Teleqraf.com Fəxri Uğurlunun İlham Qəhrəmanla müsahibəsini təqdim edir:
- Ay İlham, Laçın alınmasaydı, bir laçınlı kimi həyatın, günün-güzəranın indikindən nəylə fərqlənərdi?
- Laçın işğal olunmasaydı, qayğılarımın xarakteri, forması da başqa cür olardı. Birincisi, yurd həsrətli şeirlər yazmazdım. Ömür keçdikcə Laçını bir də görə bilməmək vahiməsiylə yaşamaq əzabım olmazdı. Laçını görmədən ölmək qorxusu hər dəfə ürəyimə vuranda yeddilliyim geri düşür. Atamın Sus kəndində babadan qalma böyük bir yurd yeri vardı, o yerlər mənim üçün əzizdir. Arzum olub ki, imkan tapanda babamın yurdunda bir ev tikim.
Sus Mərkiz dağının sinəsində axar-baxarlı bir kənddir. Yayda balalarımı Bakının istisindən, cırcıramasından götürüb qaçmağa bir yerim olardı. Üç uşağımın gözlərinə, xəyalına Laçının şəkli həkk olunardı. Balalarımla səhər saat 6-da Laçına yola düşən avtobusa çatmaq üçün axşamdan saatı səhər saat 4-ə qurmaq, ya da axşam Bakı vağzalından qatarla yola çıxıb sabah ertə Ağdam vağzalında Laçın avtobusuna minmək mənə nəsib olacaqmı?! Balalarımla Laçında gəzmək, qarşıma çıxan dost-tanışla görüşdükcə “əmisi, bu oğlumdur, xalası, bu qızımdır” deyib tanışlıq vermək kimi müqəddəs arzular keçir könlümdən...
- Belə çıxır, yenə də şəhərli olardın, Bakıda yaşayardın, Laçına qonaq kimi gedib-gələrdin?
- Bakıya 1978-ci ildə gəlmişəm. Belə demək mümkünsə, mənim qaçqınlıq statusum yoxdur! Amma yəqin qaçqınlığın əzabını mənim kimi çəkən az adam tapılar. İşğaldan əvvəl mən fürsət düşən kimi ilin bütün fəsillərində Laçına gedib-gəlirdim! “Poçt” deyilən yerdən şəhərin ayağına kimi bir yol piyada getməsəm, canıma yatmazdı. Deyirəm, ay Fəxri, Allah qismət eləyə, yenə Laçını o baş-bu başa piyada gəzə bilək. Təki Laçın geri alınsın, ora birinci gedib yaşayanların arasında mən də olacam.
- Bakıya gələndə neçə yaşın vardı?
- 19 yaşımın içindəydim. İnstituta qəbula gəlmişdim. İnstitutdan kəsiləndən sonra sənədlərimi Maliyyə-Kredit Texnikumuna verdim. Texnikumda oxuya-oxuya əsgərliyə getdim, qayıdıb 1983-cü ildə oranı qırmızı diplomla bitirdim. Təyinatımı Bakıya, Material Ehtiyatları Komitəsinə verdilər. Ordan da “Azərtəchizkom”a (o vaxt “Qossnab” deyirdilər) göndərdilər. İşlədiyim yerdə məni böyük iqtisadçı vəzifəsinə qoydular. Baş mühasib gördü ki, işi yaxşı bilirəm, qorxdu, elə bildi onun yerinə keçmək istəyirəm. Ona görə də mənə arxiv-filan işləri verirdi. İşimi bitirən kimi mütaliə eləyir, qəzet oxuyurdum. Hər gün “İzvestiya”dan tutmuş “Azərbaycan gəncləri” qəzetinə qədər hamısını gözdən keçirirdim. Həmin küçədə İraq səfirliyi ilə üzbəüz Aktyor Evi vardı. Tez-tez Anar çiynində çantası o küçədən keçərdi, “Qobustan” jurnalının redaksiyası Aktyor Evində yerləşirdi.
Həmin illərdə Eldar Baxışla tanış oldum. Eldar müəllim o vaxt Teleradio Komitəsində çalışırdı.
- Belə görünür, sənin ədəbiyyata gəlişin materialist yollardan keçib. Bəs yazmağa nə vaxt başlamışdın?
- Hələ 6-cı sinifdə oxuyandan qəzəl yazmağa başlamışdım.
- Bu həvəs haradandı səndə, qandanmı gəlirdi?
