Rəssamlıqda "Kosmik romantizm" adlanan cərəyanla tanışlıq istəyi məni rumın sənətkarı Sabin Belaşanın yaradıcılığı ilə üzbəüz qoydu. Bu tanışlıq qarşımda sirlərlə dolu ilahi bir aləmin qapısını açdı. Sabin Belaşanın əsərləri mürəkkəb mistik-fəlsəfi məna daşısa da, ilk baxışda həm sadədir, həm də sehirli təsir gücünə malikdir.
Rəssam 1931-ci ildə Rumıniyanın Olteniya muxtar vilayətində doğulub. Anası müəllim idi. Keşiş olan atası arxeologiya ilə ciddi şəkildə maraqlanırdı, arxeoloji və etnoqrafik əşyaları toplayaraq evdə kiçik muzey yaratmışdı.
Antik əşyaların arasında böyüyən Sabin uşaqlıqdan rəssamlığa meylli idi və rəsmlərində heç bir sadə uşağın çəkmədiyi qəribə varlıqları təsvir edirdi. 1955-ci ildə o, Buxarestdə incəsənət məktəbini bitirdi, bir müddət sonra isə təhsilini İtaliyanın Siena və Peruca şəhərlərində davam etdirdi. İtaliyada yaşadığı və təhsil aldığı illər ərzində o bu ölkəyə möhkəm bağlandı. Rəssam etiraf edirdi ki, İtaliya onun yaradıcılığının əsas ilham mənbəyi olub.
Sabin Belaşanın bütün yaradıcılığını kosmosdan süzülən işıq şüaları müşayiət edir. Rəssam daha çox göy və mavi rəngdən istifadə edirdi, bu isə kosmos effektini daha da artırırdı. O, əsərlərində bir az insana, bir az da heyvana bənzər mifik canlılar təsvir edirdi. Qeyri-real, hətta bir az vahiməli görünən bu canlılar nədənsə tamaşaçıda vəhşi, yırtıcı təsəvvürü yaratmır. Onlar kobud görünüşlərinin əksinə, sakit, sirli və hissiyyatlı təsir bağışlayırlar...
Artıq qeyd elədiyimiz kimi, Sabin Belaşanın yaradıcılığı reallıqdan uzaq idi, o dövrdəsə sosialist ölkəsi olan Rumıniyada bir çox rəssamlar fəhlə və kəndliləri, sadə insan həyatını, zəhmətkeşləri tərənnüm edirdilər. Belaşa yox... Belaşa kosmosda gəzişirdi, siyasi təbliğat və hakimiyyətin maraqları onun vecinə deyildi.
Buna görə də “yuxarılar” onu sevmirdi, ara-sıra təzyiqlərə də məruz qalırdı. Amma heç nə onu mavi rəngli dünyadan döndərə bilmirdi.
1968-78-ci illər arasında yaşadığı Yassa şəhərində rəssam ən böyük və tanınmış universitetlərin birinin divarlarına 19 freska çəkdi. Bu rəsmlər indi də "Kosmik romantizm" cərəyanının nadir inciləri hesab olunur.
Onun yaradıcılığı rumın mifologiyası və tarixi əsasında qurulmuşdu, rəssam əsərlərində yeni bir kainat ərsəyə gətirirdi - kosmosla təmasda olan, əfsanə, epos qəhrəmanlarına bənzəyən varlıqların məskunlaşdığı bu mavi və sehirli kainat tamaşaçını bu dünyadan ayırırdı...
1973-cü ildə rəssam ölkə prezidenti Nikolae Çauşesku ilə arvadı Yelenanın birgə ailə portretlərini çəkmək təklifini aldı. O, portretin müqabilində veriləcək yüksək qonorardan boyun qaçırmadı və təklifi qəbul etdi.
Belaşa üçün üzərində işləyəcəyi portretin kimə məxsus olmasının fərqi yox idi, o, sadəcə sənəti və zəhməti hesabına pul qazandığını düşünürdü. Portret bəyənildi, 1976-cı ildə Çauşeskunun ikinci portreti sifariş olundu.
