Teleqraf.com xalq artisti, tanınmış diktor Şərqiyyə Hüseynova ilə müsahibəni təqdim edir:
-Şərqiyyə xanım, həyatınızı bütövlükdə televiziyaya həsr etmiş birisiniz...
-Sizə hətta dəqiq deyim. Mən televiziyaya 1967-ci ildə gəlmişəm. Bu il 70 yaşım, televiziyada işləməyimin 50 ili tamam olur. O vaxt mən televizyaya gələndə 19-20 yaşım vardı.
-20 yaşınızı, ümumiyyətlə o illəri necə xatırlayırsınız?
-Adətən, yaşlı adamlar keçmişi xatırlayanda deyirlər ki, filan şeylər o vaxtlar belə deyildi, daha yaxşı idi və sair. O illər bizim cavanlıq illərimiz idi. Hər insan yaşlaşanda cavanlıq illəri üçün darıxır, o illəri əzizləyir.
O illər də mənimçün maraqlı illər idi. Televiziya yenicə yaranmaqda idi, 6 diktor vardı, tamaşaçılar bizi böyük rəğbətlə qarşılayırdılar, tanıyırdılar. Necə ki indi cavan aparıcıları tanıyırlar... Elə aparıcılar da var ki, 70-80 yaşına çatsa da onları tanımırlar. Çünki efirdə öz sözlərini deyə bilmirlər.
Yenə deyirəm o dövr maraqlı idi, amma indi də televiziyada çox maraqlı verilişlər var, gənclər böyük həvəslə çalışırlar. İndi də televiziyada işləmək asan deyil.
-İlk illər, deyəsən, efirdən uzaq qaçmısınız.
-Yox, uzaq qaçmırdım. Televiziya və radioda iki dildə - Azərbaycan və rus dillərində verilişlər nümayiş olunurdu. Atam hərbçi olduğuna görə mən rus məktəbini bitirmişdim. O illərdə bizim hərbçilərimiz Sovetlər Birliyinin müxtəlif respublilarında, hətta xarici ölkələrdə xidmət edirdilər.
Ona görə mənim rus dilində danışığım Azərbaycan dilindən daha təmiz idi. İncəsənət İnstitutuna daxil olandan sonra Müxlis Canızadə mənim dilimi əməlli-başlı özümə qaytardı. Məni o illərdə səsimə və rus dilinə görə televiziyada saxlamaq istəyirdilər. O zaman rus dilli verilişlər çox olduğuna görə rusdilli diktorlara ehtiyac var idi. İndi bir o qədər də ehtiyac yoxdur, çünki verilişlərin hamısı Azərbaycan dilindədir.
Təbii ki, zəhmət çəkməsən heç nəyə nail ola bilməzsən. Nə olsun, bir az istedadın, səsin, efirə düşən siman var, çalışmasın, işləməsən heç nə əldə edə bilməzsən.
-Doğrudurmu ki, sizə görə rejissor Ramiz Mirzəyevə töhmət verilib?
-Bizim ikimizə də töhmət verilib. Səhv etmirəmsə, Ramiz Mirzəyevlə demək olar ki, eyni vaxtda televiziyaya gəlmişdik. 1967-ci ilin qışı idi. Radioda işləyən çox gözəl səsə malik diktor Ramiz Mustafayev mikrorayondan gəlib xalçalar haqqında verilişi oxumalı idi. Mən də praktikant idim. Möhkəm qar yağdığına görə Ramiz müəllim mikrorayondan gələ bilmədi.
Bir də gördüm otağımın qapısı açıldı, Ramiz Mirzəyev içəri girdi. Soruşdu ki, sən bu gün növbətçisən? Dedim, növbətçiyəm. Dedi, burda bir mətn var, onu oxumaq lazımdır. Mətnə baxanda dəhşətə gəldim. O vaxt redaksiyada mətn makinadan çıxandan sonra redaktorlar onun üzərində əlavəlar edirdilər.
Dedim, Ramiz, mən bunun öhdəsindən gələ bilməyəcəm, çünki həm ağırdır, həm də bir çox sözləri heç başa düşmürəm. Dedi, sənin ixtiyarın yoxdur, razı olmayasan. Güc-bəla ilə məni studiyaya itələdi, 40 dəqiqəlik verilişin nə əvvəli bilindi, nə sonu...
Verilişboyu başa düşmədiyim sözləri necə gəldi demişəm. Səhəri bizi çağırdılar, Ramizə şiddətli töhmət verdilər, məni isə işdən çıxartdılar. Dedilər ki, martda müsabiqə olacaq, əgər istəsən get hazırlaş, sonra gəl müsabiqəyə qatıl. Çarə yox idi, Müxlis müəllim məni hazırlaşdırdı. Yenidən müsabiqədən keçdim.
Qəribəsi nədir? Biz 2006-cı ildə Ramizlə birlikdə xalq artisti adına layiq görüldük, indi də Prezident təqaüdünə... O vaxt çəkişməsəydik, indi də bərkiməzdik.
-Bu hadisə Ramiz müəllimlə münasibətlərinizə təsir etmədi ki?
-Qətiyyən. Mən sevindim ki, Ramizi işdən çıxartmadılar. Çünki Ramiz çox istedadlı rejissordur. Yaradıcı ailədə anadan olub. Mən özümə əmin idim ki, martda müsabiqəyə qatılıb, keçəcəm. Bilirdim ki, çalışmalıyam.
Açığı deyim, televiziyaya bir o qədər meylim yox idi, yay aylarında gəlib, qışda televiziyadan çıxası oldum, amma o qısa müddət ərzində mən ora bağlandım. Fikirləşirdim ki, daha heç bir yerdə işləyə bilmərəm. Ancaq burda olmalıyam. Şükür Allaha ki, belə alındı.
Mən Dövlət Televiziyasını çox sevirəm. Həyatımın 38 ili orda keçib. Qalanını isə digər kanallara həsr etmişəm. O biri kanallar da bizim kanallardır, dövlət televiziyasının törəmələridir. Dövlət Televiziyasının darvazasının yanından keçəndə istəyirəm o boyda binanı qucaqlayım. Bu yaxınlarda orda nümayiş olunan verilişlərin birinə dəvət olunmuşdum. Darvazadan studiyaya gedənə qədər yavaş-yavaş hərəkət edib, hər bir şeyi yadımda saxlamaq istəyirdim.
Hazırda özəl kanallarda dərs deyirəm. Həm rusca, həm Azərbaycanca...
-Xüsusi bəyənib izlədiyiniz telekanal varmı?
-"Mədəniyyət" kanalına baxıram. Ümumiyyətlə, bütün kanalları izləyirəm. Baxmasam mənim üçün ayıbdır. Özüm çalışdığım kanallara da baxmalıyam ki, tələbələrimi görə bilim. Rusiya kanallarını sevirəm və izləyirəm. Son vaxtlar orda da professional verilişlər azlıq təşkil edir, amma bütün hallarda böyük məktəbdir.
-Dediniz, teleməkanda təqdim olunan verilişləri izləyirsiniz. Sizcə, daha çox maarifçilik, yoxsa əyləncə üstünlük təşkil edir?
-AzTV dövlətçiliyin keşiyində duran televiziyadır. Amma özəl kanallarda bir çox verilişlər maarifləndirici xarakter daşıyır, şou proqramlar da olmalıdır. Çünki o kanallar mütləq özlərini, işçilərini təmin etməkdən ötrü pul qazanmalıdırlar. Reklam verənlər kanalın reytinqli verilişlərinin sayına diqqət yetirir. Mən əyləncəli proqramlara da baxıram ki, münasibət bildirmək lazım gələndə bunu edə bilim.
Çünki artıq 50 ildir ki, televiziyadayam. Hər verilişin auditoriyası var və biz xalqımıza hörmətlə yanaşmalıyıq. Əgər kimsə daha çox əyləncəli proqramları sevirsə sevsin. İndi azadlıqdır, kim nəyə daha çox baxmaq istəyirsə baxsın.
-Tələbələriniz arasında xüsusən adını çəkmək istədiyiniz varmı?
-Müdrik bir söz var: müəllim tələbələri ilə öz içərisində qürrələnər.Gərək tələbə müəllimin adını çəksin. Bu televiziya məkanında işləyən cavan aparıcıların hər birində bir balaca zəhmətim olub. Fəxr etdiyim aparıcı Nərgiz Cəlilovadır.
Tələbələrimin hər uğuruna sevinirəm, səhv edəndə zəng edib əməlli-başlı danlayıram. Danlamasam inkişaf olmaz. Çünki efir insanda bir balaca özündən razılıq, müştəbehlik yaradır. Ona görə vaxtaşırı burunlarını ovmaq lazımdır ki, çərçivələrdən çıxmasınlar. Unutmalı deyillər ki, əsas xalq üçün işləyirlər.
Nərmin Muradova