- Nənəm (yəni anam) çox dilavər, hazırcavab, obrazlı danışan bir insan olub. Yadıma düşəndə məəttəl qalıram – heç bir təhsil görməyən, kitab oxuya bilməyən anam insanın hər vəziyyətinə uyğun zərb-məsəl işlədirdi. Çoxlu bayatı, tapmaca, söyləmə bilirdi. Dədəm də (yəni atam) çoxlu ağız ədəbiyyatı nümunələri bilirdi. Təsadüfi deyil ki, “Laçın folkloru” kitabının böyük hissəsini – Allah ömürlərini uzun eləsin – dədəmlə nənəmin dilindən qələmə almışam.
Mən kiçik yaşlarımdan çoxlu kitab oxuyurdum. 1988-ci ilə qədər kitab dükanlarında nə qədər kitab vardısa, hamısını oxumuşdum. Ədəbi birliklərə gedirdim. Kimsə bir şeir oxuyanda görürdüm bir misra, məsələn, Əhəd Muxtardandır. Əlimi qaldırıb deyirdim ki, oxunan şeirin filan misrası Əhəd Muxtarın filan şeirindəki misrayla səsləşir. Hamını oxuyub xəbərdar olmağım o vaxtlar “Əjdər Cəbiyev” imzasıyla tanınmağa başlayan şair Əjdər Olun xoşuna gəlirdi.
- Məmməd İsmayılın rəhbərlik elədiyi “Gənclik” Ədəbi Birliyinin üzvü idin?
- Birliyin üzvü deyildim. Amma qəzetdə elanlarını oxuyub məclislərində iştirak eləyirdim. Orada iki dəfə şeir oxudum; Rəhman Babaxanlı, Rasət, bir də Hüseyn Əfəndi məni müdafiə elədilər, amma xeyri olmadı, məni o birliyə qoymadılar.
- Qoymadılar deyəndə oranın qapısı açıq idi, hamı gəlib-gedirdi...
- Yox, birliyin üzvü olmalıydın. Birlik üzvlərinin yazıları “Yaşıl budaqlar” adlı almanaxda çap olurdu. Birliyin sədri də, bu gün ədəbi aləmdə izi-tozu olmayan bəzi üzvləri də mənə deyirdilər ki, şeirlərin zəifdir.
- Yəni o dönəmdə heç çap oluna bilmədin?
- 1983-87-ci illər arası mən Dövlət Təchizat Komitəsinin Nərimanov metrosu yaxınlığındakı yataqxanasının 106 saylı otağında təkcə qalırdım. Ümumiyyətlə, həyatda “6” rəqəmi mənə çox düşərli olub. 6 nömrəli tramvay, 26 nömrəli, 106 nömrəli avtobuslar mən qaldığım yerə gedirdi. İşlədiyim yerin ünvanı 14 drop 16 idi...
1986-cı ildə “Ulduz” jurnalında şeirim çap olundu. Jurnalı alıb Laçına getdim. Dədəm dedi məni təbrik elədilər ki, oğlunun jurnalda şeiri çıxıb. Jurnal üç-dörd gün idi işıq üzü görmüşdü, ancaq Laçında artıq xəbər tutmuşdular.
- Bayaq Eldar Baxışla tanış olmağından danışırdın...
- Hə, Eldarla məni bir ağdamlı xanım tanış elədi. Şairlə hardasa üç il sərasər görüşümüz oldu. O, işdən sonra İçərişəhərə tərəf enirdi, mən də işdən çıxıb ona tərəf gedirdim. Əsasən Akif Əhmədgil, Tofiq Abdinlə birlikdə olurdu. Onun yanında üç-dörd dəfə indiki deputat Rafael Hüseynovu da görmüşəm. Onlar Dağüstü parkda var-gəl eləyirdilər, mən də yanlarında gəzirdim. Eldar çox alicənab, gözü-könlü tox adam idi. Birdən Rafael müəllimin yanında deyirdi filan şeirini oxu, qulaq asaq.
İlk dəfə Eldar Baxışa şeir oxuyanda utandığımdan məni tər basdı. Bunu görüb dedi şeiri oxuyanda yox, yazanda utanıb tərləmək lazımdır.
- Onda Eldar Baxış radioda işləyirdi, eləmi?
