20 Fevral 2017 14:48
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Düşüncələr ağuşunda itib getdiyindən dünya ilə əlaqəsinin kəsildiyini düşünürdü. Bəzən beyninin hər qırışını, bədənin hər əzasını, hər hüceyrəsini, canına dolanmış hər qan damarını ayrıca hiss edirdi. Düşüncələr dəryasında gah qızıl balıq olub suların dibindən səthinə kimi üzə-üzə gedir, gah da qolsuz-üzgəcsiz varlıq olaraq boğulur, suyla dolduqca dibə enir, enir, enirdi. Sonra suyun dərinliklərindən baş qaldırıb üzü yuxarı seyrinə davam edirdi. Cansız cəsədindəki açıq gözləri ilə göydəki ulduzları tək-tək sayırdı. Artıq o ulduzları ruhən kəşf etmiş olurdu. Son budur... Və əlbəttə, sonda gözlədiyi başlanğıc...

Sanki altına tikanlar düzülmüşdü, gah sağ, gah sol böyrü üstə çevrilir, əzablarına sarılaraq birdən ağzı aşağı, sarıldığı əzabların ağrısına dözə bilməyəndə tezcə yenidən kürəyi üstə, öz xəyal səmasına baxaraq gözlərini yummağa çalışırdı. Nə baş verdiyini anlamamışdı. Niyə yuxuda ağrı hiss edirdi? Yuxudaydımı? O, heç yatmamışdı axı. Ayıq idi. Hətta xəlvətə sinib bir siqaret də çəkmişdi.

Siqaretin tüstüsünə dözə bilmədiyini xatırlayırdı. Hər qüllabı sümürdükcə ciyərlərinə gedən dumanın ağzına sovrulub, nəfəs borusundan keçərək incə sinəsinə necə yayıldığını hiss edirdi. Tüstü burun boşluğuyla sanki geriyə yol axtarırdı. Tez-tez öskürək tuturdu, dik sinəsi əsirdi. Filmlərdə görmüşdü, təzə başlayan hər kəs belə əziyyətə qatlaşırdı.

Amma bu ona əzab vermirdi. Sadəcə əzablarını tərpədirdi. Hətta dumanın başına dolduğunu, ön beyin, ara beyin, orta beyin, beyincik və kötükdən ağacına kimi bütün beyninə yayılaraq hissə-hissə hər bir toxumaya təsir etdiyini hiss edirdi. Tüstü toxunduğu hər hissədə bədəninin əzalarını sanki dondururdu.

Barmaqları elə bil birdən tutuldu və hələ bitirmədiyi siqaret üzüklü barmağıyla üzüksüzün arasından sürüşüb düşdü. Ayağının qarşısında közərə-közərə işıldayan siqaret yan-yörəni yandırmağa başladı. Ayağını nə qədər geri çəkmək istəsə də bacarmadı. Ayaqları torpağa bitişən ağac kimi idi. Kələ-kötür, yöndəmsiz, hərəkətsiz. Bu vaxt siqaretin alovlandırdığı yerdə əvvəl kiçik, sonra böyüməyə başlayan bir quyu əmələ gəldi. Quyunun kənarları aşınaraq hər şeyi içinə doğru, özünə çəkirdi.

Budur, donmuş bədəniylə birdən dik ayaqüstə boşluğa - quyunun dibinə düşdü. Yer yarılıb arasına girmək bu olmalıdı. Uşaqlıqda daim yuxuda bundan qorxardı, amma heç vaxt özünü həmin quyunun dibidə görməzdi. Düşüncələrində “kaş görəydim” deyə bir arzu hiss etdi. Hazırlıqsız düşmüşdü bu dibə. Sonsuz qaranlığın içində idi. Amma nəfəs alırdı, bura havasız deyildi. Təkliyi arzulamışdı - bu da arzuladığı həmin təklik...

Amma qaranlıq onu qorxudurdu, heç özünü də düşünə bilmirdi. Bu qorxu onun heç vaxt qarşılaşmadığı hiss idi. Çox qəribə gəlirdi ona. Telefonu hanı bəs, həmişə üstündə gəzdirirdi axı. Amma əlləri də tərpənmirdi. Sanki əllərində bir ağırlıq vardı, ancaq heç başını da tərpədə bilmirdi. Tərpətsəydi də qaranlıqda heç nə görməyəcəkdi. Qaranlıq sonsuza qədər uzanırdı. Bir işartıya ehtiyac vardı!

Ən qara buludun arxasına çəkiləndə də dünyanı işıqlatmağa gücü çatan günəşin ən zəif şəfəqinə ehtiyac duyurdu.

Keçmişi xatırlamağa çalışdı, heç nə yadına düşmədi. Bu gününü yada salmaqçünsa gözlərini yumdu. Alınmadı. Hər şey qaranlığa qərq olmuşdu. Sevgisini düşündü, eşqini, nifrətini, həsrətini fikirləşdi. Silinmişdi. Bunu arzuladığını bilirdi. Hər şeyi unutmağı arzuladığını unutmamışdı. Kim olduğunu, haradan gəlib, hara getdiyini unutmağı isə arzulamamışdı. İndi insan olduğunu belə xatırlamırdı. Daha əzab da çəkmirdi. Ağrısı yox olmuşdu. Xoşbəxtlik yəqin bu idi. Ya da bu, ölümdü.... Hər şeyin sonu.

