nə baş verir?” adlı məqalə yayımlanıb. Məqalədə Opera və Balet Teatrında baş verən hadisələrə münasibət öyrənmək məqsədilə teatrdan gedən sənətçilərlə əlaqə saxlayıb, onların fikirlərini təqdim etmişik.

Yazı hazırlanarkən məsələyə neytral yanaşıb sənətçilərlə yanaşı, Opera və Balet Teatrının direktoru Akif Məlikovla əlaqə saxlamağa çalışdıq. Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə xanım saytımıza açıqlamasında birinci gün olduğu üçün direktorun işdə olmadığını və növbəti gün əlaqə saxlamağımızı xahiş etdi.

Bu gün bizimlə əlaqə saxlayan Şükufə xanım başverənlərə münasibət bildirib. Onun fikirlərini olduğu kimi təqdim edirik:

Yazıda adıçəkilən Gülşən İbadova heç vaxt teatrın solisti olmayıb. Ona görə də onun “Teatrdan zorla uzaqlaşdırılması” haqqında səsləndirdiyi fikirlər absurddur. Məsələyə aydınlıq gətirərək bildirək ki, teatr onu heç vaxt dəvət etməmiş, G.İbadovanın öz müraciəti əsasında onun səsi dinlənilmiş və sınaq üçün ona bir opera partiyası hazırlamaq tapşırılmışdı. Lakin hazırlıq prosesində G.İbadovanın ifasının opera səhnəsi üçün zəif olduğu aşkar edilmiş və bu, onun diqqətinə çatdırılmışdı (G.İbadovanın ali musiqi təhsili haqqında diplomu belə yoxdur).

Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, G.İbadovanın “Opera Teatrının solisti kimi işdən azad edilməsi” haqqında və eləcə də bir sıra başqa fikirləri (“O teatr mafiya kimidir”, “Arxan, pulun yoxdursa. orada işləmək çox çətindir”, “Gənc kadrlar teatrdan uzaqlaşdırılır” və s.) başdan-ayağa sayıqlamadır. Opera və Balet Teatrının fəaliyyəti ilə tanış olanlar bilirlər ki, məhz bu teatrda istedadlı gənclərə geniş meydan verilir, onların səhnəyə çıxması, yaradıcılıq imkanlarını nümayiş etdirməsi, inkişafına hər cür şərait yaradılır. Opera və Balet Teatrında çalışmaq üçün pul da tələb olunmur, əksinə, teatr öz sənətçilərini əməklərinin qarşılığı olaraq fəxri adlara, mükafat və təqaüdlərə təqdim edir.

Gülşən İbadovanın özü haqqında yüksək fikirləri bizi təəccübləndirir. “Avropanın məşhur musiqiçilərinin” “Azərbaycanın super opera ulduzu” hesab etdikləri bu xanıma demək istəyirik ki, Azərbaycan Opera və Balet Teatrında fəaliyyətə başlayıb, bu gün dünyanın ən möhtəşəm opera səhnələrində çıxış edən Xalq artisti Əvəz Abdullayev, Əməkdar artist Dinara Əliyeva ilə biz həqiqətən fəxr edirik. Qürur duyuruq ki, onlar bizim teatrın solistləri olublar. Bir gün belə Opera Teatrının solisti olmadığı halda teatrdan haqsız yerə uzaqlaşdırıldığını iddia edən Gülşən İbadova ilə bağlı isə utanc hissi keçiririk, çünki ünvanımıza söylədikləri tamamilə iftiradır.

Yeri gəlmişkən, onu “canıyananlıqla” işdən azad edildiyini iddia etdiyi xalq artisti Qərinə Kərimova bu gün də teatrın solistidir və fevralın 12-də “Kənd namusu” operasının tamaşasında əsas rollardan birini ifa edəcək.
Zemfira İsmayılovaya gəlincə, o, vaxtilə teatrdan öz xahişi ilə azad edilmiş və bir neçə il Türkiyə Respublikasında çalışandan sonra yenidən geri qayıdaraq müraciəti əsasında teatr rəhbərliyi tərəfindən işə qəbul edilmişdi. Son illərdə isə Z.İsmayılova əsas işçi kimi Dövlət Xor Kapellasında çalışır və Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olurdu. Teatrda əvəzçilik üzrə işləyirdi. Ötən il öz ərizəsi ilə işdən azad edilmişdi.