- Radioda işləyirdi. Müdirləri də Mailə Muradxanlı idi. Bir dəfə Eldar müəllim şeirlərimdən bir neçəsini radioda səsləndirmək üçün seçib götürdü. Sonra dedi üstünə ünvanını da yaz. Ünvanımı yazıb getdim. Aradan beş-on gün keçmiş Eldost Bayramla Əminə Yusifqızının ifasında şeirlərim radioda səsləndi. Əminə Yusifqızı “Bir dəniz var idi, bir də bir oğlan”, Eldost Bayram isə Şəhriyara həsr elədiyim “Bağışlasın Vətən məni” şeirimi oxudu.
Aradan bir az da keçmiş Eldar Baxışı gördüm. Dedi, İlham, şeirlərin radioda gedəndən sonra bir qız sənə məktub yazmışdı, göndərdim ünvanına. Mən də subay idim, maraq məni boğdu ki, görən bu qız mənə nə yazıb. Gündə gedib poçtu yoxlayırdım, görüm məktub var, ya yox. Bir gün də getdim, dedilər sənə pul baratı gəlib – 29 manat 60 qəpik. Eldar müəllim qonorar göndərib, adını da qoyub ki, qızdan məktubdur. Mən də o zaman iş yerimdən 80 manat maaş alırdım. Maaşı da, qonorarı da alandan sonra işdən icazə də alıb pay-pürüşlə getdim rayona...
Eldar dünyasını dəyişəndə ölümünə elegiya yazdım. Ancaq sağlığında da ona “Sağ olsun Eldar Baxışı” adlı şeir həsr eləmişdim.
- Yanılmıramsa, ölümündən sonra rəhmətliyin arxivini də çap elətmişdin...
- Eldar Baxışın çap olunmamış çoxlu şeiri vardı. Onun Əhmədlidəki evində dəfələrlə olmuşdum. Amma Yazıçılar Birliyindən aldığı mikrorayon tərəfdəki evə getməmişdim. Ağır yatdığını eşidib ölümündən üç gün əvvəl evlərinə gedəndə bildim ki, harada yaşayır. Eldardan sonra ailəsi həmin binadan da köçmüşdü, qonşu binanın birinci mərtəbəsində yaşayırdı. Getdim Həcər xanıma dedim ki, Eldar müəllimin arxivini verin, çap eləyək. Qızı Günel, oğlu Tural da məni tanıyırdı. Qubadlının Müskanlı kəndindəki ata-baba evlərində də olmuşdum.
Bir sözlə, Eldarın arxivini mənə etibar elədilər. Bir siyahı tutmuşdum, hansı əlyazmanı, hansı şeiri götürürdümsə, çap olunduqca əlyazmasını siyahı üzrə geri qaytarırdım. Bir dəfə də o evə tənqidçi dostum Cavanşir Yusifli ilə getdik. Cavanşir o vaxt Eyvaz Tahanın rəhbərliyi altında çıxan “Cahan” jurnalında işləyirdi, Əhəd Muxtar, Məsihağa Məhəmmədi, Əlibala Hacızadə də orada çalışırdılar. Şeirlərin bir hissəsi o jurnalda, bir hissəsi “Ulduz”da, bir azı da “Ədalət”, “Mədəniyyət”, “525-ci qəzet” kimi nəşrlərdə çap olundu. O şeirlər Eldar Baxışın heç bir kitabında yoxdur... Hə, getdik ki, Eldar müəllimin ailəsi evi satıb, əlyazmalarını da külək sağa-sola dağıdır. Yaxşı ki, o vaxta kimi çap olunmamış əlyazmaların hamısını götürmüşdük.
Burda bir xatirə danışım. Eldar Baxışla axşam ayrılmaq vaxtı çatanda indiki “Sahil” stansiyasında metroya minirdik. Mən “Nərimanov”da, o da “Neftçilər”də düşürdü. Yolda deyirdi gedək məni yola sal. O zaman metro xətti “Neftçilər”ə qədər idi. Mən də subay adam idim, vaxtım vardı. Üstəlik, Eldar müəllimlə yol getmək adama zövq verirdi. Bir lətifə danışandan sonra şaqqanaq çəkib şirin-şirin gülməyi, iştahayla yeməyi vardı.
“Neftçilər”də düşəndə deyirdi gəl avtobusla “Bakı” kinoteatrının yanınacan gedək, məni yola salıb oradan qayıdarsan. “Bakı” kinoteatrının yanına çatanda deyirdi gedək evə, məni oradan yola salarsan. Necə deyərlər, al dilnən girirdi qoluma, çıxırdıq evlərinə. Yay olanda məni çıxarırdı balkona, Həcər xanım da bizə çay gətirirdi. Mənə ən çox ləzzət verən o idi ki, şeirlərini bir-bir çıxarıb qoyurdu stolun üstünə, hamısını mənə oxuyurdu.