1989-cu ildə Çauşesku devrildikdən və güllələndikdən sonra yeni yaranmış hökumət Belaşanı diktatorun portretlərini çəkməklə onun şəxsiyyətinə pərəstişdə günahlandırdı. O illərdə qəzetlərin birində Sabin Belaşa “qanlı rejimi tərənnümçüsü” kimi təqdim olunurdu. Əslində isə Belaşa heç vaxt sosialist rejimini sevməmişdi, hətta onun atası və əmisi sosializmə qarşı çıxdıqlarına görə 20 il müddətinə həbsə atılmışdılar. Zaman ötdü, Çauşeskunun hər iki portreti üçün Avropa ölkələrindən və Amerikadan cox yüksək məbləğ müqabilində satın almaq təklifləri gəlməyə başladı. Bütün bunların fonunda Sabin öz yaradıcılığı ilə məşğul idi. O bu dünyanın cəfəng problemlərindən uzaq dayanır, yalnız özünün sirli rənglər dünyasında rahatlıq tapırdı.
Rəssamın Buxarestdə keçirilən sərgisində üç həftə ərzində dünyanın hər yerindən axışıb gələn altmış mindən çox tamaşaçı iştirak etmişdi. Bu möhtəşəm tədbirdən sonra biri-birinin ardınca İtaliyada, İsveçdə, Yunanıstanda, Rusiyada və Gürcüstanda onun sərgiləri təşkil olunmağa başladı.
Rəssamın bir çox əsərlərinin qəhrəmanı qadındır. Uzunsaç və gözəl bədən quruluşlu gənc qadın həmişə mistik heyvana bənzər bir varlıqla bərabər təsvir olunur. Ümumiyyətlə, bu obraza onun əsərlərində tez-tez rast gəlmək olur.
Belaşanın qəhrəmanları bu dünyanın adamlarına bənzəmirlər, onlar daima sakit və rahat görünürlər. Rəssam demək olar ki, həmişə çılpaq təsvir etdiyi insanların əslində ruhlarını, düşüncələrini görmək istəyirdi.
O, əsərlərində məkan olaraq həmişə dənizə və qayalıqlara üstünlük verir. İnsanla təbiətin vəhdəti, insanın təbiətdən gəlib, təbiətə qayıdacağı fəlsəfəsi Belaşanın əsərlərində əsas mövzulardandır.
1990-cı illərdən sonra rəssam əsərlərinin satışından xeyli gəlir əldə etdi. Bununla yanaşı, varlı təbəqənin şıltaq xanımları ondan rəssamlıq dərsi alır, bunun üçün heç də az pul ödəmirdilər. Belaşa xəsislik etmədən qazandığı bütün pullarını xərcləyir, dəbdəbəli həyat tərzi keçirirdi. O, düşünürdü ki, bu qısa və zalım həyatda insan özünü heç nədən məhrum qoymamalıdır.
Rəssamın şəxsi həyatı da yaradıcılığı kimi zəngin və rəngarəng keçib. O, beş dəfə ailə qurub. Özündən iyirmi yaş kiçik sonuncu arvadı ilə evlənərkən, nəhayət, bütün ömrü boyu axtardığını tapdığını düşünmüşdü, amma bu nikah da uzun sürmədi, tezliklə boşanma ilə bitdi.
Sabin Belaşa ömrünün sonunadək öz fərqli üslubuna sadiq qaldı, maneələrə baxmayaraq fırçasını yalnız kosmos və mifologiya üzərində köklədi.
Onun sirlərlə dolu nağıllar aləmi tamaşaçını arxasınca səsləyir, ilahi və mistik hisslər yaşadır. Bəzən bu dünyadan qaçmaq və göylərə uçmaq hissini yaşamaq üçün insanlar Sabin Belaşanın əsərlərini seyr etmək lazım olduğunu düşünür və bu duyğunun dalınca uzun məsafələri qət edirlər...
Təranə Qurbanlı