7 Fevral 2017 15:16
8 662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com xalq yazıçısı Mövlud Süleymanlıyla müsahibəni təqdim edir:

-Mövlud müəllim, hərdən bizdə elə təəssürat yaranır ki, mətbuatdan qaçırsınız. Bunun səbəbi nədir?

-Bəlkə, sən deyəsən səbəbini, səncə, nədir?

-Mənə elə gəlir müəyyən fikirləri deməyə ehtiyat edirsiniz, danışmaq görüntüsü də yaratmaq istəmirsiniz...

-Dediklərində həqiqət var. Amma tam deyil. Problemlər həmişə olacaq, əlinə-ayağına dolaşacaq. Sadəcə, mən heç vaxt boş olmamışam. Romanlararası fasilələr zamanı ayrıca bir yaradıcılıqla məşğul olmuşam. Adına “qara dəftər” də demək olar. Orda yazılanları heç kim oxumayıb. Arada bir yadıma düşəndə açıb baxıram və məəttəl qalıram. Bilə-bilə ki, bunlar heç vaxt çap olunmayacaq, yenə də qeydlərimdən qalmamışam. Elə qeydlərim var romandan da maraqlıdır.

Bəli, jurnalistlərdən qaçıram, amma səhv etdiyimi də bilirəm. Özümə ziyandır. Bir də baxır jurnalistə... Çox jurnalist görmüşəm, çünki özüm də jurnalist işləmişəm. Bəzən müsahibəyə hazırlıqlı olmurlar, müsahibi dərindən öyrənmirlər. Görürsən Mövlud Süleymanlını axtarır, amma bir əsərini oxumayıb. Bu, hamıya aid deyil, sadəcə, əksər vaxt belələri ilə qarşılaşıram. Başqa səbəbi yoxdur.

-İndi, səhv eləmirəmsə, təqaüddəsiniz.

-Təqaüddəyəm, işləmirəm. Yaxşı pensiya alıram. Bu başqa dövrdür, düşüncəsi, fəlsəfəsi başqadır.

-Gününüz necə keçir?

-Günümü özüm qururam. Yaxşı da qura bilərəm, darıxdırıcı da. Yaxşı bağım var, kənddə ev tikdirmişəm. Mən aza qane olan adamam. Ona görə darıxmıram. Həmişə, hər yerdə yazı yazmaq üçün yerim var. Vaxtilə yazı ilə bərabər lazım olan işlər də görmüşəm, özümə müəyyən şərait yaratmışam.

-Nə yazırsınız?

-Bir romanı bitirmişəm. Daha doğrusu, mənə elə gəlir bitirmişəm. Hələ heç kim oxumayıb.

-Bəlkə, süjeti barədə məlumat verəsiniz?

-Yox, onda korlaya bilərəm. Mən yazdığım kimi danışa bilmirəm.

-Adam var danışdığı kimi yaza bilmir...

-Hə, doğrudur. İstəyirəm bir xeyli vaxt keçsin. Qaldıqca hansı effekt verəcəyini görmək istəyirəm. Yaşımın bu çağında hər yazdığımı üzə çıxarmağa tələsmirəm.

-Deməli, siz də yazını dəmə qoyanlardansınız...

-Mən həmişə yazını bir müddət kənara qoyub, müşahidə edirəm. Amma boş qalmıram. Noutbukda yazıram, o da həmişə əlimdədir.

-Bu gün bir yazıçı kimi sizi ən çox nə narahat edir?

-Narahatlıqlarım çoxdur. Müstəqil dövlət olmağımız mənə güc verir. Dövlətin siyasətindən də razıyam. Məni narahat edən dünyanın özüdür. Dünyada pis səmtə meyil edənlər çoxdur. Bizim Avropanı tanımadan ora meyil etməyimiz də yaxşı deyil. Cavanlarımızda o tələskənliyi hiss edirəm. Hər şeyi üzdən öyrənmək dəb halını alıb. İnternet insanı buna vadar edir. Pafoslu çıxmasın, Qarabağ məsələsinə görə narahatam. Bu, bizim ümumi dərdimizdir.

