Teleqraf.com tənqidçi Əsəd Cahangirin şair Aqşin Evrənin “Dünya yaşıl olanda” şeiri haqqında yazısını təqdim edir:
“Dünya yaşıl olanda” şeiri poetik utopiyadır. Azərbaycan poeziyasında üç utopik nümunə oxumuşam. Nizamini “İsgəndərnamə”sində xoşbəxtlər ölkəsinin təsviri, Abbasağa Azərtürkün “Nağıl” şeiri və bir də Aqşin Evrənin bu şeiri. Birincisi on ikinci əsrin feodal hərc-mərcliyi içində yaşayan dahinin ümumbəşəri xoşbəxtlik arzularını ifadə edir; ikincisi, əsil insan səadətini saxta kommunist utopiyasına qarşı qoyan dissident ruhlu bir el şairinin qəzəbli ruhunun bədii əksidir; üçüncüsü, iyirmi birinci əsrin milli və dini münaqişələri zəminində insan xoşbəxtliyini arayan bir gəncin utopik düşüncələrindən ibarətdir.
“Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava” - bu, Aqşinin utopiyasını ekoloji yönüdür;
“Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə” - bu, utopiyanın ekoloji yönünə müəyyən siyasi çalar qarışır;
“Bütün dinlərin surələri eynidir - əxlaq!” - bu, dini utopiyadır;
“Qocalar evində sükut, otaqlar boş
“Uşaq evləri olub oyuncaq və əyləncə mərkəzləri” - bu, şairin sosial utopiyasıdır;
“Teatrlarda anşlaq...” - bu, mədəni utopiyadır.
Və nəhayət, Marksın kommunizmin dünyanın bütün ölkələrində eyni vaxtda baş tutacağına dair ideyasını təsdiqləyən qlobal anlaşma, ümumbəşəri sülh, bunu nəticəsi kimi ümumbəşəri səadət məsələsi:
“Bütün dövlətlərin adı Yer Kürəsidir
Bütün bayraqlar göyərçin qanadı
Bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü”.
Aqşinin fikrincə, fərdi xoşbəxtlik ümumbəşəri səadət içində mümkündür. Şeir göy qurşağında əyləşən iki sevgili gəncin romantik təsviri ilə başlayır:
“Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi...”
Və bütün planeti eşqin ucalığından seyr edən çağdaş aşiqin sevgilisinə müraciəti də tamamlanır:
“Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir söz deyirəm”.
Şeirin bu quruluşu onun alt qatından bütün şeir boyu ağır-ağır axıb gedən əsas fikrə aydınlıq gətirir: insanın səadəti təbiətlə harmoniya və bütün dünya ilə vəhdətdə mümkündür. Və buna aparan düşüncə sevgidən keçir.
Şeirin tamam yeni, bəzən oxucunu riqqətə gətirəcək qədər gözlənilməz, orijinal bədii tərəfi onun ideya-məzmun tərəfini tamamlayır. Mətnin uğurunu təmin edən cəhətlərdən biri planetar, ümumbəşəri problemlərin uşaqcasına sadə, məsum yolla həlli cəhdidir. Bu şeirə oxucunu həm güldürən, həm də mütəəssir edən bir səmimiyyət gətirir və şeir alınır.
Şairin ən böyük uğuru isə gözlənilməz dərəcədə uğurlu final akkordunda üzə çıxır. Bu final mətnin ilk misrasından başlayan və misra-misra yüksələn uğurlu tapıntılara vurulan təsdiqedici möhürdür. Baxın - qulağını gətir yox, dodağını gətir, öpəcəm yox, söz deyəcəm. Əslində isə o söz deyilməyəcək, çünki sevgi sözün bitdiyi məqamdır. Elə bir məqam ki, orda aşiq məşuqa “sevirəm” demir, onu sadəcə sevir. Və elə bir məqam ki, şair sözü demir, sözü öpür. Füzulinin yonub-yonub cilaladığı, Ramiz Rövşənin tozunu aldığı sözü öpməkdən başqa Aqşinə nə qalır ki?
Qeyd: Oxucuda daha dolğun təsəvvür yaranması üçün “Dünya yaşıl olanda” şeirini təqdim edirik:
Göy qurşağından asılmış yelləncəkdəyik
Başını çiynimə söykəmisən
Qolumu şərf kimi dolamışam boynuna
Bizdən bir qədər aralıda,
yayından çıxmış oxu ətrafında fırlanır Yer kürəsi:
Asta-asta parfümlü külək əsir,
Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
Çətirimizin üstünə balaca mələklər yağır
Ölü dəniz balıq doğur
Yavaş-yavaş Çernobıla yayılır oksigenli hava
Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
Ozon dəliyini örtürlər çərpələnglə
Bütün dinlərin surələri eynidir:
“Əxlaq”
Qocalar evində sükut, otaqlar boş,
Uşaq evləri olub “oyuncaq və əyləncə mərkəzləri”
Teatrlarda anşlaq...
Bütün dövlətlərin adı Yer Kürəsidir,
bütün bayraqlar göyərçin qanadı,
bütün musiqilər körpə gülüşü
Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:
Biz də bu hərflərdən yapışıb yellənirik
Nə müharibə var,
nə göz yaşı, nə də qəm
Astaca pıçıldayıram sənə:
Əzizim, dodağını gətir, söz deyirəm.