Bir dəfə də Eldar Baxışı Tofiq Abdinlə bir yerdə bədii ədəbiyyatın təbliği fondunun xəttiylə qaldığım yataqxananın akt zalında sakinlərlə görüşə dəvət elədim. Böyük bir görüş keçirildi. O zaman idarə fonda 240 manat pul köçürdü. Bilirdim ki, o pulun 60 faizi görüşə gələn şairlərə çatır.
- Nə vaxt idi?
- 1986-cı il olardı.
- Sən özün də şair kimi tanınırdınmı onda?
- 1987-ci ildən azad mətbuat yaranana qədər çap olunmadım.
- Niyə, çap eləmirdilər?
- “Azərbaycan”, “Ulduz” jurnallarının, “Azərbaycan gəncləri”, “Bakı” qəzetlərinin siyirməsində həmişə şeirlərim olurdu. Tofiq Mütəllibov da, adlarını çəkmədiyim başqa redaksiya işçiləri də yazılarımı götürürdülər. Tofiq Mütəllibov qəzetdə toplanmış şeirlər haqqında bir səhifəlik yazı yazanda müsbət nümunələr arasında mənim yazılarımın da adını çəkirdi. Amma o şeirlərdən birini də çapa vermirdi. “Azərbaycan” jurnalının arxivində də çoxlu şeirim itib-batdı, yaxşı ki, özümdə surətini saxlamışdım. O vaxt ədəbi orqanlar inhisara alınmışdı.
- 90-cı illərdə inhisar-filan qalmamışdı axı, jurnallar çap eləməyə yazı axtarırdı...
- Mən 1986-cı ildən 1991-92-yə qədərki dövrü deyirəm. Sonra müstəqil mətbuat yarandı. Sözün düzü, o vaxtlar elə yazmırdım da. Amma ədəbi yazıları hər gün oxuyurdum, mətbuatı izləyirdim. Görürdüm ki, qəzetlərdə xeyli zəif şeir çap olunur. Fikirləşirdim ki, mən içimi yazsam, bundan yaxşı olar. Ancaq 1993-94-ə qədərki altı-yeddi ildə, demək olar, şeir yazmadım.
- Niyə yazmırdın, səbəbi nəydi?
- 1987-ci ildən sonra Dağlıq Qarabağ hadisələri başlandı, fikrim-zikrim qəzetlərdə qaldı ki, görək Qarabağla bağlı nə qərar çıxarılacaq... Sonra müstəqil olduq, müstəqil mətbuatımız yarandı, “Azadlıq”, “525-ci qəzet”, “Rezonans”, “Səs” kimi yeni nəşrlər işıq üzü gördü. Heç xəbərim yox idi, bir də eşitdim ki, “Səs“ qəzetində “Bu gecə evimiz yadıma düşdü” şeirim çap olunub. Demək, şeir hardansa düşüb “Yeni Azərbaycan” qəzetinin indiki baş redaktoru Hikmət Babaoğlunun əlinə, o da verib qəzetə. Bir dəfə də Rəşad Məcidə bir silsilə şeir apardım, oxuyub dedi ki, bəs mən səni niyə tanımıram?.. Səhəri gün şeirlər qəzetdə çıxdı.
- Demək, çap olunmaq, şöhrətlənmək üçün şərait yarananda yenidən yazmağa başladın. Belə çıxmırmı ki, sənin təbinin gəlməsi xarici amillərdən asılıdır?
- Ədəbiyyat mütləq üzə çıxmalıdır. 1985-87-ci illərdə radioda yazılarım oxundusa da, “Ulduz”da dərc olunmuş bir şeirimi çıxmaqla mənə mətbuatda görünmək imkanı verilmədi. Müstəqillik dövründə gördüm ki, qəzetlər şeirə xeyli yer ayırır. Mən də içimi, taleyimi yazmağa başladım.
- Onda demək olarmı ki, insana yazı yazdıran qüvvə şan-şöhrət, görünmək, eşidilmək, dolayısıyla kimlərəsə hökm eləmək arzusudur, əgər bu olmasa, şair şeir yazmaz?
- Mənim 1985-87-ci illərdə yazdığım şeirlərin heç birində şan-şöhrət meyli, hökm eləmək arzusu yoxdur. O şeirlərin hamısı kədərlə doludur.
- İnsan kədəriylə də şöhrət qazana bilər...
