Gənc Tamaşaçılar Teatrında yaşı 65-dən yuxarı olan aktyorların yarımştata keçirilməsi mətbuatın gündəmindən düşmür. Bu qərara ilk etiraz edən xalq artisti Yasin Qarayev olub. O, sosial şəbəkədə əsəblərinin tarıma çəkildiyini yazıb.
Teleqraf.com Yasin Qarayevlə baş verənlər barədə müsahibəni təqdim edir:
-Yasin müəllim, necəsiniz?
-Yaxşıyam.
-Ötən həftə sosial şəbəkədə yazdığınız qeydlər ajiotaja səbəb oldu. O vaxtdan bu vaxta nə dəyişdi?
-Teatrdakı məlum iclasdan sonra ora getməmişəm. Açığı, nələrin baş verdiyindən xəbərim yoxdur. Telefonumu söndürüb, oturdum evdə.
-Teatra gedəcəksinizmi? Fevralın 8-dəki tamaşada çıxış edəcəksinizmi?
-Bəli tamaşa oynanılacaq. Çünki afişası hazırlanıb, elan olunub, insanlar dəvət edilib. Çalışacağıq tamaşanı yüksək səviyyədə təqdim edək.
-Mətbuata açıqlamanızda teatrdan gedəcəyini demisiniz? Hələ də bu fikrinizdə qalırsınız?
-Dövlətin, hökumətin qərarı varsa ki, bu yaşa çatan insanlar teatrda getsin, gedəcəm. Mən hökumətin qanununun əleyhinə çıxa bilmərəm.
-Bəs etirazınız nəyə idi?
-Yubiley tamaşası ərəfəsində olduğumuza görə bu qərar mənə belə pis təsir elədi. Başqa heç bir problemim yoxdur. Biz böyük ruh yüksəkliyi ilə tamaşaya hazırlaşdığımız ərəfədə baş verdiyinə görə etiraz elədim. Yoxsa…
-Dostlarla bağlı kədərli bir paylaşım etmisiniz. Son olaylar zamanı itirdiyiniz çoxmu dostunuz oldu?
-Təbii ki. İnsan həyatı həm itirə-itirə, həm də qazana-qazana yaşayır. Münasibətlərin pozulması müvəqqəti haldır. Yəni hər şey yenidən bərpa oluna bilər.
Nərmin