Düşdüyü bu halın adı nəydi? Bircə cavab vardı beynində: Ümidsizlik. Həyatından xatırladığı tək şey ümidsizlik idi. Hər yerdə itirdiyi təkcə ümid xatirələrinə ilişib qalmışdı. Ümidsiz ölmüşdü, ümidsiz bitmişdi. Qaranlıqlarda yox olmuşdu. Elə bil Yusif kimi quyu dibinə düşmüşdü. Yalnız bir qığılcım, müdhiş şimşəyin, ildırımın uzaq göydə çaldığı parlaq qığılcım təsəlli olardı ona.

Qəfil bir anlıq düşünə bildi. Beyninə saplanan tək ümidsizlik deyildi, həm də ümidsizliyi yaradan ümid vardı...

Elə bu an bir işıldaböcək zəif işığı ilə gəlib düz burnuna qondu. Gözlərini qoşalayıb işığa baxdı. Bəlkə özünün bu görkəmini kənardan görsəydi, gülərdi. Amma son zamanlar gülməyi də unutmuşdu.

İşığa baxdıqca gözlərində bir işartı yaranırdı. Sönmüş bir ocağın kömüründə qırmızıya çalan işartı. Gözlərinin işığıyla düz qarşıya baxdı. Ayağının altındakı torpaq elə bil qabarmağa başlayırdı. Sanki 100 mərtəbəli binanın sürətli lifti ilə torpağın nüvəsindən səthinə qalxırdı. Yavaş-yavaş başını hərəkət etdirməyə cürəti çatdı. Alınırdı. Başını yuxarı qaldırdı. Günəşin bulud arasından süzülən zolağı düz üstünə düşürdü. Sanki böyük bir səhnədə projektor işığının altında idi. Amma bu, hələ məşq idi. Böyük tamaşa başlamamışdı.

Getdikcə ətrafı işığa bürünürdü. Soyuq idi, üşüdüyünü hiss elədi. Əllərini hərəkətə gətirdi. İsinmək üçün qollarını sinəsində çarpazladı. Dünyanı sonsuzacan qar basmışdı. Göz qamaşdıran, ağappaq gözəllik idi. Amma gözəlliklə də üşüyürdü... Yeriməyə başladı. Ayaqlarının əvvəlki kimi gözəl insan ayağı olduğuna sevindi. İnsan olduğunu xatırlayırdı artıq. Kim olduğunu, hardan gəlib-hara getdiyini bilirdi. Sevgisini, sevgilisini canladıra bilirdi gözü önündə. Özünü də xəyal elədi. Keçmişini xatırladı, bu günü də yadında idi. Amma hələ də tir-tir əsirdi soyuqdan. Sanki ruhu qarda donmuşdu, baharda təzə tumurcuqlayan budaqları şaxta vurduğu kimi, ümidlərini də şaxta kəsmişdi. Düşüncələrini qırov tutmuşdu. Duyğularını isə sırsıra məhv eləmişdi.

Amma daha qaranlıq deyildi. Hər əzası hərəkət edirdi. Düşüncələri aydındı. Sonsuzluq olsa da, soyuq olsa da yeriyəcəkdi. Gedəcəkdi yolu axıracan. Bəlkə ayağı daşa dəyib üzü üstə yıxacaqdı onu, amma daşdan tutub qalxacaqdı. Ayağının ilişdiyi daşı əlinə alıb qarşısına atacaqdı və hər addımına baxacaqdı.

Sonsuz səmadan günəş işıq saçacaqdı. Əridəcəkdi büsbütün hər yanı tutmuş qarı. İsinməyə başlayacaqdı – həm cismən, həm ruhən. Bəlkə sevəcəkdi, bəlkə daha heç vaxt sevməyəcəkdi xatirələrində gizlənən kişidən başqa kimsəni. Həsrətinə qapılacaqdı. Amma mütləq sevəcəkdi. Həyatı sevəcəkdi. Ümidi sevəcəkdi. Bir də qaranı yalnız gözlərinin rəngi kimi xatırlayacaqdı.

Düşüncələrin ağuşunda gülümsəyə-gülümsəyə gözlərini yumdu. Övladının “ana” səsinə ayıldı. Başının üstündə bir cüt göz mələk kimi baxırdı. Körpə boynuna sarılaraq öpüşlərə qərq etdi anasını. Daha ağrımadı, quş kimi yüngül oldu.

Tez yerindən qalxıb, möhkəmcə qucaqlayıb sinəsinə sıxdı sevgilisini, bütün anaların hissi eynidir düşüncəsiylə.

Nübar Lətifli


Müəllif:

Oxşar xəbərlər