- Məsələn, “Bir dəniz var idi, bir də bir oğlan” şeiri rayondan Bakıya gəlmiş, şəhərdə gedəcək yeri olmayan bir oğlandan danışır. Koroğlu ilə bağlı şeirdə vətənin acı taleyi var. Burasını da deyim ki, şan-şöhrət istəyi yaradıcılığın ilk dövrlərində güclü olur. O dövrü arxada qoyandan sonra inandığım adamların reaksiyasından gördüm ki, ədəbiyyata gəlmişəm. Hiss elədim ki, İlham Qəhrəman imzasını tanıyıb-bəyənənlər var. Onda məni hər şeydən çox məsuliyyət hissi bürüdü.
Şairin başlıca vəzifəsi budur ki, xalqının dilini yaşatsın. Mən yazı yazanda həmişə laçınlı olmağın məsuliyyətini duymuşam...
- Sualı bir az başqa cür qoyum. Şan-şöhrət arzusu olmadan şair şeir yaza bilərmi?
- İlkin dövrdə mümkün deyil. Sonralar isə məsuliyyət hissi önə çıxır.
...Qayıdıram əvvəlki söhbətə: mənim şeirlərim nənəmin danışdığı dildə yazılıb. Şeirdə bir fikri sözə çevirəndə düşünürəm ki, bunu kənddə Balaxanım Gülxanıma necə deyərdi. Dərhal həmin fikir kəndimizin qadınlarının dilindən qulağıma çatır. O dildə yazmaqdan zövq alıram.
- Dil məsələsinə gəldiksə, bir sual da verim. Bu gün yaranan poeziyanı – cavan, qoca, orta yaşlı, fərqi yoxdur – oxuyursanmı?
- Gördüklərimi oxuyuram.
- O şeirlərin dili canına yatırmı?
- Bəzən mənə şeir göndərirlər ki, fikir bildirim. Baxıram o qədər qəliz yazır, münasibət bildirməyə də utanıram ki, könlünə dəyər. Oxuyursan, heç nə başa düşmürsən. Bizim şeirdə ən çox çatışmayan nədir – əksər müəllif mövzuya uyğun söz, ifadə seçə bilmir. Fikir dilə dolaşıb qalır. Dilimizdə sözlər var ki, deyilən fikri daha da pardaqlandırır. Söz, fikir tüfəng lüləsindən çıxan güllə kimi düz olmalıdır. Bizim qələm adamlarının əksəriyyəti nağılları, bayatıları oxumadığına görə sözdən istifadə eləyə bilmir. Folklorumuz, aşıq ədəbiyyatımız, klassiklərimizin irsi dili cilalamaq üçün əvəzsiz mənbədir.
- Yəni deyirsən gənc ədəbiyyatımız material qıtlığı çəkir?
- Ay sağ ol!
- Bəlkə elə hiss qıtlığı da var, o hissi yaşamır ki, ifadə eləyə də bilsin?
- Sənin sözünün qüvvəti: Təbrizdə bir aşıq saz çala-çala Sücaətin şeirini oxuyurdu. Soruşdum nə əcəb ondan oxuyursan? Dedi filan şairin şeirində sözün poetikası, Sücaətin şeirində fikrin poetikası var, ona görə də Sücaətdən oxumaq mənim üçün daha asandır. Ana dilində məktəb oxumamış aşığın şeirlə bağlı belə dürüst təsnifatı məni heyrətləndirdi.
- Gəl bir balaca dərinə gedək. Deyək mən bir hissi dərindən yaşayıram, onu ifadə eləməyə söz tapa biləcəm, ya yox?
- Burada iki məsələ var. Şairin vəzifəsi budur ki, şeiri anasının dilində dürüst yazsın. Gerçək şeirin bir hissəsi şairin canından, yəni oxuduqlarından, gördüklərindən, bir hissəsi də halla, ruhla, vəhylə, yəni Allahdan gəlir. Gözəl şeir odur ki, şair ruhundan bir parçanı o şeirə köçürə bilib, yoxsa şeir ruhsuz, nəfəssiz olur. Dilimizdə insanın hər vəziyyətini – hissini, həyəcanını, sevincini, coşqunluğunu, bədbinliyini, bir sözlə, hər halını ifadə eləyəsi sözlər var. Sadəcə, dili bilib o sözləri tapıb mətndə işlətmək bacarıq istəyir.
- Belə çıxır şeir ruhla canın qatışığıdır? Mən də elə bilirdim şeir ancaq ruhdur...
