Səməd Vurğun “Azərbaycan” şeirini yazanda artıq bir il idi ki, ondan bir yaş balaca olan həmkarı Almas İldırım sürgünlərə dözməyib Vətənindən didərgin düşmüşdü.
Səməd Vurğun bu möhtəşəm şeirini yazanda Azərbaycanda şairlər bir-birinin üzünə durur, qohumlar bir-birini satır, Hüseyn Cavid kimi nəhənglər çoluq-çocuq tərəfindən tənqid və təhqir olunurdu.
Səməd Vurğun bu şeiri yazmamışdan iki il öncə Mircəfər Bağırov hakimiyyətə gəlmişdi, keçmişi heç də işıqlı deyildi. ÇEKA zindanlarında 1918-də cümhuriyyət quran şəxslərə birbaşa işgəncə vermiş adam idi.
Səməd Vurğun bu şeiri yazmamışdan üç il öncə isə ömrünü türk dilinin, Azərbayan ədəbiyyatının formalaşmasına həsr edən Mirzə Cəlil susqunluğuna əbədi bir susqunluq da qataraq dünyanı tərk etmişdi.
Belə bir mühitdə bu şeiri ərsəyə gətirmək, bütün Azərbaycanda sevdirmək təkcə istedadın nəticəsi deyil, həm də şans işi idi.
Bu şeirin sonralar bir neçə dəfə dəyişikliyə məruz qalan sonuncu bəndini çıxmaqla, şeir bütün Azərbaycanı vəsf edir, hətta bəzi tədqiqatçılara görə, “Azərbaycan” sözünün iki dəfə təkrarlanması Güneyə də bir işarədir.
1935-ci ildə yazılan bu şeir SSRİ-nin süqutundan, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra da sevildi, oxunuldu.
Müstəqil Azərbaycanın ilk dərsliklərini hazırlayan hörmətli professorlarımızdan biri mənə demişdi ki, digər Sovet şairləri kimi S.Vurğunu da dərsliklərdən çıxarmaq istəsələr də, güclü təzyiqə məruz qalmışdılar.
Baxmayaraq ki, S.Vurğun Lenini, Stalini, hətta Voroşilovu mədh edən şeirlər yazmışdı, amma xalq daim o şeirləri sadəcə zamanın tələbi kimi dəyərləndirib üzərindən keçmişdi. Çünki ortada şairin təmiz Azərbaycan türkcəsində yazdığı sayısız şeirlər vardı.
Müstəqilliyin ilk dönəmlərindən S.Vurğun tənqid edilməyə başlandı. “Vaqif” poemasında Qacara, “26lar” da isə Rəsulzadəyə görə.
Yazmağa yeni başlayan gənclər Anarla yanaşı Səməd Vurğuna da dayanmadan daş atdılar.
Amma “Azərbaycan” şeiri yenə də sevildi.
Və bu şeirin yazılmasından 82 il sonra Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri fevralın 15-də parlamentin açıq iclasında həmin şeirdən bir bənd oxudu.
Üstəlik həmin bəndi gündəlik, rutin məsələlər müzakirə edilərkən deyil.
Millət vəkili çıxışında türklərin milli haqlarını tələb etdikdən sonra bu şeiri söylədi:
“Rzaxan və oğlu 57 il ərzində bu ölkənin tarixi, dini və etnik kimliyinin məhv edilməsi üçün əllərindən gələni etdilər. “Kəşf-i hicab”, tarixin saxtalaşdırılması, ana dildə təhsilin qadağan edilməsi və Azərbaycanda coğrafi adların dəyişdirilməsi Pəhləvi rejiminin əsas mədəni siyasətini təşkil edirdi. Biz Azərbaycan əhalisi kimlik və mədəniyyətimizi təhqir edənlərin ən sərt şəkildə cəzalandırılmasını istəyirik və bundan sonra qeyrətli Azərbaycan əhalisinin təhqir edilməsinə heç bir şəkildə icazə verməyəcəyik. Biz Konstitusiyanın (Anayasa) 15 və 19-cu maddələrinin icrası və türk dilinin tədris olunmasını tələb edir, ölkə prezidentindən hüquqlarımızın təmin edilməsini gözləyirik”.
Bu hadisə 82 il ömür sürən “Azərbaycan” şeirinin ömrünü bir 82 il daha uzatmış oldu.
Bu şeir Güney Azərbaycanda türk dilinin rəsmi status qazanılması tələbindən sonra səsləndi. Çünki bu şeir həm də Azərbaycan-Türk dilinin bir hadisəsi idi. Hətta tədqiqatçılar hesablayıb ki, şeirdə 200-dən çox söz işlənib və bu sözlərin təxminən 75%-i türk, 15%-i fars, 10%-i isə ərəb mənşəlidir.
Qəribədir S.Vurğun bu şeiri yazandan 2 il sonra artıq "Türk dili" ifadəsi onun ölkəsində yasaqlanmışdı. Bu gün isə onun şeiri Türk dilinin azadlığı üçün oxunulur.
S.Vurğun bu şeiri yazanda onun ölkəsi totalitar bir rejimdə əsir idi. Belə bir mühitdə o şeir ərsəyə gəlmişdi. Bu gün isə o şeir əsir olan Güney Azərbaycan üçün oxunulur.
Əgər İranda Türk dili rəsmi status qazanarsa, mütləq “Azərbaycan” şeirinin yazılı olduğu bir lövhəni Təbrizdə ucaltmaq lazım olacaq.
Dilqəm ƏHMƏD