Təbiətdən uzaq düşməyimiz məni narahat edir. Bir də ədəbiyyatda pisə yaxşı, yaxşıya pis deyilməsi.

-Çağdaş dünya ədəbi prosesini izləyirsinizmi, “Nobel” mükafatının Bob Dilana verilməsinə necə baxırsınız?

-O adamı çox yaxşı və dərindən tanımıram. Hansı münasibətə, nəyə görə ona bu mükafat verilib, deyə bilmərəm. Görünür, hansısa yeniliklər gətirib.

-Orxan Pamuku oxumusunuz?

-Bəzi əsərlərini, məsələn, “Qar”ı oxumuşam.

-Münasibətiniz maraqlıdır...

-O romanda rus prozasının – Dostoyevksinin, Tolstoyun, Turgenevin izlərini, hisslərini, üslubunu gördüm. Məni çox təəccübləndirmədi, amma bütün hallarda maraqlıdır. Görünür, o bəyəndiyi ədəbiyyatçıları həzm edə bilib.

-Təqaüdçü baba Mövlud Süleymanlı kimlərlə görüşür, daha çox haralarda olur?

-Demək olar heç kəslə görüşmürəm. Özüm üçün yaratdığım yerlərə gedirəm. Məsələn, elə bağa. Orda öz əlimlə əkdiyim ağaclarım var, torpağım var. Bu, mənə çox gözəl hisslər yaşadır. Mənə elə gəlir onlar məni gözləyirlər.

-Fürsət düşmüşkən soruşum: ədəbiyyatçılar arasında bir “Köç”çülər, bir də “Dəyirman”çılar. Bir dəstə ən yaxşı əsərinizin “Köç”, bir dəstə isə “Dəyirman” olduğunu deyir. Sizə görə, hansı daha güclüdür?

-Çox bəyəndiyim əsərlərimin içində nə “Köç” var, nə “Dəyirman”. Özüm ən çox “Şeytan” povestimi sevirəm. Bir də “Ceviz qurdu” romanımın adını çəkmək istərdim. Yazı dilini bəyəndiyim “Ot” povestimi də deyə bilərəm. Bütün əsərlərimi bir gözlə görürəm, amma əlbəttə, onların içində özümə yaxın olanlar var. Həmişə istəmişəm yazılarım bir-birindən fərqlənsin. Kökünü dəyişə bilməsəm də...

-Bəziləri deyir “Köç” romanında Markesin “Yüz ilin tənhalığı”nın təsiri hiss olunur.

-İnan ki, mən “Köç”ü yazanda o əsəri oxumamışdım. Açığı, elə də yaxınlıq hiss etməmişəm. Bu fikri ilk dəfə Rəhim Əliyev yazmışdı. Mən “Yüz ilin tənhalığı” sonra oxudum. Və bu qənaətə gəldim ki, mənsub olduğun xalqı dəqiq-düzgün təqdim etmək istəyirsənsə, onu hardasa təqdim olunmuş bir xalqa bənzədə bilərsən. Çünki bizi isidən günəş birdir.

Markes yapon gəncləri ilə görüşdə Folknerlə bənzərliyinə aydınlıq gətirərkən deyib ki, Kaliforniyaboyu qatarla Şimalı Amerikadan Cənubi Amerikaya doğru gedəndə gördüm dağlarımız bir-birinə oxşayır. O mənada oxşar yazmaq mümkündür.

-Sizcə, Mövlud Süleymanlıdan nə qalacaq?

-Məndən sonra nə qalacağını heç vaxt düşünməmişəm. Mən öz yazımda halal oldum, böyük sözü qorudum, həmişə böyük ədəbi sözə xidmət elədim. Nə bilim, bu suala bir az hazır deyildim, cavab verməkdə çətinlik çəkdim, düzü.

Mövlud Mövlud

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər