Teleqraf.com tanınmış opera müğənnisi, Koroğlunun gənc ifaçılarından olan Ülvi Qılıncla müsahibəni təqdim edir:
-Çoxdandır görünmürsünüz. Necəsiniz, nə işlər görürsünüz?
-Klip çəkdirmişəm, hazırda montaj prosesi gedir. İl başlayandan üç yeni mahnının aranjemanı hazırdır, sadəcə, qalıb ifa etmək. Umman xanımla oxuduğum yeni mahnıya klip çəkdirdim. Klip müğənni üçün çox vacibdir. Müğənninin tanınması üçün klipi olmalıdır.
Bəzi müğənnilər artıq pul xərcləmək üçün klip çəkdirmirlər. Artıq indiki gənclərə nəsə təqdim edəndə onun təyinatını dəqiq bilməlisən. Çünki onların dünyadan xəbərləri var. İndiki gənclər televiziyaya baxmırlar, müğənniləri tanımırlar.
Bizdə “mən ulduzam” deyən müğənnilər var ki, gənclər onları tanımır. Hətta gülürlər. Gənclərin çoxu xaricdə təhsil alır. Deyirlər bizim müğənnilər nə oxuyurlar ki... Baxıram və onlara cavab verə bilmirəm.
-Sizcə, bunun səbəbi nədir?
-Müğənnilər o qədər zövqsüz mahnılar təqdim etdilər ki, nəticəsi bu oldu. Biri o birindən yaxşı iş görüb gündəmə gəlməkdənsə, bir-birindən daha ucuza meyillənib, daha biabırçı musiqilər təqdim edirlər. Bizim içimizdən nə Timati, nə Selin Dion, nə Adel çıxdı. Hamı efirdə ağzına gələni danışır. Amma ortada heç nə yoxdur. Deyir məni izləyən tamaşaçı çox səviyyəli tamaşaçıdır. Çox üzr istəyirəm, onlar tamaşaçını nə ilə ölçürlər? Bunun düsturu varmı? Tamaşaçını necə təyin edirlər? O qədər axmaq və səviyyəsiz söhbətlərdir ki...
Deyirlər filankəs zalı tamaşaçı ilə doldurursa, deməli, müğənnidir. Çox qəribə məntiqdir. Axı kloun da zalı doldurur. İndikilər heç kloun da deyil. Kloun çox böyük sözdür.
-Daha çox kimlərə qulaq asırsınız?
-İndikilərdən? Mən heç kimə qulaq asmıram. Heç kimin də xətrinə dəyməsin. Bəlkə, radioda eşidirəm, amma ümumiyyətlə, qulaq asa bilmərəm, yoxsa zəhərlənərəm.
-Deyirsiniz indikiləri dinləmirəm. Axı duet ifa edirsiniz. Duet ortaqlarınızı nəyə əsasən seçirsiniz?
-Duet ortaqlarımı onların içini, daxilini bildiyimə görə seçirəm. Maraqlı duet ortağı olmalıdır ki, insanlar zövq ala bilsinlər. Mahnıları sintez edəndə də gərək zövqlə edəsən.
-Səhv etmirəmsə, siz Opera və Balet teatrından ayrılmısınız.
-Bəli, çoxdan ayrılmışam. Universitetin dördüncü kursunda oxuyanda teatrda işə başladım. Həmişə də müqavilə əsasında işləmişəm. Müqavilə bitdi və uzaqlaşdım.
-Niyə uzaqlaşdınız?
-Öz işlərim olduğuna görə... Paralel davam etdirə bilmədim. Opera müğənnisi çox rahat, sakit həyat yaşamalıdır. O problemlə məşğul olmalı deyil, rahat şəkildə oturub partiyaları öyrənməlidir, yemək saatlarında da yeməyini gətirib, verməlidirlər. Yəni bu qədər rahat yaşamalıdır. Opera müğənnisi həm toya gedib, həm mahnı yazdırıb, həm aranjemançının, həm də studiyanın pulunu necə ödəyəcəyini düşünməli deyil. Opera tamam ayrıdır.
-Amma bunu edən həmkarlarınızı var: Samir Cəfərov, Fidan Hacıyeva...
-Mən çatdırmadım. Mənim həyatım başqa cür oldu. Fədailər sənətə özlərini fəda edirlər. Görünür, mən özümü fəda edə bilmədim. Mən xoşlayıram ki, hər yerdə olum, gəzim, maraqlanım. Dünyanın yarısını gəzmişəm. Bəlkə, mən fərqliyəm, ona görə...
-Yenidən Operaya qayıtmaq fikriniz varmı?
-Ola bilər. Mən gözlənilməyən bir insanam. Hər şey ola bilər.
-Son günlər Opera və Balet Teatrının keçmiş solistləri teatra qarşı ittihamlar irəli sürürlər. Gənclərə şərait yaradılmamasından gileylənirlər. Siz də bu problemlə üzləşib, ordan ayrılmışdınız?
-Xeyr, mənim ayrılma səbəbim bayaq da dediyim kimi işlərimi çatdıra bilməməyimdən və müqaviləmin bitməsindən qaynaqlandı. Dediyiniz məsələ ilə bağlı onu deyə bilərəm ki, mənim vaxtımda belə bir vəziyyətin şahidi olmamışam. Çünki ətrafımın nə danışdığına fikir verməmişəm. Heç vaxt partiyamı kiməsə verməyiblər. Bir də partiya ifa etmək məsələsində anlaşmazlıq var. Bir müğənni Koroğlu partiyasının ifa olunması ilə bağlı etirazını bildirmişdi. “Koroğlu” operası heç kimin atasının adına yazılmayıb. Bunu Üzeyir Hacıbəyov Azərbaycan xalqına yazıb. Bəstəkar notariusla kiməsə adına təsdiqləməyib ki, bu partiyanı sən, sənin uşağın, onun uşağı oxumalıdır. Gülüncdür. Bunlar o qədər primitiv fikirlərdir ki... Koroğlu partiyasını mən də oxumuşam, məndən sonra da oxuyacaqlar. Amma baxır kim necə oxuyur. Mən özümə görə əjdaha oxumuşam, Nadir demişkən (gülür).
Əbülfəs Qarayev o partiyanın uğurlu ifasına görə məni 2004-cü ildə “İlin ən uğurlu debütü” mükafatı ilə təltif edib. Əsrin ilk Koroğlusunu mən ifa etmişəm. Axırıncı dəfə də 2011-ci ildə oxudum.
-Özünüzdən sonra Koroğlunu kimin ifasında bəyənmisiniz?
-Özümdən sonra heç kimə baxmamışam.
-Bəs həmkarlarınızın fəaliyyətini niyə izləmirsiniz?
-Mənim üçün maraqlı deyil. Bilirsiniz, mən səhnədən qorxan adam deyiləm. 2011-ci ildə Almaniyada Dövlət Simfonik Orkestri ilə dörd konsert vermişəm. Azərbaycanda heç kim onu işıqlandırmadı. Sonra mən o konsertləri “Youtube” şəbəkəsinə yerləşdirdim. Kim istəyər baxar.
-Nədənsə həmişə qalmaqallı açıqlamalarla gündəmdə olmusunuz. Güman ki, bu qalmaqallar sənətinizi kölgədə qoyub.
-Ülvi iki-üç nəfərə deyib ki, sən oxuya bilmirsən və bu olub qalmaqal. Qardaş, bu oxuya bilmir də, necə deyim ki, oxuya bilir.
Bizdə hamı deyir ki, mən kralam, mənə söz demək olmaz. Biri səhv oxuyur, ona səhv olduğunu deyəndə deyir sən məni təhqir etdin. Bəs axı sən eybəcər mahnılarınla insanların zövqünü korlayırsan. Əgər bu qalmaqaldırsa, yazılsın.
-Siz özünüz tənqidi qəbul edə bilirsiniz?
-Həqiqi tənqidi qəbul edirəm. Məni geyimimlə bağlı tənqid edəndə qəbul edə bilərəm. Amma oxumağımla bağlı kimsə nəsə desə... Bilirsiniz, mənə zamanında elə insanlar qiymət veriblər ki, indi tənqid edənlərə gülə bilərəm. Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Xuraman Qasımova mənim səsimə qiymət veriblər. Kabalyenin ustad dərsində olmuşam.
Ola bilər kimsə hansısa mahnının hansısa hissəsini yaxşı oxumadığıma görə məni tənqid etsin, bəli, onu qəbul edə bilərəm. Amma çalışıram ki, o səhvləri etməyim, çünki səhnəyə həmişə hazırlıqlı çıxıram.
Əgər məni kimsə dünyaya çıxarmaq istəyirsə, o zaman mənə yer, pul, konsertmeystr versin. Amma özüm öz gücümə bu istiqamətdə nələrsə etmişəm. Onlar da getsinlər 2 min nəfərlik zalda mikrofonsuz konsertlər versinlər, lent yazılarını gətirib göstərsinlər. Yoxsa kafedə oxuyub gəlməsinlər.
-Niyə konsert vermirsiniz?
-Bizdə konsertdən gəlir əldə etmək mümkün deyil. Kimsə desə ki, mən konsertdən gəlir götürürəm, bu, gülünc olar.
-Amma Faiq Ağayev konsertlərindən gəlir götürdüyünü iddia edir.
-Konsertdən gəlir götürdüklərini deyiblər? Allah xeyir versin, onda hamı konsert verər ki...
-Yəni inanmırsınız ki, Azərbaycanda da konsertdən gəlir götürənlər var?
-İnanmıram. Azərbaycanda heç kim konsertdən gəlir götürmür – bunu deyirəm və sözümün arxasında dururam.
Pərvin