- Axı şairin mövzuya uyğun müşahidələri olmalıdır. Məsələn, “Cəllad” şeirini mən Məmməd Nazimoğluya həsr eləmişəm. Niyə? Məmmədin “Avropa” qəzetində bəzəmələri çıxırdı, oxuduqca mənə ləzzət verirdi. O bəzəmələri müştəri gözüylə oxumaq, oradan mövzu götürmək bir şair kimi mənim müşahidəmin nəticəsidir. Yazanda artıq içini yazırsan, ona ruhunu qarışdırırsan. Ruhun iştirakı olmadan yazılan şeir cansız olur. Yəni şeirdə hər ikisi şərtdir.
- Dediklərini düstur dilinə çevirsək, şeir ruhla canın qarışığından, əməkdaşlığından yaranır – düzmü dedim?
- Bəli, şeirdə şairin söz potensialı da, ruhu da iştirak eləməlidir.
- Mənim ruhum, necə deyərlər, işləkdirsə, onun üçün yaxşı dil, yaxşı obraz mütləqmi tapılacaq – nə düşünürsən? Yaxud da adam var dili çox yaxşı bilir, duyur, ancaq dərin hissiyyatı, dərin təfəkkürü yoxdur – o dilin gücünə o da yaxşı şeir yaza bilərmi, səncə?
- Həm gənc nəslin, həm də mənim yaşıdlarımın içində elə şairlər var ki, baxırsan Azərbaycanın təbiəti zəngin olan yerində yaşayıb – harada təbiət zəngindirsə, orada dil də zəngindir – bu adam təbiətdə, dağda-düzdə, meşədə hər əşyanın, hər predmetin, üstəlik, insanın bütün hisslərinin adını bilir. Yenə deyirəm, söhbət şairdən gedir. Baxırsan söz, ifadə baxımından bir çatışmazlığı yoxdur, xurcunu doludur, amma şeirdə sözü yerində işlədə bilmir. Söz bolluğu yaradır, di gəl o bolluqdan şeir yaranmır. Bax, mənə elə gəlir o şairin şeirində çatışmayan nədirsə, onun adı elə ruhdur.
- Bəzən gənc, ya orta yaşlı şairlər, nasirlər hökm verirlər ki, ədəbiyyatda dil vacib faktor deyil. Hətta dili yaxşı olan hansısa şair haqqında deyirlər ki, onun şeirlərini özü yazmır, dil özü yazır o şeirləri...
- Azərbaycan folkloru ona görə oxunaqlıdır ki, onda canlı xalq dili var. Xəstə Qasımı, Aşıq Ələsgəri, Abbas Tufarqanlını, Sarı Aşığı ona görə sevə-sevə oxuyuruq ki, nənəmizin, dədəmizin dilində yazıblar. İkincisi də, şeirdə bir arxaik söz, ya bir şivə sözü işlədirsənsə, oxucuya kömək eləmək lazımdır.
Dağıldı yurd yerim, dağıldı butam,
Ac idim, dərd yedim, ta indi qutam.
Əldə tüfəng getdim özümü atam,
Dedilər İlhamdır, gör ova gedir?!
Burda işlətdiyim “qut” nədir? Azərbaycanın bəzi bölgələrində bu söz işlənmir. Amma “qut” sözündən əvvəl verilən “ac idim, dərd yedim” informasiyası oxucuya qut olmağın doymaq, tox olmaq anlamına gəldiyini çatdırır. Demək, oxucu bu sözü lüğətsiz-sözlüksüz də anlaya bilər. “Qut” sözünü anam hansı mənada işlədirdisə, mən də o mənada oxucuya çatdırıram. Mən örüşə gedəndə anam cibimə bir ovuc tut qurusuyla qoz ləpəsi qoyub deyirdi, bala, acanda atarsan ağzına, ürəyində qut olar.
Ayrı misal deyim: dilimizdə “dəc”, “peşəri” sözləri var. Bar ağacının meyvəsi dərilməyibsə, deyirlər o ağac dəcdir. Amma tutaq ağacdan bir vedrə gilas dərilibsə, bağban deyir bu ağac peşəridir.
- Bir şeirində bu sözləri yanaşı işlətmisən...
- Bəli, “Şair” şeiridir:
Tələyə tez düşər, yada gec düşər,
Sevinci peşəri, qəmi dəc düşər,
Bədən yorulanda ruha güc düşər,
Ruhu dincələndə bədən işləyir.