Ümumiyyətlə, “Opera və Balet teatrında nə baş verir?” sualına biz belə cavab vermək istərdik: “Opera və Balet Teatrında heç bir şey baş vermir. Teatrda hər zaman olduğu kimi sağlam yaradıcılıq ab-havası bərqərardır. Repertuar üzrə tamaşalar nümayiş olunur. Yeni tamaşalar üzərində iş gedir, həm vokal, həm də balet truppası premyeralara hazırlaşır. Teatrın səhnəsində vaxtaşırı tanınmış, adlı-sanlı vokal və balet ulduzları çıxış edir. Eləcə də, teatrın bir sıra aparıcı sənətçiləri yaxın və uzaq xarici ölkələrdə qastrol səfərlərinə dəvət olunur, uğurla çıxış edirlər. Bir sözlə – Opera və Balet Teatrı yalnız və yalnız faydalı işlərlə məşğul olaraq ölkədə akademik sənətin inkişafına xidmət edir”.

Xalq artistləri Nəzakət Teymurova və Aygün Bayramova Azərbaycan muğam sənətinin görkəmli nümayəndələri kimi ölkəmizdə və onun hüdudlarından kənarda milli muğam sənətimizi ləyaqətlə təmsil edirlər. Bu gün opera səhnəsində olmasalar da, uzun illər fəaliyyət göstərdikləri, sənətdə nail olduqları bütün uğurlara görə minnətdar olduqları teatr onların doğma evləridir, burada onları sevir və çox yüksək qiymətləndirirlər.
İndi isə Mədinə Əliyeva haqqında. Sahib olduğu bütün fəxri ad və titulları, mükafatları, təqaüdləri Opera və Balet Teatrı rəhbərliyinin təqdimatı ilə əldə edən M.Əliyeva 2010-cu ildə balet artisti kimi fəaliyyətini başa vurmuş, öz istəyi ilə Teatr rəhbərliyi tərəfindən onun balet truppasında repetitor kimi fəaliyyət göstərməsinə imkan yaradılmışdı. Teatrda fəaliyyət göstərdiyi illər ərzində hər bir istəyi yerinə yetirilən Mədinə Əliyeva ötən il Xalq artisti Kamilla Hüseynovanın balet truppasına baş baletmeyster vəzifəsinə təyin edilıməsi ilə nədənsə heç cür barışmaq istəməyərək teatr rəhbərliyinə etirazını bildirmişdi. Yüksək ambisiyalarla yaşayan M.Əliyeva bu vəzifədə yalnız özünü görürdü.

Teatr rəhbərliyi onun bu istəyini yerinə yetirməyincə o, öz xahişi ilə nümayişkaranə şəkildə işdən azad olunmaq haqqında ərizə yazaraq teatrı tərk etmişdi. Hələ 1997-ci ildə M.Əliyeva truppanın aparıcı solisti olarkən teatr rəhbərliyi ona eyni zamanda baş baletmeyster vəzifəsi də həvalə etmişdi. Lakin cəmi 1 il 2 aydan sonra o vəzifəsinin öhdəsindən gələ bilmədiyinə görə müraciət edərək bu vəzifədən imtina etmişdi.

Həmçinin ötən il Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifəsində də cəmi bir neçə ay fəaliyyət göstərmiş və oradan da özü uzaqlaşmışdı. Belə olan halda onun yenidən rəhbər vəzifə iddiasında olması təəccüb doğurur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bir daha bütün KİV nümayəndələrini teatra dəvət edir, onları teatrda çalışan gənc və tanınmış sənətçilərin fəaliyyətini işıqlandırmağa çağırır.


Müəllif:

Oxşar xəbərlər