“Bir insandan ən son nə zaman bəhs edilməkdən vaz keçilərsə, həmin insan o zaman ölmüşdür” deyirdi Barış Manço.
4 gün öncə, fevralın 1-də onun vəfatından 18 il ötdü.
Barış Manço deyimi ilə yanaşsaq, aradan ötən 18 ilə baxmayaraq, hələ də ondan danışılırsa, muzeyə çevrilən evini baxça yaşında uşaqlar da ziyarət edirsə, demək ki, Barış Mançonun ölümünə nəinki illər, hələ əsrlər var. Biz ona da inanırıq ki, bu, heç mümkün də olmayacaq, ondan hər zaman bəhs ediləcək.
Bir zamanlar İstanbulun Kadıköy ilçəsində yaşadığı evi xanımı və övladları tərəfindən muzeyə çevrilib.
Zamanında Barış Mançonun özü muzey yaratmaq istəyib. Çünki antikvar materialları toplamağı sevərdi, getdiyi ölkələrdə ilk işlərindən biri də qədim əsərlərin satıldığı dükanları dolaşmaq olardı.
Xanımı Lalə Mançonun yazdığına görə, bəzən aldığı bir qədim əsəri dəqiqələrlə seyr edər, həyəcanını dostları ilə bölüşmək üçün onlara da göstərərmiş.
Lakin “Mançoloji” adlı hazırladığı son musiqi albomunu və muzeyi sağlığında görmək qismət olmur.
2 yanvar 1943-cü ildə İstanbulda doğulub Barış Manço. İki il öncə doğulan qardaşının adı Savaş olduğu üçün ailə “artıq dünyada barış olsun” deyərək yeni doğulan övladlarının adını Barış qoyurlar.
İllər sonra onun özünə də məlum olacaqdı ki, Türkiyədə Barış adı qoyulan ilk şəxs elə o imiş.
Barış adı ilə dünyanın 150-dən çox ölkəsini gəzir, sənətini təbliğ edir, televiziya proqramları hazırlayır. “Kafadarlar”, “Haramilər” adında yaratdığı musiqi qrupları onu uzun bir yola doğru apararaq 1991-ci ildə dövlət sənətçisi adını almasınadək davam edir.
1999-cu ildə, vəfatından sonra isə Barış Manço əfsanəsi muzeyə çevrilən evində davam edir.
***
Ev muzeyinin həyətində ilk diqqəti çəkən pomidor, bibər və badımcan maketlərinin olmasıdır. Məşhur “Domates, biber, patlıcan” mahnısına görə hazırlanan bu məkan uşaqların marağına səbəb olur.
Həyətdəki digər maraqlı eksponat Barış Mançonun “34 BM 777” nömrəli avtomobilidir.
Qeyd edək ki, B.Manço bu köşkü 1984-cü ildə bir ingilis ailəsindən satın alıb.
Evdəki ilk otaqda isə bizi Barış Mançonun “özü” qarşılayır. Qarşımızda canlı şəkildə dayanan bu heykəl Kadıköy bələdiyyəsi tərəfindən heykəltaraş Murat Daşkına hazırlatdırılıb. Silikondan hazırlanan heykəldəki saçlar isə təbii insan saçlarıdır. Heykəldəki paltar isə Barış Mançonun özünün paltarıdır.
İlk salonda Barış Mançonun müxtəlif ölkələrdən aldığı yüzlərlə mükafatı sərgilənir. Barış Mançonun çox sevdiyi, dəfələrlə gəldiyi, veriliş apardığı Azərbaycandan hansısa mükafat alıb-almadığını vəzifəli şəxslərdən birindən soruşuruq, xatırlamadığını, amma Barışın Azərbaycanı çox sevdiyini bildirir.
Muzeydəki Steinway B210 pianosunu Barış Manço özü şəxsən Avstriyadan alıb və məşhur bəstələrini bu pianoda yaradıb. Salonu bəzəyən bürünc şamdanlar III Napoleon dönəminə aiddir. Barış Mançonun müxtəlif ölkələrdən satın aldığı “Pepeloc” adlanan şüşə əsərlər sənətçinin kolleksiyasında çox sevdiyi əsərlər olub.
Salonların birində B.Mançonun konsertlərdə, kliplərdə geyindiyi paltarlar, qalstuklar sərgilənir. Digər bir otaqda onun istifadə etdiyi kəmərlər, üzüklər var. Eləcə də, onun yataq otağı, qonaq otağı, hamam, mətbəx də ziyarətçilərə açıqdır. Qonaq otağındakı mebellər də III Napoleon dönəminə aiddir. Bu otaqdakı mebelləri Barış Manço xanımı ilə evləndikdən sonra aldıqları ilk antikvar əşyalardır.
Salonlardan biri ziyarətçi uşaqlar üçün nəzərdə tutulub. Burada da Barış Mançonun bir uşaqla kiçik heykəli var. 1988-ci ildə TRT-də yayımlanan “7-dən 77-yə” proqramındakı “Adam olacaq cocuk” bölümünün adı divara həkk olunub. Həmin proqramda istifadə olunan kameralardan biri bu otaqda saxlanılır. Bu otaqda bir zamanlar yayımlanan həmin proqramı izləmək də mümkündür. Yeri gəlmişkən, salonların hər birində müxtəlif Barış Manço mahnıları səsləndirilir...
Salonların divarlarında isə Mançonun çəkdiyi tablolar asılıb, bəstələrinin notları həkk olunub. Bəzi divarlarda isə onun portretləri, film, konsert afişaları və fotoları asılıb.
Digər otaqlarda isə Barış Mançonun müxtəlif fotoları, Türkmənistan pasportu, kasset, plastinka və cd-ləri, televiziya proqramı apararkən istifadə olunan videokamera sərgilənir.
Evin qış baxçasında Barış Mançonun “Kurtalan Ekspres” qrupunun heykəlləri yer alır.
Ümumilikdə muzeyi maraqlı, əsrarəngiz edən ən önəmli səbəb Barış Mançonun kolleksioner olması və antikvar əsərlərə maraq duyması olub. Evdəki mebellərdən tutmuş musiqi alətlərinə qədər bir çox əşyanın yüzdən çox yaşı var. Bu muzey bir tərəfdən Barış Mançonun xatirəsini yaşadırsa, digər tərəfdən həm də bir kolleksionerin kolleksiyasının sərgiləndiyi bir məkandır...
Geriyə dönərkən bir daha əmin oldum ki, Barış Mançodan hələ yüz illər boyu bəhs ediləcək və türk milləti onu ölməyə qoymayacaq...
Dilqəm Əhməd
Fotolar müəllifindir