Bu sözlərin hamısını evdə anamdan, atamdan, qonşulardan eşitmişəm. Mamam (yəni bibim) dünyasını dəyişəndə gördüm böyük qızı Qənirə ağı deyir: ürəyi dolu, ağzı qıfıllı nənəm. Sonra mən bu ifadəni şeirə gətirdim:
Ürəyim doludu, ağzım qıfıllı,
Gözümdən bir gilə yaş diyirləndi.
Bunlar eldən gələn sözlərdir, gərək qoymayaq itə-bata. Əgər mən Laçında eşitdiyim sözlərin beş-on faizini kitaba yığıb saxlaya bilmişəmsə, azca rahatlıq taparam ki, nəsə bir iş görmüşəm. Ədəbiyyatın canı sözdür, dildir.
- Pis dillə yaxşı fikir demək, yaxşı şeir yazmaq olar?
- Qətiyyən! Mən Yusif Vəzir Çəmənzəminlinin “Qan içində”, ya “Studentlər” romanını ilk növbədə dilinin rəvanlığına görə dönə-dönə oxumuşam. Deyək ki, Əkrəm Əylislinin nəsrini, Çingiz Hüseynovun “Fətəli fəthi” əsərini, Elçinin “Ağ dəvə”sini, “Mahmud və Məryəm”ni hər şeydən əvvəl dilinə görə çox istəmişik. Hətta erməni yazıçısı Hrant Matevosyanın “Başlanğıc”, “Camış” kimi əsərlərini, gürcü Nodar Dumbadzenin romanlarını tərcümə dilinin gözəlliyinə görə özümüzə doğma bilmişik. Şairlərdən də nə qədər desən ad çəkə bilərəm.
Bu günlərdə Sabunçu kitabxanalarının birindən iki xarici müəllifin kitabını götürüb oxudum: biri Frans Kafkanın, o biri də türk şairinin kitabıydı. Kafkanın “Qəsr”ini oxuyanda elə bildim Laçında qonşumla söhbət eləyirəm. Nə qədər acınacaqlı olsa da, dostların çevirməsində türk şairini oxuyub anlamadım.
- Təxminən sən şeir yazmağa başladığın vaxtlarda bizim cəmiyyətdə şairin bir az havalı, bir az dəli, bir az qəmli, bir az da dərdli obrazı vardı. Sən həyatda çox praktiki adamsan, üzündən-gözündən də dərd-filan yağmır. Çox normal təsir bağışlayırsan...
- Əsəd Cahangir bir gün mənə dedi ki, ilk dəfə səni “Ədəbiyyat qəzeti”nin dəhlizində gördüm, gözündə qəribə bir parıltı vardı. Sonra “Ağlama, qu quşu” kitabıma yazdığı ön sözdə Əsəd bu parıltıdan bəhs eləmişdi. Əsədlə ilk görüşüm, yanılmıramsa, 1995-ci, bəlkə də 96-cı ildə olub. Ədəbi mühitə təzə-təzə ayaq açırdım. Təzə gələnlərin hamısı, belə demək mümkünsə, havalı olur. Mən də havalı idim. Bizim havamızı məişət qayğıları aldı. Nə qədər şair var ki, intihar eləyib, evini-uşağını atıb, ailəsini ədəbiyyata qurban verib. Amma mən o yolu tuta bilməzdim, aldığım tərbiyə, böyüdüyüm mühit buna qəti imkan verməzdi. Hərçənd o yolu tutsaydım, kitablarımın sayı ikiqat olardı.
Məişət qayğılarım çox olub, uzun illər şeirlərimi mətbəxdə yazmışam. Masanın üstünə böyük bir qəzet sərirdim, adam gələndə tez vərəqi qəzetin altında gizlədirdim ki, şeir yazdığımı görən olmasın. Mən şeir yazmaq anını, oxucudan üzr istəyirəm, intim münasibətlə müqayisə eləyərdim. Bu, çox məhrəm məqamdır. Bəzən şairlər poza tutub şəkil çəkdirirlər. Şairin şəkli şeir yazdığı, Allahla təmasda olduğu andır, küçəyə çıxıb çəkdirdiyi onun şəkli deyil. Bax, sən indi İlham Qəhrəmanla yox, Qəhrəmanov İlhamla söhbət eləyirsən; İlham Qəhrəman mətbəxə adam girəndə şeir yazdığı vərəqi qəzetin altında gizlədəndir. Şair o şeiri yazanda şair olur, o prosesdən qıraqda şair yoxdur.
- Səndə ədəbi nəsil təəssübü, deyək ki, nəsildaşlarınla münasibətin, onların yaradıcılığını izləmək həvəsin varmı? Yoxsa səni o vaxt yaxına buraxmayıblar deyə küsmüsən?
- Mən rəhmətlik Akif Səmədlə bir yerdə özümü həmişə yaxşı hiss eləyirdim. Laçında bir söz vardı: hara gedirsən, kəndin ortasına. Mən Bakıda Akif Səmədin yanına gedəndə elə bilirdim kəndin ortasına gedirəm. Akif öləndə mən çox ağladım, gözümün yaşı günlərlə qurumadı... İndi də dostum az deyil; Qurban Yaquboğlu, Hikmət Sabiroğlu, Məsihağa Məhəmmədi, Cavanşir Yusifli, Əsəd Cahangir kimi dostlarla bir yerdə olanda darıxmıram. Hələ neçəsinin adını çəkmədim...
- Sözü yayındırma, mən şairləri nəzərdə tuturam.
- Qabaqlar Filarmoniya bağında çayxana vardı, darıxan ora üz tutardı. Xeyli vaxt olar oranı bağlayıblar. O çayxana qələm adamlarının kisəsindən getdi. Orada kimi görürdümsə, bilirdim ki, bu da darıxıb gəlib. İndi getməyə də bir yer qalmayıb.
Mən ədəbiyyatda özümü həmişə yalquzaq bilmişəm. Xarakterim elədir ki, heç kəsi sifarişlə evdən çıxarmağı xoşlamıram. Boş vaxtımın çoxunu Sabunçudakı çayxanada keçirirəm. Evdə qaraqabaq, çöldə deyən-gülən, şuxluq sevən adamam. Lətifə dinləməkdən, danışmaqdan doymuram. Gülüş yaşamaq üçün insanın əlindən tutur.
- Bəs özündən əvvəlki şairlərin hansından daha çox təsirlənmisən?
- Gəncliyimdə Səməd Vurğunun, Rəsul Rzanın, Əli Kərimin, Məmməd Arazın, Ağa Laçınlının, Ramiz Rövşənin, Vaqif Bayatlının... kitabları əlimdən düşməyib. Eldar Baxış da həmişə bu şairləri oxumağı mənə tövsiyə eləyərdi. Amma ən çox təsirləndiyim şair elə Eldar Baxış olub. Onu tanıyana qədər bir-iki kitabını oxumuşdum. Elə təsəvvür eləyirdim ki, bu, bir çəlimsiz, amma od parçası kimi adamdır. Zəhmli, hökmlü şeirlərində böyük enerji, güc-qüvvət vardı. Onu görəndən sonra şeirlərindən tanıdığım Eldar Baxış obrazı beynimdən silindi.
Mənə deyirdilər şeirlərində Eldarın təsiri var. O şeirlərin hamısını yandırdım, axtarıb İlham Qəhrəmanı tapdım, çıxardım üzə. Uzun müddət Eldar Baxışı oxumadım, indi də oxumuram. Gördüm Eldarın intonasiyası mənə keçir, uzaqlaşdım.
- Özündən sonra gələnlərdən kimi oxuyursan?
- İki imza deyə bilərəm: biri Təbrizdə yaşayır – Rəna Zarei. Qoy bu imzanı bizim ədəbi mühit tanısın. Gənc xanımdır, ailəlidir. Mən orada olanda əncüməndə şeirlərini oxudu. Çox adam şeir oxudu, o qıza növbə çatanda hamıya dedim, bax, o, şairdir. Oxuyub razı qaldığım gənclərdən biri Aqşindir, Rafiq Tağıya yazdığı şeir çox xoşuma gəlib. “Rəssam” təxəllüsü ilə yazan bir gənc şairin maraqlı şeirlərinə radioda qulaq asmışam. Qismət adında bir oğlan da var, özünü tanımasam da, şeirlərini maraqla oxumuşam.
- 55 yaşlı bir şair bu kitabdan əli üzülmüş ölkədə necə dolanır, ailəsini nəylə saxlayır?
- Bir ara çox korluq çəkdim. Ən dəyərli bir əşyanı satmağa qərar verdiyim vaxtlarım oldu. Borca düşdüm, çox şeydən keçməli oldum. Tanrı heç kəsi çörəklə sınağa çəkməsin! Allaha şükür, indi dolanırıq. Əsas odur ki, xeyirdən-şərdən qalmıram.
"Mediaforum"